Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib

Dekabrın 18-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib.Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Azərtac-a verilən məlumata görə, iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti, Aİ isə xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Aİ nümayəndə heyətinin tərkibində, həmçinin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi də iştirak edib.İclasda tərəflər Əməkdaşlıq Şurasının son iclasından etibarən Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparıblar.Cari ildə pandemiyaya rəğmən ticarət əlaqələrinin inkişaf etdiyi və Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub. Tərəflərin enerji sahəsində strateji tərəfdaşlığı, Cənubi Qaz Dəhlizinin fəaliyyətə başlaması, eləcə də nəqliyyat və bağlılıq layihələri, Azərbaycanın bu xüsusda böyük potensialı, sərmayə yatırımı və digər mövzular üzrə müzakirələr aparılıb.Azərbaycan və Aİ münasibətlərinin hüquqi əsasını təşkil edəcək, qarşılıqlı hörmət və bərabər tərəfdaşlığa əsaslanacaq yeni Sazişin yekunlaşdırılmasının əhəmiyyəti qeyd olunub.Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verib. Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan növbəti təxribat və ona cavab olaraq Azərbaycanın əks-hücum əməliyyatları, 44 gün davam edən Vətən müharibəsi, eləcə də bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc azərbaycanlı əhalinin məqsədli hədəfə alınması, Ermənistan tərəfindən xarici ölkələrdən muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması ilə bağlı məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb. 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat, bu razılaşmadan irəli gələn məsələlərin icrası, razılaşmanın bölgədə yaratdığı yeni təhlükəsizlik formatı və əməkdaşlıq çərçivəsi ilə bağlı məsələlər Aİ nümayəndə heyətinin diqqətinə çatdırılıb.Ali nümayəndə Cozef Borel hazırda bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığını qeyd edib. Münaqişə sonrası bərpa və yenidənqurma mərhələsində aidiyyəti üzrə Aİ-nin də iştirakı mümkünlüyü vurğulanıb.İclas zamanı tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.xeber100.com

Dekabr 19, 2020 7:34

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.Azərtac xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib.İclasda Mülki Məcəllədə (üçüncü oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda (üçüncü oxunuş), “Əmanətlərin sığortalanması haqqında” Qanunda (üçüncü oxunuş), Əmək Məcəlləsində (üçüncü oxunuş), “Təhsil haqqında” Qanunda (üçüncü oxunuş), “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda (üçüncü oxunuş), Gömrük Məcəlləsində (üçüncü oxunuş) və Vergi Məcəlləsində (üçüncü oxunuş) dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunacaq.Həmçinin Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə (üçüncü oxunuş), “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda (üçüncü oxunuş) dəyişikliklər edilməsi, İnzibati Xətalar Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında”, “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.Deputatlar həm də “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) və “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini nəzərdən keçirəcəklər.xeber100.com

Dekabr 18, 2020 2:05

Rusiya Prezidenti Vladimir Putin: Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.Azərtac xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikri Moskvada bu gün keçirilən mətbuat konfransında söyləyib.V.Putin Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının başlanmasının səbəbləri barədə sualın cavabında deyib: “Bu, nə üçün oldu? Vəziyyət nəzarətdən çıxmışdı, gərginlik illər boyu davam edirdi. Bunun kənardan hansısa müdaxilə ilə bağlı olduğunu düşünmürəm. Dəfələrlə gərginlik yaranır, atışmalar, xırda toqquşmalar olurdu. Nəticədə bütün bunlar münaqişə səviyyəsinə çatdı”.RF Prezidenti vurğulayıb ki, Qarabağ məsələsində Türkiyənin mövqeyi bu ölkənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır. V.Putin deyib: “1990-cı illərdə hərbi toqquşmaların gedişində işğal edilmiş ərazilərin qaytarılmasından söhbət gedirdi. Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağın müstəqilliyini Ermənistan özü də tanımayıb və bu mənada Dağlıq Qarabağ özü də beynəlxalq hüquq baxımından Azərbaycandır. Üçtərəfli bəyanat çərçivəsində döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edilib və tərəflər üçtərəfli bəyanatın imzalandığı anda olduqları mövqelərdə dayanmalıdırlar. Bununla əlaqədar infrastrukturla bağlı texniki məsələlər yaranır. Bu məsələləri sakit şəraitdə, danışıqlar prosesinin gedişində aydınlaşdırmaq lazımdır. Ona görə ki, üçtərəfli bəyanat buna əsas verir. Növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bu, avtomobil yollarına və dəmir yollarına, Naxçıvana yola da aiddir. Atəşkəs rejiminin pozulması məsələsinə gəldikdə, belə hadisə bir dəfə olub və ümidvaram ki, bu, yeganə hal kimi qalacaq. Rusiyalı sülhməramlılar kontingentinin sayının artırılması yalnız bütün tərəflər arasında razılaşma əsasında mümkündür".xeber100.com

