Parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Oktyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərtac xəbər verir ki, Oqtay Əsədov Latviya nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini söyləyib. Sədr parlamentlərarası münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Latviya prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. İndiyədək ölkələrimiz arasında 34 sənəd imzalanıb, 8 sənəd isə imzalanma ərəfəsindədir. Milli Məclisin sədri mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb. İqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu deyən sədr TAP, TANAP layihələri haqqında məlumat verib. O, iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, eyni zamanda, turizm üzrə əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu vurğulayıb. Oqtay Əsədov qonaqları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə də məlumatlandırıb. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı bu soyqırımını tanımaqla bağlı sənədlər qəbul ediblər. Latviya Respublikası Seyminin sədri İnara Murnietse ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin inkişafından danışaraq Latviya qanunverici orqanında Azərbaycanla dostluq qrupunun 28 üzvünün olduğunu diqqətə çatdırıb. Latviya Seyminin sədri dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.xeber100.com

Oktyabr 3, 2016 2:20

Referendumun nəticələri açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 27-də referendumun nəticələri ilə bağlı Seçkilər İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Azərtac xəbər verir ki, M.Pənahov Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər olunması ilə bağlı ümumxalq səsverməsində seçicilərin fəal iştirak etdiklərini bildirib. MSK sədri diqqətə çatdırıb ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib. M.Pənahov Referendum Aktı layihəsinin əsasında hazırlanmış bülletendəki 29 hissənin hər biri üzrə seçicilərin münasibətini diqqətə çatdırıb. Qeyd edilib ki, səsvermə çox yüksək səviyyədə keçirilib. İndiyədək MSK-ya hər hansı bir şikayət daxil olmayıb. Məzahir Pənahov deyib ki, referendum günü səsvermənin gedişini Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi izləyib. Bunlar 33 ölkənin vətəndaşlarıdır. Yerli müşahidəçilərin sayı isə 53 min 531 olub. Ümumxalq səsverməsinin gedişini çoxlu sayda həm yerli, həm də xarici KİV nümayəndələri ətraflı işıqlandırıblar.xeber100.com

Sentyabr 27, 2016 1:46

“Exit-poll”un ilkin nəticələri açıqlanıb

Ümumxalq səsverməsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələri açıqlanıb. Azərtac xəbər verir ki, mərkəzin rəhbəri Rafiq İsmayılov mətbuat konfransında “exit-poll”un 118 seçki dairəsində aparıldığını deyib. O bildirib ki, sorğu 152 seçki məntəqəsini əhatə edib. Müəyyən olunmuş metodologiyaya əsasən, Konstitusiyaya təklif edilən 29 əlavə və dəyişikliklər dörd bölmədə qruplaşdırılıb. Sorğuda 12 mindən çox səs verən şəxs iştirak edib. “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutunun direktoru Bruno Jabart bildirib ki, təhlükəsizlik və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3 faiz seçici “hə” cavabı verib. İcra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə isə 88,9 faiz seçici müsbət cavab verib. İnsan hüquqları və azadlıqlarının konstitusion təminatları ilə bağlı təkliflərə 90,1 faiz seçici müsbət rəy bildirib. Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı bölməyə respondentlərin 88,8 faizi “hə” deyib. Qeyd edilib ki, tədqiqat nəticəsində toplanmış məlumatların təhlilinə əsasən ümumxalq səsverməsində ümumi seçici fəallığı 66,8 faiz təşkil edib.xeber100.com

Sentyabr 26, 2016 9:34

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı…

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) yerli vaxtla saat 19-da başa çatıb. Azərtac xəbər verir ki, referendum 125 seçki dairəsi, 5627 seçki məntəqəsi üzrə keçirilib. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Seçki dairələri dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib. Gün ərzində beş dəfə - saat 10-da, 12-də, 15-də, 17-də və 19-da səsvermədə fəallıqla bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub. Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb. Referendumu izləmək üçün Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyib ki, bunlar da 33 ölkənin vətəndaşlarıdır. Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb. Səsvermə saat 19-da başa çatıb.xeber100.com

Sentyabr 26, 2016 9:26