Məcburi köçkünlərin hüquqlarına dair müzakirələr aparılıb

İyunun 17-də BMT İnsan Hüquqları Şurasının 32-ci sessiyası zamanı Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən “Silahlı münaqişələr zamanı məcburi köçkünlərin hüquqları” adlı paralel tədbir keçirilib. Nümayəndəlikdən Azərtac-a verilən məlumata görə, daimi nümayəndə Vaqif Sadıqovun sədrlik etdiyi tədbirdə BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Bəyani, Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmələr üzrə Monitorinq Mərkəzinin direktoru Aleksandra Bilak, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hüquqi məsələlər üzrə baş mütəxəssisi Aleksandr Tayler, Beynəlxalq Miqrasiya Təşkilatının əməliyyatlar və fövqəladə hallar departamentinin şöbə müdiri Luis Hofman, miqrasiya məsələləri üzrə hüquqi eksperti Fanni Dufvenmark panelçi qismində iştirak ediblər. Açılış nitqində səfir V.Sadıqov dünyadakı müxtəlif münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün məcburi köçkünlər məsələsinin əhəmiyyətini diqqətə çatdırıb. O, həmçinin tədbirin “18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü” ərəfəsində keçirildiyini vurğulayıb. Tədbirdə çıxış edən nümayəndələr silahlı münaqişələr nəticəsində yaranmış məcburi köçürülmə problemi, məcburi köçkünlərin hüquqlarının müdafiəsinin hüquqi çərçivəsi, onların pozulmuş hüquqları, problemlərin qarşısının alınmasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının rolundan söhbət açıblar. BMT-nin xüsusi məruzəçisi Ç.Bəyani 2014-cü ildə Azərbaycan Respublikasına rəsmi səfərindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Ç.Bəyani məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, o cümlədən onların mənzil, təhsil, səhiyyə, sosial və digər sahələrdə olan ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılan işləri yüksək qiymətləndirib və altı illik fəaliyyəti ərzində heç bir ölkədə belə bir qayğı ilə rastlaşmadığını qeyd edib. A.Bilak və A.Tayler də çıxışlarında azərbaycanlı məcburi köçkünlərin hökumətdən böyük dəstək aldığını ifadə edərək hökumətin bu sahədəki səylərini yüksək qiymətləndiriblər. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Beynəlxalq Miqrasiya Təşkilatının gördüyü işlərdən danışan L.Hofman və F.Dufvenmark qurumun dünya üzrə 22 milyondan çox ehtiyacı olan insana yardım etdiyini bildirib, eyni zamanda, dünyada məcburi köçkünlərin sayının və onların ehtiyaclarının getdikcə daha da artdığını diqqətə çatdırıblar. Tədbir daha sonra panelçi və iştirakçılar arasında açıq müzakirələrlə davam edib. Müzakirələr zamanı Suriya, Yəmən, Şri-Lanka, Ukrayna, Gürcüstan, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunulmuş və münaqişə nəticəsində yaranmış məcburi köçkün problemlərindən bəhs olunub. Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.xeber100.com

İyun 19, 2016 6:18

Hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq, iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq. Cəbhəboyu zonada və Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlar, eləcə də Xəzər dənizinin Azərbaycan sektoru təlimlərin keçiriləcəyi ərazisi kimi müəyyən edilib. Təlimlərin əsas məqsədi birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasıdır. Bu təlimlərin əsas xüsusiyyəti güclü müdafiəyə malik şərti düşmən nəzərə alınmaqla əməliyyatların silahlanmada olan yeni texnoloji vasitələrin və silahların geniş tətbiqi ilə keçirilməsidir. Təlimlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmə qabiliyyəti, onların yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələləri yoxlanılacaq. Hərbi təlimlərin mərhələlərindən birində döyüş atışları yerinə yetiriləcək.xeber100.com

