ATƏT PA-nın 25-ci sessiyası öz işini davam etdirib

İyulun 3- də ATƏT PA-nın 25-ci sessiyası öz işini davam etdirib. Qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputat Tahir Mirkişili layihənin 4-cü maddəsinə yeni əlavənin olunmasını təklif ediblər. Dəyişiklikdə deyilir ki, ATƏT-ə üzv ölkələrin bəzilərinin ərazilərində həll olunmamış münaqişələr həmin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə, eləcə də təhlükəsizliyə ciddi təhdiddir. Eyni zamanda, bu münaqişələr həmin dövlətlərin demokratik inkişafına və regional əməkdaşlığa ciddi maneədir. Azərbaycanlı deputatların təklifi layihənin müəllifi isveçli deputat Marqaret Sederfelt tərəfindən də yüksək dəyərləndirilib. Təklif səsə qoyulub və qəbul edilib. Ermənistandan olan deputat isə layihənin 5-ci maddəsinə “xalqların öz müqəddəratını təyin etmə prinsipi”nin əlavə olunmasını təklif edib. Azərbaycan tərəfi bu bəndin ATƏT-ə üzv ölkələrin beynəlxalq hüquqla tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulmasına səbəb olduğunu bildirərək təklifə etiraz edib. Qeyd olunub ki, bu təklif BMT-nin və Helsinki Yekun Aktının prinsiplərinə də ziddir. Ukrayna tərəfi Azərbaycanın mövqeyini dəstəkləyib. İsveçdən olan məruzəçi və layihənin müəllifi Marqaret Sederfelt də Ermənistan tərəfinin təklifi əsassız sayıb. Deputatların böyük əksəriyyəti ermənilərin təklifinin əleyhinə səs veriblər. Beləliklə, təklif qəbul olunmayıb və rədd edilib. Erməni deputatların layihənin 12-ci bəndinə təklif etdikləri 20-ci əlavə də qəbul olunmayıb. Erməni deputatın Azərbaycan Ordusunun tərkibində İŞİD və “ən-Nusra” cəbhəsinin üzvlərinin döyüşçülərinin olduğunu iddia edib. Ermənilərin bu təklifi də etirazla qarşılanıb və qəbul olunmayıb. Azərbaycan nümayəndə heyətinin üzvləri erməni tərəfinin bu cür məsuliyyətsiz çıxışlarını danışıqlar prosesinə maneə kimi qiymətləndiriblər.xeber100.com

İyul 3, 2016 12:40

Qaçqın və məcburi köçkünlərin problemləri müzakirə edilib

ATƏT Parlament Assambleyasının 25-ci sessiyası çərçivəsində iyulun 2-də təşkilatın demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib. İclasda Serbiyadan olan məruzəçi Qordan Komiç çıxış edərək ATƏT regionunda insan hüquqlarının vəziyyəti, miqrasiya problemlərindən danışıb. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova məruzə ətrafında müzakirələrdə çıxış edərək Ermənistandan qovulmuş, torpaqlarımızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların problemləri barədə ətraflı məlumat verib. O, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri diqqətə çatdırıb. Bildirib ki, ATƏT və digər beynəlxalq təşkilatlar da miqrantların, qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli ilə məşğul olur. Amma təəssüf ki, bu problemlərin həlli ilə bağlı təşkilatların operativ iş mexanizmi yoxdur. Nümayəndə heyətimizin üzvü Kamran Nəbizadə çıxışında deyib ki, bu gün Azərbaycan hökuməti təkbaşına bir milyondan çox qaçqın və məcburi köçkünün problemini həll edir. Avropada, Türkiyədə minlərlə miqrant var. Bu problemlərin həlli üçün vahid mərkəz yaradılmalıdır. Mərkəz həmin problemləri doğuran səbəbləri öyrənməli və həlli yollarını tapmalıdır. Deputat Azərbaycanda multikulturalizm və dini dözümlülüklə bağlı keçirilən tədbirlərdən də bəhs edib. O, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu il Bakıda dinlərarası beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. O, ATƏT PA-nın üzvlərini bu tədbirdə fəal iştiraka dəvət edib.xeber100.com

İyul 2, 2016 2:30

“Qafqaz regionunda geosiyasi dəyişikliklər” mövzusunda konfrans işə başlayıb

İyunun 28-də Tbilisidə “Qafqaz regionunda geosiyasi dəyişikliklər” mövzusunda konfrans işə başlayıb. ABŞ-ın Karnegi Fondunun Gürcüstan hökuməti ilə birgə təşkil etdiyi tədbirin məqsədi Cənubi Qafqazdakı geosiyasi vəziyyəti müzakirə etmək və qiymətləndirməkdir. İki gün davam edəcək tədbirdə aparıcı beynəlxalq qurumların nümayəndələrinin Cənubi Qafqaz ölkələrindəki vəziyyətə dair məruzələri dinləniləcək. Karnegi Fondunun direktoru Eugene Rumer çıxışında regionda həyata keçirilən irimiqyaslı layihələrə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətinə toxunub. O deyib: “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin möhkəm siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi bu gün Qafqazın inkişafında xüsusi rol oynayır. Məhz Heydər Əliyev kimi bir siyasi xadimin gərgin əməyinin nəticəsidir ki, Cənubi Qafqaz dünyaya inteqrasiya edir”. E.Rumer regionda həyata keçirilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi–Qars dəmir yolu layihələrinin də əhəmiyyətini qeyd edib. Konfransda regiondakı münaqişələrə də toxunulub. Qeyd olunub ki, Gürcüstanın və Azərbaycanın ərazilərinin işğal olunması bu regionun inkişafına ciddi maneə törədir. İşğal altında olan ərazilər azad edilməli, münaqişələr ədalətli həllini tapmalıdır. Məhz bundan sonra regionun tam inkişafından və dünyaya inteqrasiyasından danışmaq mümkündür. Tədbirdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov çıxış edərək neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri barədə məlumat verib. O, jurnalistlərə açıqlamasında deyib ki, konfransdakı çıxışında Azərbaycan Prezidentinin praqmatik siyasəti nəticəsində ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən mühüm işlər barədə məlumat verib. Konfrans işini iyunun 29-da panel iclaslarda davam etdirəcək.xeber100.com

İyun 29, 2016 8:40