“Hasarlanmış, zəbt olunmuş torpaq sahələrinin məmurlara məxsus olması yolverilməzdir”…

“Torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir”. Apa-nın məlumatına görə, bunu iyulun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı bildirib ki, bəzi hallarda torpaqlar zəbt edilib: “Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”. Dövlət başçısı qeyd edib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir: “Mən bir rəqəmi də ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, yoxlamalarla bağlı mənim çox ciddi tapşırıqlarım olmuşdu. Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilmişdir. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilmişdir. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdir. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Bax, belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq. Ona görə, hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik - bu, norma olmalıdır”.xeber100.com

İyul 12, 2016 11:01

Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi…

Azərbaycan Kamerun ilə bütün istiqamətlərdə və sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Azərtaac xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva Kamerun Parlamentinin (Milli Assambleyasının) vitse-spikeri Emilia Monyava Zifaka və millət vəkilləri ilə keçirdiyi görüşdə deyib. Azərbaycanın Kamerun ilə bütün sahələrdə, həmçinin də parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirən Milli Məclisin deputatı iki ölkə arasında əlaqələrin getdikcə artmasını sevindirici hadisə kimi qiymətləndirib. Azərbaycan parlamentinin Kamerunla əlaqələrin və dostluğun inkişafına verdiyi önəmdən danışan Q.Paşayeva bu istiqamətdə artan münasibətlərin vacibliyini qeyd edib. Görüş zamanı Milli Məclisin deputatı Q.Paşayeva Azərbaycan həqiqətləri, bir milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə qayıtması üçün səylərini artırmalıdırlar. Q.Paşayeva Kamerun parlamentinin vitse-spikeri E.Monyavaya və parlament üzvlərinə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmləri kataloqu və materialları təqdim edib. O, nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar və sənədli filmlər də verib. Milli Məclisin deputatı Kamerun parlamentinin vitse-spikeri E.Monyava Zifakanı hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyib və onları Azərbaycana dəvət edib. Kamerun parlamentinin vitse-spikeri Azərbaycana səfər etməkdən məmnun olacağını bildirib və ölkəsinin Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafına böyük önəm verdiyini qeyd edib. İki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən vitse-spiker beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini də vurğulayıb.xeber100.com

İyul 10, 2016 1:34