İyunun 17-də BMT İnsan Hüquqları Şurasının 32-ci sessiyası zamanı Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən “Silahlı münaqişələr zamanı məcburi köçkünlərin hüquqları” adlı paralel tədbir keçirilib. Nümayəndəlikdən Azərtac-a verilən məlumata görə, daimi nümayəndə Vaqif Sadıqovun sədrlik etdiyi tədbirdə BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Bəyani, Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqi məsələlər üzrə baş mütəxəssisi Aleksandr Tayler, Beynəlxalq Miqrasiya Təşkilatının əməliyyatlar və fövqəladə hallar departamentinin şöbə müdiri Luis Hofman, miqrasiya məsələləri üzrə hüquqi eksperti Fanni Dufvenmark panelçi qismində iştirak ediblər. Açılış nitqində səfir V.Sadıqov dünyadakı müxtəlif münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün məcburi köçkünlər məsələsinin əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin tədbirin “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” ərəfəsində keçirildiyini vurğulayıb. Tədbirdə çıxış edən nümayəndələr silahlı münaqişələr nəticəsində yaranmış məcburi köçürülmə problemi, məcburi köçkünlərin hüquqlarının müdafiəsinin hüquqi çərçivəsi, onların pozulmuş hüquqları, problemlərin qarşısının alınmasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rolundan söhbət açıblar. BMT-nin xüsusi məruzəçisi Ç.Bəyani 2014-cü ildə Azərbaycan Respublikasına rəsmi səfərindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Ç.Bəyani məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən onların mənzil, təhsil, səhiyyə, sosial və digər sahələrdə olan ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılan işləri yüksək qiymətləndirib və altı illik fəaliyyəti ərzində heç bir ölkədə belə bir qayğı ilə rastlaşmadığını qeyd edib. A.Bilak və A.Tayler də çıxışlarında azərbaycanlı məcburi köçkünlərin hökumətdən böyük dəstək aldığını ifadə edərək hökumətin bu sahədəki səylərini yüksək qiymətləndiriblər. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Beynəlxalq Miqrasiya Təşkilatının gördüyü işlərdən danışan L.Hofman və F.Dufvenmark qurumun dünya üzrə 22 milyondan çox ehtiyacı olan insana yardım etdiyini bildirib, eyni zamanda, dünyada məcburi köçkünlərin sayının və onların ehtiyaclarının getdikcə daha da artdığını diqqətə çatdırıblar. Tədbir daha sonra panelçi və iştirakçılar arasında açıq müzakirələrlə davam edib. Müzakirələr zamanı Suriya, Yəmən, Şri-Lanka, Ukrayna, Gürcüstan, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmuş və münaqişə nəticəsində yaranmış məcburi köçkün problemlərindən bəhs olunub. Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.xeber100.com