“Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”…

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və çoxmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilib, 49 min ailə - 243 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Lakin buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var və Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olan vətəndaşların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görülür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2016-cı il 20 iyul tarixli Sərəncamına əsasən Bakı şəhəri ərazisində qəzalı vəziyyətdə olan binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrini hazır mənzil alınması yolu ilə yeni mənzillərlə təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 2,5 milyon manat ayrılması nəzərdə tutulub. Son vaxtlar məcburi köçkün ailələrinin köçürülmələri ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildiririk ki, həmin Sərəncamın icrası ilə əlaqədar olaraq yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkanda yerləşən əlillərin müalicə pansionatında məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulur. Digər məskunlaşma obyektlərində yaşayan məcburi köçkün ailələrinin də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə baxılacaq.xeber100.com

Avqust 17, 2016 2:16

“Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi”…

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının “Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi” mövzusunda keçirilən 3-cü konqresində iştirak etmək üçün avqustun 8-dən 11-dək İndoneziyanın Nusa-Dua şəhərində rəsmi səfərdə olub. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, konqresin açılışında İndoneziya Prezidenti Coko Vidodo çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Asiya ölkələrinin Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. Sonra İndoneziya Konstitusiya Məhkəməsi sədrinin, parlamentin və digər ali dövlət orqanları rəhbərlərinin məruzələri dinlənilib. Konqresdə Asiya ölkələrinin Konstitusiya məhkəmələri sədrlərinin, hakimlərinin və aparat rəhbərlərinin çıxışlarında məhkəmələrin qəbul etdikləri qərarlarda yeni hüquqi mövqelər, tətbiq edilən konstitusiya prinsipləri, konstitusiya islahatları və digər hüquqi məsələlərə toxunulub. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev nitqində konstitusiya hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Konqresdə, həmçinin Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının Seul və Cakarta şəhərlərində təsis olunması barədə qərar qəbul edilib. Səfər çərçivəsində Fərhad Abdullayev İndoneziya Konstitusiya Məhkəməsinin sədri Arif Hidayət ilə görüşüb. Söhbət zamanı iki ölkənin Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə olunub. Tədbirlərdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.xeber100.com

Avqust 11, 2016 4:15

Üçtərəfli əməkdaşlıq mexanizmi…

"Prezident Vladimir Putin ilə görüşümdə müzakirə edilən məsələlərdən biri də Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli əməkdaşlıq mexanizminin qurulması idi. Bu məsələyə Azərbaycan kimi, Rusiya tərəfi də müsbət yanaşdığını bildirdi. Belə bir mexanizm Azərbaycan, İran və Rusiya arasında artıq yaradılıb və Bakıda üçtərəfli Zirvə görüşü keçirilib. İndi biz istəyirik ki, Türkiyə, Rusiya və Azərbaycan arasında da belə bir mexanizm yaradaq". Türkiyənin “Habertürk” kanalının verdiyi məlumata görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüşündə müzakirə olunan məsələləri şərh edərkən deyib. Bu məsələ ilə əlaqədar Türkiyənin və Azərbaycanın xarici işlər nazirlərinin müzakirələr apardığını vurğulayan Ərdoğan Rusiyanın dövlət başçısı  ilə bu barədə razılığa gəldiklərini qeyd edib: “Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bölgədə Dağlıq Qarabağ problemi var. Bu münaqişənin həllində Türkiyənin da daxil olduğu Minsk qrupu daha səmərəli fəaliyyət göstərə bilərdi. Ancaq Azərbaycandan başqa yalnız üç ölkə Rusiya, Fransa və ABŞ bu prosesdə iştirak edir. Artıq 23-24 il keçib və bu məsələ hələ də həll edilməyib. Təbii, ortada işğal faktı var və bunu hamı qəbul edir. Bir halda ki işğal faktı var, onda niyə məsələnin həlli uzadılır? Ancaq artıq bəzi irəliləyişlər var. Cənab Putin bu məsələdə fəallıq göstərir. Cənab Əliyev də bu barədə mənə məlumat verdi. Hesab edirəm ki, əvvəlcə beş rayon qaytarılsa, münaqişənin həllində xeyli irəliləyiş olar”.xeber100.com

Avqust 11, 2016 3:04