“İnkişaf naminə sülh, suverenlik və həmrəylik”…

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş 17-ci Sammitinin yekun sənədi qəbul olunub. Yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının bu il aprelin 26-27-də Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a daxil olan məlumatda Qoşulmama Hərəkatının Marqarita Yekun Sənədinin layihəsindən çıxarışlar qeyd edilib: -Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar; Dövlət və hökumət başçıları Azərbaycan Respublikasının 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının 18-ci Sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışladılar. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olundu və təsbit üçün sentyabrın 17-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilən 17-ci Qoşulmama Hərəkatı Sammitinə təqdim edildi; Dövlət və hökumət başçıları BMT Sivilizasiyalar Alyansının aprelin 26-27-də Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu və bu Qlobal Forumda BMT-nin üzv dövlətlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını alqışladılar.xeber100.com

Sentyabr 19, 2016 12:01

Mərkəzi Seçki Komissiyası seminarlara başlayıb

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar irimiqyaslı layihələr davam etdirilir. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarlara başlayıb. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, layihənin həyata keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompyuter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, onlara əyani şəkildə istifadə imkanı yaratmaq, o cümlədən mütəxəssisləri maraqlandıran məsələlərə yerindəcə aydınlıq gətirməkdir. Seminarlar çərçivəsində səsvermə günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompyuter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıracaq və səsvermə günü sözügedən sistemdən peşəkarcasına istifadəni təmin edəcək. Ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyasının son maarifləndirmə layihələrindən olan dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və sentyabrın 17-də başa çatması nəzərdə tutulur.xeber100.com

Sentyabr 15, 2016 3:28