“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb

İyulun 25-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Azərtac xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün iyulun 18-də təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxılıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq işə baxan Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib. Sonra F.Abdullayev məruzəçi hakimlərə söz verib. Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Konstitusiyaya təklif etdiyi dəyişikliklər barədə ətraflı məlumat verib. Digər məruzəçi - Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze isə çıxışında Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi qaydaları haqqında məlumat verib. Qeyd edilib ki, Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Ali Qanununa dəyişiklik yalnız referendum yolu ilə edilə bilər. Konstitusiyanın 153-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti təklif verdikdə Konstitusiya Məhkəməsinin rəyi alınır. Azərbaycan Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev geniş çıxış edərək Konstitusiyaya sonuncu dəyişiklikdən ötən yeddi il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində əldə edilmiş nailiyyətlərin Konstitusiyanı təkmilləşdirmək zərurətini yenidən meydana gətirdiyini vurğulayıb. Ş.Əliyev bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin hüquqi əsaslarından danışıb. Bildirib ki, bu dəyişikliklər dünya təcrübəsində də əksini tapıb. Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər. Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını oxuyub. Qərara əsasən, Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib. Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.xeber100.com

İyul 25, 2016 11:41

Ölkə başçısı “Kənd təsərrüfatı kooperasiyası haqqında” fərman imzalayıb

Ölkə başçısı İlham Əliyev 18 iyul 2016-cı il tarixində "Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanununun tətbiqi barədə" Fərman imzalayıb. Kənd təsərrüfatının inkişafında xüsusi rol oynayacaq bu qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaqdır. Yeni qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan verməklə yanaşı, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarının qorunmasında mühüm rol oynayacaq. Yeni qanunu Azərtac-a şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti, iqtisad üzrə fəlsəfə doktoru Ramil Hüseyn bildirib ki, kənd təsərrüfatı sahəsində kooperativlərin yaradılması zamanın tələbidir və belə bir qanunun qəbulu aqrar sahənin inkişafına müsbət təsir göstərəcək. “Məlumat üçün qeyd edim ki, ölkədə kənd təsərrüfatı sahəsinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlər sırasında kiçik torpaq sahibliyi və kiçik ailə-kəndli təsərrüfatları məsələsi xüsusi təsirə malikdir. Kənd Təsərrüfatı Nazirliyinin 2015-ci il üzrə subsidiya alan təsərrüfatlarla bağlı məlumatını təhlil edəndə aydın olur ki, respublika üzrə təsərrüfatların 50,08 faizinin əkin yeri 2 hektardan aşağıdır. Respublika üzrə əkin yeri 5 hektardan az olan təsərrüfatlar isə bütün təsərrüfatların 88,09 faizini təşkil edir. Bu kiçik təsərrüfatlar respublika üzrə əkin yerinin 49,5 faizinə sahibdirlər. Respublika üzrə 50 hektardan çox torpaq sahəsi olan təsərrüfatlar cəmi təsərrüfatların 0,4 faizini təşkil edir və əkin yerlərinin isə 17,6 faizi iri təsərrüfatların payına düşür. Hazırda kiçik təsərrüfatların təşkilatlanma səviyyələrinin çox aşağı olması onların istər resurslara olan tələbatlarının ödənilməsində, istərsə də bazara çıxış məsələsində də ciddi çətinliklər yaradır. Məhz "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun da, onların könüllü sürətdə birləşməsinə xidmət etməklə yanaşı bazara çıxış imkanlarını da gücləndirəcək”, - deyə R.Hüseyn əlavə edib.    

İyul 20, 2016 12:09