Azərbaycanın tolerantlıq modeli müzakirə olunub

Amerika Yəhudi Komitəsinin (AYK) dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniyanın San Fransisko şəhərinə səfər edərək, Azərbaycana dair keçirilən üç tədbirdə məruzə ilə çıxış edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Apa-ya verilən məlumata görə, diplomat öncə AYK-nin San Fransisko üzrə regional nümayəndəliyinin idarə heyətinin üzvləri qarşısında məruzə oxuyub. Baş konsulun növbəti təqdimatları AYK-nin gənc peşəkarlar təşkilatı olan ACCESS-in üzvləri qarşısında və San Fransiskonun ən qədim yəhudi dini ocaqlarından olan “Sherith Israel” sinaqoqunda keçirilib. Tədbirlərdə hüquq, maliyyə, elm, media, informasiya texnologiyaları və beynəlxalq biznes kimi müxtəlif sahələrdən olan nüfuzlu şəxslər iştirak ediblər.N.Ağayev Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin ictimai-tarixi köklərini izah edərək, bu gün ölkəmizdə müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. Diplomat qeyd edib ki, mürəkkəb coğrafi-siyasi məkanda yerləşməsinə baxmayaraq, Azərbaycanın yarada bildiyi uğurlu multikulturalizm və tolerantlıq nümunəsi bu gün artıq beynəlxalq aləmdə mütərəqqi model kimi qəbul olunur və öyrənilir. Baş konsul vurğulayıb ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dinlər və millətlərarası qarşılıqlı hörmət və etimad mühiti hər gün daha da güclənməkdə, müxtəlif mədəniyyətlər arasında mübadilə imkanları genişlənməkdədir. 2016-cı ilin ölkəmizdə “Multikulturlizm İli” elan olunduğunu diqqətə çatdıran N.Ağayev bildirib ki, Azərbaycanın bu yöndəki səyləri artıq yalnız ölkə daxilində deyil, regional və beynəlxalq miqyaslarda da öz bəhrəsini verməkdədir. Baş konsul, bu səpkidə, cari ilin 25-27 aprel tarixlərində Bakıda keçirilən, 140 ölkədən 3 minədək nümayəndənin qatıldığı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun böyük uğurla keçməsini nümunə kimi qeyd edib. N.Ağayev, həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti, Azərbaycanın ABŞ və İsrail ilə münasibətləri, eləcə də Azərbaycan xalqı ilə yəhudi xalqı arasında olan sıx tarixi dostluq əlaqələri barədə iştirakçıları məlumatlandırıb, eləcə də mədəniyyətlərarası dialoqa mühüm önəm verən Amerika Yəhudi Komitəsi ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin yüksək təqdirə layiq olduğunu diqqətə çatdırıb. Sonda baş konsul tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.xeber100.com

May 13, 2016 3:50

XI Belarus Beynəlxalq Mediaforumu açılıb

Minskdə “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq Mediaforumu işə başlayıb. Ənənəvi olaraq bu forum fikir mübadiləsi və yeni ideyaların hazırlanması, beynəlxalq mətbuat birliyinin həmrəyliyinin, ekspertlərin tərəfdaşlığın dərinləşməsində səylərinin gücləndirilməsi, dövlətlərarası inteqrasiya proseslərinin təkmilləşdirilməsi, MDB-də ümumi humanitar məkanın yaradılmasına imkanı yaradılması üçün meydan rolunu daşıyır. Hazırkı forum MDB-nin 25-ci yubileyi kontekstində keçirilir. Tədbirə KİV-lərin rəhbərləri, tanınmış politoloqlar, Birlik ölkələri, yaxın və uzaq xaricin ekspertləri dəvət edilib. Mediaforumda ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Zeynal Ağazadə, “Bakinski raboçiy” qəzeti baş redaktorunun müavini İlqar İsmayılov, “Novosti -Azərbaycan” agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, "Kaspi" qəzetinin xüsusi müxbiri Nelli Atəşgah təmsil edirlər. Mayın 11-də "Belarusda KİV" XX Beynəlxalq ixtisaslaşmış sərgisinin açılış mərasimi keçirilib. Çoxsaylı iştirakçılar sərginin ekspozisiyalarını nəzərdən keçirib. Tədbirin rəsmi hissəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun "Belarusda KİV-lər" XX Beynəlxalq ixtisaslaşmış sərgisi və XI Belarus Beynəlxalq Mediaforumu iştirakçılarına göndərdiyi təbrik məktubu oxunub. Sonra çıxış edən Belarus informasiya naziri Lilia Ananiç vurğulayıb ki, kütləvi informasiya vasitələri yaradıcı proseslər üçün katalizator olmalıdır. TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, "Belarusda KİV-lər" kimi sərgilər jurnalistlərə böyük hədiyyədir. Onun fikrincə, media cəmiyyətdə baş verən hadisələrin güzgüsü kimi, həyatın, bütöv dövrün mənzərəsini əks etdirir. Axşam "Qızıl Liter" çap KİV-ləri XII Milli Müsabiqəsinin qalibləri və laureatlarının təltif olunması mərasimi keçirilib.xeber100.com

May 12, 2016 2:54

Atəşkəs rejimi 142 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 142 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex və Şavarşavan, Berd rayonunun Mosesqex kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Fərəhli, Tovuz rayonunun Ağdam kəndlərində, Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin mövqelərinə və səngərlərinə 144 dəfə atəş zərbəsi endirib.xeber100.com

May 11, 2016 1:58

Heydər Əliyevin 93 yaşı tamam olur…

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 yaşı qeyd olunur. Apa-nın məlumatına görə, bu tarixlə bağlı ölkənin bütün bölgələrində və dünyanın bir çox ölkələrində tədbirlər keçirilib. Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb. H.Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib. H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub. H.Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb. H.Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.xeber100.com  

May 10, 2016 11:39

Azərbaycanın Çindəki səfirliyində Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Azərbaycanın Çindəki səfirliyində tədbir keçirilib. Pekində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə Ulu Öndərin müasir Azərbaycanın inkişafındakı misilsiz xidmətlərindən danışılıb. Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov Ümummilli Liderin həyatına nəzər salaraq bildirib ki, Heydər Əliyev bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir bir şəxsiyyət olub. Ulu Öndər xalqına və Vətəninə xidmət edib, həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı, tərəqqisi üçün əlindən gələni edib. Ölkənin çətin dövründə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. O, Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial inkişaf, demokratiya gətirdi, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atdı.Vurğulanıb ki, Heydər Əliyevin təkcə Azərbaycan xalqı qarşısında deyil, eləcə də bütün bəşəriyyət qarşısında böyük xidmətləri olub. Onun təşəbbüsü ilə Böyük İpək Yolunun bərpası istiqamətində işlərə başlanılıb, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri inşa edilib, Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işlər sona çatmaq üzrədir. Bütün bunlar dünya iqtisadiyyatının inteqrasiyasının dərinləşməsinə, təkcə regionda deyil, eləcə də Avrasiyada, dünyada sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edən layihələrdir.xeber100.com

May 10, 2016 10:42

Prezident Qələbə Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb. Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva onları Qələbə Günü münasibətilə təbrik ediblər. Dövlət başçısına xatirə hədiyyələri təqdim olunub. Azərbaycan prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub. Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

May 9, 2016 12:44