İyun 17, 2016 12:48

“18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü”…

İyunun 16-da Milli Məclisin insan hüquqları komitəsi “18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü” mövzusunda dinləmələr təşkil edib. Dinləmələrdə çıxış edən Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycan bu gün həm dünyanın, həm də regionun inkişaf etmiş ölkələrindən birinə çevrilməklə yanaşı, insan hüquq və azadlıqlarını tam şəkildə təmin edib. Ölkəmizin bugünkü uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra insan hüquq və azadlıqlarının təmin edilməsini fəaliyyətinin əsas prinsipi elan edib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin davamı kimi Prezident İlham Əliyev iyunun 18-nin Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan bu sahədə demokratik dövlətlərin uzun illər əldə etdiyi uğurları qısa müddətdə qazanıb. Bahar Muradova Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dinləmələrdə “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edib. Əli Həsənov ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda xaosun aradan qaldırılmasından, sabitliyin bərpa edilməsindən danışıb. Bildirib ki, bu dövrdən başlayaraq beynəlxalq sənədlərdə insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla qanunlar qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının qəbul edilməsi də mühüm addım idi. Proqramda Ombudsman İnstitutunun yaradılması və digər məsələlər əksini tapıb. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla həmin gün Azərbaycanda İnsan Hüquqları Günü kimi elan edilib. 2006-cı və 2011-ci illərdə insan hüquqları ilə bağlı növbəti dövlət proqramları qəbul edilib. 2020-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da insan hüquqlarının təmin edilməsi ilə bağlı mühüm məsələlər əksini tapıb. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən partiyaların maliyyələşməsinə 2,5 milyon manat vəsait ayrılır. Venesiya Komissiyası siyasi partiyalarla bağlı qanunvericiliyə maliyyələşmə sahəsində edilən dəyişikliyi müsbət qiymətləndirib. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qəbul edilən qanun və qərarlardan söz açan Əli Həsənov qeyd edib ki, ölkədəki QHT-lərin əksəriyyəti insan hüquq və azadlıqları sahəsində ixtisaslaşıb. 2008-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərə ciddi dəstək verir. Gənclər Fondu gənclər təşkilatlarının, gənclərin layihələrinə dəstək göstərir. Azərbaycanda ümumilikdə 15 dövlət orqanı QHT-nin layihələrinə dəstək verir, vəsait ayırır. Keçən ildən etibarən icra orqanları yanında İctimai Şuralar yaradılmasına başlanılıb. Bu qurumlarda QHT-lər, fəal jurnalistlər təmsil olunur. Diqqətə çatdırılıb ki, Konstitusiyada KİV üzərində senzuranın yolverilməzliyi təsbit olunub. 1999-cu ilin dekabrında “Kütləvi informasiya vasitələri haqqında” Qanun qəbul olunub, növbəti illərdə qanunun Avropa Konvensiyasına uyğunlaşdırılması istiqamətində dəyişikliklər edilib. Hazırda Azərbaycanda qəzet və jurnal nəşr etmək çox asandır. Təsis sənədlərini Ədliyyə Nazirliyinə təqdim etməklə yeddi gün sonra nəşrə başlamaq olar. Əli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyev ölkəmizdə KİV-lərin inkişafına və onların problemlərinin həllinə xüsusi diqqət yetirir. Azərbaycanda azad plüralist media fəaliyyət göstərir. KİV-in sayına görə Azərbaycan qabaqcıl ölkələrdən biridir. Azərbaycanda 5 mindən artıq KİV fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycanda internet azadlığından da danışıb. Qeyd edib ki, ölkəmizdə internet resursları da sürətlə inkişaf edir, əhalinin 75 faizindən çoxu internetdən istifadə edir.xeber100.com