Dekabr 18, 2020 1:56

“RSI” teleradiosunda “Dağlıq Qarabağa qayıdış” adlı reportaj yayımlanıb

İsveçrənin italyandilli “RSI” teleradiosunda “Dağlıq Qarabağa qayıdış” adlı reportaj yayımlanıb.Azərtac xəbər verir ki, Azərbaycanın işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına səfər edən telekanalın əməkdaşı Filippo Çiçu tərəfindən hazırlanmış reportajda dağıdılmış yaşayış məntəqələri nümayiş olunur. Jurnalist Ağdam və Füzuli şəhərlərinin “ruhlar məkanı”na çevrildiyini diqqətə çatdırır.Reportajda 30 il bundan əvvəl bu ərazilərdən didərgin salınmış azərbaycanlıların tədricən öz torpaqlarına qayıdışından bəhs olunur. Həmçinin sentyabr ayından noyabr ayınadək davam edən 44 günlük müharibədən söhbət açılır.Reportajda ötən əsrin 90-cı illərində Ermənistanın Qarabağa nəzarəti ələ keçirərək, əhalisi azərbaycanlılardan ibarət olan şəhər və kəndlərin sakinlərini qovduğu və həmin ərazilərdə hərbi postlar qurduğu bildirilir. Qeyd edilir ki, 30 illik işğal zamanı “ruhlar məkanı”na çevrilmiş bu ərazilərdə tərk edilmiş və dağıdılmış evlərin arasında özünə mövqe seçən erməni hərbçiləri burada müdafiə istehkamları qurublar. 1990-cı illərdən bəri heç də sakitləşməyən münaqişə bu ilin sentyabr ayında yenidən alovlanıb və Azərbaycan işğal altındakı ərazilərini azad edib.Diqqətə çatdırılır ki, ötən əsrin 90-cı illərində qovulmuş azərbaycanlı köçkünlər təxminən 30 ildən sonra öz torpaqlarına geri qayıda bilərlər. Lakin burada onları dağıntılar və minalanmış ərazilər gözləyir. Həmin minalanmış ərazilər isə hazırda Azərbaycan əsgərləri tərəfindən təmizlənir.xeber100.com

Dekabr 17, 2020 2:24

Türkiyənin “Haber Global” telekanalı Kəlbəcərdən xüsusi reportaj yayımlayıb

Türkiyənin “Haber Global” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonundan xüsusi reportaj yayımlayıb.Azərtac xəbər verir ki, kanalın Kəlbəcərə ezam olunmuş müxbiri Osman Girgin reportajın əvvəlində xatırladıb ki, Ermənistanın hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərin sakinləri olan azərbaycanlılar şaxtalı havada bu bölgənin cığırları ilə üç gün ərzində ayaqyalın yol gedib, öz torpaqlarında köçkün olublar. Reportajda həmin dəhşətli anları əks etdirən kadrlar da nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin 27 il işğal altında saxladığı bu bölgədə törədilən dağıntıların, yanğınların izləri hər yerdə var.Kadrlardan aydın görünür ki, qəsbkar ermənilər bölgəni tərk etmək məcburiyyətində qalanda belə yenidən vandalizm aktları törədərək evləri yandırıb, meşələrə, ağaclara qarşı əsl soyqırımı həyata keçiriblər. Hər şey dağıdılıb, məhv edilib. İşğalçılardan sonra burada, sadəcə, divarlar qalıb.Azərbaycan Ordusunun əsgərlərinin işğaldan azad olunmuş torpaqlarda bir nişanə qoymaq üçün divarlara yazdıqları yazılar da tamaşaçıların diqqətinə çatdırılıb.Reportajda vurğulanır ki, artıq Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bölgənin təhlükəsizliyi və bu yerlərdə həyatın qurulması üçün əsaslı işlər görülür.xeber100.com

Dekabr 17, 2020 2:18

Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb

Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işlərinə başlanılıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, “Azərsu” ASC-nin, Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, “Azərenerji” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də daxil olmaqla ilkin olaraq 60 nəfərə qədər heyətdən ibarət və 6 əsas istiqamət üzrə fəaliyyət göstərəcək işçi qrupuna müxtəlif sahələri təmsil edən qurumların mütəxəssisləri cəlb edilərək müvafiq tapşırıqlar verilib.Bu məqsədlə Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bildirmişdi ki, Şuşa Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidə, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, elminin böyük bir hissəsini əks etdirən vahid muzeydir.İşçi qrupunun qarşısında duran əhəmiyyətli vəzifələrdən biri də Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır.Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaqdır.xeber100.com

Dekabr 16, 2020 1:13

Milli Məclisin növbəti plenar iclası dekabrın 18-də keçiriləcək

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 18-də keçiriləcək.Azərtac xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). 2. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 3. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). 5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 6. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 7. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). 8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). 9. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 10. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş). 11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 12. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. 13. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 aprel tarixli 1559-VQD nömrəli və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 9 aprel tarixli 1560-VQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə. 14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. 15. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş). 16. “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).xeber100.com

Dekabr 16, 2020 1:09