Xarici İşlər Nazirliyinin məlumatına əsasən…

Ermənistanın təxribatçı məqsədlərlə siyasi və xarici siyasət məsələləri üzrə mərkəzlə birlikdə sentyabrın 2-3-də Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə təşkil etməyə çalışdığı tədbir ləğv edilib. Azərtac xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai xadimlərin dəvət edildiyi bu tədbir iştirakçılarının Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri nəzərdə tutulurdu. Siyasi və xarici siyasət məsələləri üzrə mərkəzin sədri Fabien Baussart bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib. H.Hacıyev vurğulayıb ki, Ermənistanın qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizli şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyi avqustun 25-30-da bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina edib. Rəsmi Yerevanın bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atması regionda davamlı sülhün təmin edilməsinə xidmət edərdi. Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcək.xeber100.com

Avqust 31, 2016 11:35

Seçki Komissiyasının növbəti iclası…

Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, əvvəlcə Komissiyanın 20 avqust 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub. Sonra sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, eləcə də həmin təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması məsələlərinə baxılıb. Komissiya sözügedən təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təsdiq edilməsi, həmçinin səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydə alınması barədə qərar qəbul edib. Mərkəzi Seçki Komissiyasının iclasında 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Respublika” referendum üzrə təşviqat qrupunun qeydə alınması məsələsinə də baxılıb və maraqlı tərəflərin iştirakı ilə Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul olunub. İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.xeber100.com

Avqust 27, 2016 9:12