Montevideo şəhərində Respublika Günü qeyd olunub

Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 may Respublika Günü münasibətilə qəbul keçirilib. Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, tədbirdə Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela, Uruqvay Parlamentinin Senat və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər. Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə danışıb. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə də danışan Azərbaycan diplomatı növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə toxunub. Çıxışının ardınca Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadi inkişafı, regional enerji və infrastruktur layihələri, o cümlədən ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası dialoq haqqında videoçarx nümayiş etdirilib.xeber100.com

May 25, 2016 1:32

İndoneziyada Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Azərbaycanın İndoneziyadakı səfirliyi ölkəmizin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə İndoneziyanın hökumət və parlament üzvləri, dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun rəhbərləri, bir sıra QHT-lərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, iş adamları və digər qonaqlar iştirak ediblər. Səfir Tamerlan Qarayev tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verib. Bildirib ki, bu il xalqımız 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın yaranmasının 98-ci ildönümünü qeyd edir. Azərbaycanın müstəqilliyin bərpasının ilk dövrlərində Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını qeyd edən səfir bunun nəticəsində bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini və erməni təcavüzünün hələ də davam etdiyini bildirib. Ermənistan silahlı qüvvələrinin aprel təxribatlarına toxunan diplomat qeyd edib ki, Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qarşı yönəldilmiş məqsədyönlü təxribatlar nəticəsində ermənilər tərəfindən uşaqlar da daxil olmaqla, azərbaycanlı mülki şəxslər öldürülüb, yüzlərlə ev, məktəb, məscid, mülki infrastruktur obyektləri dağıdılıb, böyük maddi ziyan vurulub. Ermənistan artilleriyası fosfor tərkibli kimyəvi sursatlardan istifadə edib. Bütün bunlar Ermənistanın beynəlxalq humanitar, insan hüquqları üzrə qanun, norma və prinsipləri kobudcasına pozmasıdır və hərbi cinayətdir. Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququ nümayişkaranə şəkildə pozduğuna görə pisləməyə çağırır. Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsini tələb edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində, ərazi bütövlüyü və suverenliyi əsasında sülh yolu ilə həll oluna bilər. Səfir vurğulayıb ki, hazırda bütün göstəricilərə görə regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı, qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və müxtəlifliyi ilə dünyanın diqqətini cəlb edir. Bu istiqamətdə Azərbaycanın qazandığı uğurlardan danışan diplomat bir neçə gündən sonra paytaxt Bakıda Formula 1 yarışlarının başlayacağını, ötən il ölkəmizin birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyini, 2017-ci ildə isə İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçiriləcəyini bildirib, qonaqları bu möhtəşəm tədbirlərə qatılmağa dəvət edib. Azərbaycan-İndoneziya əlaqələrindən bəhs edən diplomat ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Eyni zamanda, digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb. Tədbirdə çıxış edən İndoneziyanın sənaye naziri Saleh Husin Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı gələcək plan və layihələrdən danışan nazir qeyd edib ki, Azərbaycan İndoneziya üçün Avropaya tranzit yolu ola bilər. İştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər, həmçinin “İRS” jurnalının ingilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanılıb.xeber100.com

May 24, 2016 2:09

İlham Əliyev: “Beynəlxalq ictimaiyyət Ermənistanın nüvə təhdidinə reaksiya verməlidir”

Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri 20 ildən çoxdur kağız üzərində qalıb. Lakin digər məsələlərlə bağlı qətnamələr gün və ya saatlar içərisində yerinə yetirilir”. Apa-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib. O bildirib ki, belə hal Azərbaycan qarşı ikili standart siyasətidir: "Ermənistan bu qətnamələri yerinə yetirməlidir. Hazırda regionda digər böyük təhlükə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - “çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”. Azərbaycan prezidenti Ermənistan işğalı nəticəsində evlərindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq üçün ciddi işlər görüldüyünü söyləyib: “Azərbaycan bu məqsədlə 6 milyard dollar sərf edib. Qaçqın və məcburi köçkünlərin arasında yoxsulluğun səviyyəsi 75 faizdən 12 faizə düşüb. Son 12 ildə ölkədə ümumi yoxsulluq səviyyəsi 5 faizə endirilib”. Dövlət başçısı Azərbaycanın oxşar problemlərlə üzləşən ölkələrə hər zaman yardım etdiyini vurğulayıb.xeber100.com

May 23, 2016 1:27

Monteneqronun yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib

Monteneqro Respublikasının yaranmasının 10 illiyi ilə bağlı Bakıda tədbir keçirilib. Apa-nın  məlumatına görə, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev tədbirdə çıxış edərək bildirib ki, bu ölkə 2006-cı ilin 21 mayında müstəqillik əldə edib. Bu illər ərzində bir çox uğura imza atan Monteneqro bu il mayın 16-da NATO üzvlüyünə qəbul olunub. Konsul Monteneqro ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci ildən qurulub. 2012-ci ildə Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi açılıb. Monteneqronun Azərbaycandakı fəxri konsulluğu isə 2013-cü ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında geniş siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri mövcuddur. Bu ölkənin prezidenti Filip Vujanoviç 2011-ci ildə ilk dəfə Azərbaycana səfər edib. Bundan 2 il sonra isə Azərbaycan prezidenti İlham Əliyev Monteneqroda rəsmi səfərdə olub. Azərbaycan parlamentinin sədri Oqtay Əsədov bayram tədbirlərində iştirak etmək üçün Monteneqro prezidenti Filip Vujanoviçin dəvəti ilə Monteneqroya səfər edib. Vüqar Əliyev onu da qeyd edib ki, iki ölkə arasında turizm əlaqələri də sürətlə inkişaf edir. 2013-cü ildən başlayaraq yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa uçuşlar həyata keçirilir. Son üç ildə 12 500-dən artıq azərbaycanlı turist Monteneqroda olub. Hazırda Monteneqro dövləti Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edir. Sonda Monteneqronun yaranmasının 10 illiyi münasibətilə tort kəsilib. Qeyd edək ki, Monteneqro cənub-şərqi Avropada yerləşir. Paytaxtı Podqoritsa şəhəridir.xeber100.com

May 22, 2016 2:30

Qazaxıstanda Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib

Qazaxıstanın paytaxtı Astanada 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib. Bayram tədbirində Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, parlamentin deputatları, hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, tanınmış elm, mədəniyyət adamları, ictimai xadimlər, jurnalistlər və digər qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə tanınan azərbaycanlı xalça ustası Zakir Binnətlinin xalça kolleksiyalarından ibarət sərgi də təşkil edib. Azərbaycanda keçiriləcək Formula 1 yarışı ilə bağlı nümayiş etdirilən videoçarx tədbir iştirakçılarında böyük maraq doğurub. Sonra Azərbaycan və müasir Bakı haqqında film təqdim edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib. Rəsmi qəbulda çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verib. O, deyib ki, 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər görülüb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdırıb. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq etdiyini vurğulayıb. Sonra məşhur caz ustası, Xalq Artisti Cavan Zeynallının ifasında konsert proqramı təqdim edilib, ziyafət verilib.xeber100.com

May 21, 2016 9:31