“Gənc diplomatların üçüncü təlim proqramı”nın bağlanış mərasimi keçirilib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Gənc diplomatların üçüncü təlim proqramı”nın başa çatması ilə əlaqədar iyunun 1-də Astanada, Nazarbayev Universitetində tədbir keçirilib. Türk Şurasından  Azərtac-a bildiriblər ki, bağlanış mərasimində çıxış edən TDƏŞ-in baş katibi, səfir Ramil Həsənov gənc diplomatların gələcəkdə peşəkarlıqlarının artırılmasında bu proqramın əhəmiyyətini xüsusi vurğulayıb. Baş katib mühüm mövzuları əhatə edən proqramın uğurla icra olunduğunu qeyd edib. R.Həsənov proqramın icrasında əməyi olanlara, xüsusən Qazaxıstan Xarici İşlər Nazirliyinə və Nazarbayev Universitetinə təşəkkürünü bildirib. Gənc diplomatlara uğurlar arzulayan Türk Şurasının baş katibi növbəti proqramın da uğurla keçiriləcəyinə əminliyini ifadə edib. Qazaxıstan xarici işlər nazirinin müavini Akılbek Kamaldinov, Nazarbayev Universitetinin prezidenti Şigeo Katsu və Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali proqram iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıblar. Çıxış edənlər gələcəkdə ölkələr arasında münasibətlərin inkişafına töhfə verməsi və Türk Şurası çərçivəsində münasibətlərin daha da genişləndirilməsində mühüm rol oynaması baxımından belə layihə və proqramların önəmini xüsusi vurğulayıblar. Çıxışlardan sonra baş katib Ramil Həsənov və nazir müavini Akılbek Kamaldinov proqrama qatılan gənc diplomatlara sertifikatlar verərək onlara müvəffəqiyyətlər diləyiblər. Proqramın mövzularından olan “Səfirlər toplantısı”nda Macaristanın Qazaxıstandakı səfiri Andras Baranyi və Qırğız Respublikası səfirliyinin birinci katibi Çolpanai Adjimatova peşəkar təcrübələrini gənc diplomatlarla bölüşüblər. Toplantıda Azərbaycanın və Türkiyənin Qazaxıstandakı səfirləri Rəşad Məmmədov və Nevzat Uyanık da iştirak ediblər. Bağlanış mərasimindən sonra gənc diplomatlar Çimkent, Türküstan və Almatıda təşkil olunacaq mədəni proqrama qatılacaqlar. Proqram iyunun 5-də Almatıda başa çatacaq.xeber100.com

İyun 1, 2016 2:36

Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Respublika Günü ilə bağlı rəsmi qəbul təşkil edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik-analitik və işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Argentina hökuməti adından əsas qonaqlar qismində müdafiə nazirinin strateji və hərbi məsələlər üzrə müavini Anxel Pablo Telyo, Xarici İşlər və Etiqad Nazirliyinin xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Rodolfo Zlauvinen, Argentina Parlamentindən yüksək vəzifəli şəxs kimi isə Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisia Ximenez, habelə çoxsaylı parlament üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Rəşad Aslanov 1918-ci ildə elan edilən və 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu vurğulayıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlərdən danışan Rəşad Aslanov bildirib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib. Ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması uğrunda əvəzsiz xidmətləri, onun gələcəyə hesablanmış inkişaf strategiyası barədə məlumat verən müvəqqəti işlər vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi iqtisadi və siyasi uğurlardan, Azərbaycanın artan geosiyasi önəmi və regional proseslərdə oynadığı mühüm roldan, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan, dövlətçiliyimizin daha da gücləndirilməsi üçün atılan addımlardan danışıb. R.Aslanov Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların birgə yaşadığını, tolerantlıq ənənələrinin mövcud olduğunu vurğulayaraq, dövlətimizin başçısı tərəfindən bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu qeyd edib. Həmçinin ölkəmizin zəngin turizm potensialına malik olduğu bildirən müvəqqəti işlər vəkili 2016-ci ildə Azərbaycanda keçiriləcək beynəlxalq idman tədbirləri barədə danışıb. Azərbaycan-Argentina əlaqələrinə toxunan R.Aslanov ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Tədbir zamanı Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı və turizm imkanları barədə, həmçinin bu il ölkəmizdə keçiriləcək "Formula 1" yarışı və Şahmat Olimpiadası ilə bağlı videoçarxlar nümayiş etdirilib, ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.xeber100.com

May 30, 2016 12:39

Respublika Günü Təbrizdə qeyd olunub

28 May-Respublika Günü Təbrizdə Azərbaycanın bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən təntənəli tədbirlə qeyd olunub. Azərbaycanın və İranın dövlət himnləri səsləndikdən sonra baş konsul əvəzi Şahin Əhmədov çıxış edib. O deyib ki, 1918-ci il mayın 28-də Azərbaycan Şərqdə ilk dəfə olaraq öz müstəqilliyini elan edib və demokratik dövlət qurub. Bu dövlət cəmi 23 ay yaşasa da tarixdə mühüm izlər buraxıb. Azərbaycan xalqı bütün dünyaya göstərib ki, müstəqil və demokratik dövlət qurub onu inkişaf etdirməyə qadirdir. Azərbaycan-İran əlaqələrindən danışan Ş.Əhmədov bildirib ki, hər iki ölkənin prezidentləri siyasi iradə nümayiş etdirərək əlaqələri inkişaf etdirmək və xalqların maraqlarını təmin etmək qərarını veriblər. Məhz prezidentlərin siyası addımları nəticəsində bu gün münasibətlər yüksələn xətlə inkişaf edir. Qarşılıqlı səfərlər və imzalanan sənədlərin icrası iqtisadi, siyasi, mədəni əlaqələrin yaxınlaşmasına səbəb olub. Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və tarixi əhəmiyyəti haqqında danışıb. O, XX əsrin sonunda Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını bildirib. Ulu Öndərin əsasını qoyduğu hüquqi və dünyəvi dövlət quruculuğu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində böyük nailiyyətlər əldə olunduğu vurğulanıb. Komitə sədri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi haqqında da məlumat verərək bildirib ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi, beynəlxalq vasitəçilərin ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Azərbaycan nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək. İranın Şərqi Azərbaycan vilayətinin valisinin müavini Səid Şəbüstəri Xiyabanı İran-Azərbaycan əlaqələrinin əhəmiyyətindən, ortaq dəyərlərimizdən söhbət açıb. O, İran tərəfinin təbriklərini Azərbaycan rəhbərliyinə və xalqına çatdırıb. Sonra Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxış edərək Azərbaycan və İran xalqlarının ortaq tarixi və mədəniyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Çıxışlardan sonra Azərbaycanın sosial-iqtisadi inkişafını, turizm potensialını, mədəniyyətini və İranla dostluq münasibətlərini əks etdirən film nümayiş olunub. Tədbirdə İranın dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.xeber100.com

May 26, 2016 1:47