İyun 16, 2016 11:46

Multikulturalizm siyasəti ölkənin inkişafında mühüm rol oynayır

Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Multikulturalizm dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərtac xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə iyunun 11-də Şəki şəhərində keçirilən “Multikultural dəyərlər və gənclik” mövzusunda regional konfransda səsləndirilib. Konfransda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı və digər qonaqlar, həmçinin YAP Şəki şəhər, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon təşkilatlarının Gənclər Birliyinin üzvləri, partiya fəalları iştirak ediblər. YAP rəsmiləri və şəhər rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov konfransı açaraq, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini, bununla əlaqədar respublikamızın hər yerində silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, müxtəlif millətlərin, etnik qrupların və dinlərin mövcud olduğu Azərbaycanda dilindən, dinindən, əqidəsindən asılı olmayaraq, hamı vahid bir ailənin üzvü kimi yaşayır. Bu baxımdan xalqımızın tolerantlığı bütün dünya ölkələrinə nümunə ola bilər. Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır. Konfransda çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov toplantının çox əlamətdar bir tarixi gün ərəfəsində gerçəkləşdiyini, bir neçə gündən sonra, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Gününün qeyd ediləcəyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın müasir tarixində qurtuluş məfkurəsi xüsusi məna və əhəmiyyət kəsb edir. Azərbaycanın müasir tarixinin başlanğıcı, hazırda müstəqil respublikamızda baş verən hadisələrin, ölkənin sosial-iqtisadi inkişafının başlıca səbəbi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışı və qurtuluş məfkurəsi ilə birbaşa əlaqədardır. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri xatırladan Baş nazirin müavini həmin dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalığın yarandığını, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyini diqqətə çatdırıb. Qeyd edib ki, həmin dövrdə iqtidardakıların xəyanətkar əməllərinin məntiqi nəticəsi olaraq hakimiyyət böhranı son həddə çatmış, ölkəni anarxiya bürümüş, müstəqilliyimizin itirilməsi qorxusu yaranmışdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilmək təhlükəsinə birdəfəlik son qoydu. “Bu gün biz Azərbaycan haqqında danışarkən, eyni zamanda, respublikamızın gələcəyi ilə əlaqədar öz istək və arzularımızı formalaşdırarkən istər-istəməz qurtuluş məfkurəsinə, ulu öndər Heydər Əliyevin qayıdışından başlayan və Azərbaycanın dirçəlişini özündə əks etdirən məfkurəyə istinad edirik”,- deyə YAP icra katibi bildirib. Əli Əhmədov deyib ki, multikulturalizm müasir dünyanın həyatını tənzimləyən çox vacib, nəzəri, eyni zamanda, siyasi, millətlərarası bir problem kimi mövcuddur. Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsinin həm öyrənilməsi, həm də təbliğ edilməsi bütövlükdə dünyada bu problemlə əlaqədar baxışların aydınlaşmasına kömək göstərə bilər. Sonra YAP Şəki təşkilatı Gənclər Birliyinin sədri Daşqın Mikayılov, YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elbrus Tağıyev, YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri Mehman Ramazanov, həmçinin partiyanın Zaqatala, Balakən və Qəbələ rayon təşkilatları Gənclər birliklərinin üzvləri Aytən Məmmədova, Leyla Qarayeva və Vüsalə Qəribova çıxış edərək, təmsil etdikləri rayonlarda multikulturalizm və tolerantlıq dəyərlərinin qorunması ilə bağlı görülən işlər barədə məlumat veriblər. Baş nazirin müavini, YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov konfransa yekun vurub. Konfransdan sonra Baş nazirin müavini və digər qonaqlar “Şəki-İpək” ASC-də olub, istehsal prosesi ilə maraqlanıblar. Cəmiyyətin İdarə heyətinin sədri Nizami Qəribov müəssisənin fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırığı və tövsiyəsi ilə ənənəvi sahələrdən olan baramaçılığın inkişafı istiqamətində görülən tədbirlər artıq öz bəhrəsini verir. ASC tərəfindən indiyədək fermerlərdən 50 ton yaş barama qəbul olunub. Hazırda tədarük olunan barama müəssisənin baramaaçan istehsalatında emal edilir. Burada 195 nəfər işçi çalışır. Baş nazirin müavini Əli Əhmədov və digər qonaqlar sonra rayonun Orta Zəyzid kəndinin ərazisində müasir texnologiyalar əsasında yeni salınan meyvə bağına baxıblar. Diqqətə çatdırılıb ki, hazırda bu ərazidə aqropark yaradılır.xeber100.com

İyun 12, 2016 5:40