Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Sarıcalı kənd orta məktəbində olublar

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Tərtər rayonundan cəbhənin Ağdam istiqamətinə gediblər. Apa-nın Qarabağ bürosunun xəbərinə görə, diplomatları Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov qarşılayıb. Onlara aprel ayında erməni hərbi birləşmələrinin yaşayış məntəqələrinin atəşə tutması barədə məlumat verilib. Daha sonra nümayəndə heyəti ermənilər tərəfindən atılan mərminin dağıtdığı Sarıcalı kənd orta məktəbində olublar. Diplomatlar, həmçinin erməni silahlı qüvvələrinin ağır artilleriya atəşinə məruz qalan Mahrızlı, Zəngişalı, Çəmənli kəndlərində olacaqlar. Qeyd edək ki, Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin cəbhənin Ağdam və Tərtər istiqamətinə səfəri təşkil olunub. Səfərin məqsədi 2016-cı ilin aprel ayı ərzində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar, ağır artilleriya və toplardan istifadə etməklə təmas xəttinə yaxın kəndlərdə sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutmasının və dəymiş ziyanın humanitar və sosial nəticələri ilə yerindəcə tanış olmaqdır. Diplomatik nümayəndəliklərin rəhbərləri və hərbi attaşelərin daxil olduğu 80-ə yaxın nümayəndənin səfərinin məqsədlərindən biri də qoşunların təmas xətti boyunca mövcud vəziyyətin diplomatların təmsil etdiyi ölkələrə obyektiv çatdırılmasının təmin edilməsidir.xeber100.com  

May 6, 2016 3:26

“Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib

Pekində Çin dilində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib. Azərbaycanın Çindəki səfirliyinin və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin dövlət qurumlarının, araşdırma mərkəzlərinin, ali təhsil ocaqlarının, müxtəlif təşkilatların, Pekindəki diplomatik korpusun təmsilçiləri, o cümlədən Ukraynanın, Gürcüstanın, Moldovanın səfirləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli, SAM-ın direktoru Fərhad Məmmədov, Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının vitse-prezidenti Fen Cunpin, İpək Yolu Beynəlxalq Ticarət Palatasının sədri Lu Ciacun, Uxan Universitetinin professoru Lyu Cayçi, Gürcüstanın Pekindəki səfiri David Aptsiauri və başqaları kitabın Çin ictimaiyyəti üçün Azərbaycan haqqında əsaslı məlumat mənbəyi kimi əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın da hərbi təcavüzü nəticəsində çətin şəraitlə üzləşmişdi. Belə bir dövrdə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı və onun uzaqgörən siyasəti, idarəçilik təcrübəsi sayəsində Azərbaycan yox olmaq təhlükəsini aşaraq inkişaf dövrünə qədəm qoydu. Dünyanın iri şirkətləri ilə imzalanmış neft müqavilələri Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar açdı, Ulu Öndərin təşəbbüsü ilə əsası qoyulan və Prezident İlham Əliyevin liderliyi ilə reallaşan irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycanı regionun lider dövlətinə çevirdi. Çıxış edənlər hələ qədim İpək yolu dövründən təməli qoyulmuş Azərbaycan-Çin münasibətlərinin 1994-cü ildə ulu öndər Heydər Əliyevin Çinə səfəri ilə yeni tarixi dövrə qədəm qoyduğunu bildirərək, ötən dövrdə hər iki tərəfin əlaqələrimizin inkişafına böyük diqqət yetirdiklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ölkələrimizin əməkdaşlığı üçün yeni imkanlar açıb. Azərbaycan və Çinin bir çox beynəlxalq məsələlərə münasibətdə mövqeyinin yaxınlığını qeyd edən natiqlər hər iki ölkənin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini vurğulayıblar. Bildirilib ki, Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəkləyən Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi kimi bu təşəbbüsün reallaşmasına böyük töhfələr verə bilər. SAM-ın aparıcı elmi işçisi Rəşad Kərimovun tərtib etdiyi kitabda Azərbaycanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, ölkənin son 25 ildə keçdiyi yola, milli dövlət quruculuğuna, iqtisadi inkişafına, neft sənayesinə, gələcək inkişaf planlarına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki əvəzolunmaz roluna, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin son illər dinamik inkişafına, qazandığı uğurlara, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətindəki fəaliyyətinə dair ətraflı məlumatlar əksini tapıb. Bundan başqa, kitabda ölkənin sosial-iqtisadi vəziyyətinə dair statistik məlumatlara, son illər Azərbaycanda keçirilmiş nüfuzlu beynəlxalq tədbirlərə, habelə Azərbaycan-Çin münasibətlərinə dair faktlara da geniş yer verilib.  

May 5, 2016 4:26

Beynəlxalq ictimaiyyət Qarabağ məsələsində Azərbaycanın tərəfindədir

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrinə endirdiyi artilleriya zərbələri nəticəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaq üçün həmin kəndlərə səfər ediblər. Azərtac xəbər verir ki, xarici jurnalistlər arasında olan BBC-nin əməkdaşı Tom Burridge cəbhə xəttindəki vəziyyətlə bağlı geniş məqalə hazırlayıb, yerli sakinlərdən müsahibələr götürüb. Məqalədə 65 yaşlı Ələkbər Ələkbərovun aşağıdakı sözlərinə yer verilir: “Evdə oturub çay içə-içə futbola baxırdım. Birdən kəndin üzərinə bombalar yağmağa başladı”. Müəllif yazır: “Erməniləri faşist adlandıran kənd sakini dağılmış evini bizə göstərərək xoşbəxtlikdən sağ qaldığını bildirdi”. “Biz torpaqlarımızı sülh yolu ilə geri qaytarmaq istəyirik. Lakin əgər bu, mümkün olmasa, mən doğma Vətənim uğrunda döyüşməyə hazıram”, - deyə Ələkbər Ələkbərov qeyd edir. Tom Burridge yazır ki, yerli və xarici jurnalistlər dağılmış və yandırılmış binaları görmək üçün bir neçə kənddə və iki xəstəxanada oldular. “Kəndlərin birində biz qardaşının şəklini qucağında tutan Qənbər Mustafayev və yaxınlarını itirmiş bir neçə sakin ilə görüşdük. Qənbər qardaşının şəhid olduğunu, özünün də Vətən uğrunda canından keçməyə hazır olduğunu bildirdi”, - deyə müəllif diqqətə çatdırır. Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fikirlərinə də yer verilir. O deyir ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasını tələb edən dörd qətnamə qəbul edib. Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar prosesinə sadiqdir. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycanın tərəfindədir. Məqalədə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərin, ziyan çəkmiş mülki şəxslərin və xəstəxanada müalicə olunan yaralıların fotoşəkilləri də yer alıb.xeber100.com  

May 3, 2016 11:35

Türkiyə mətbuatı yazır…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfər etmələri Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilib. Ölkənin aparıcı media orqanları, o cümlədən Anadolu Agentliyi, TRT kanalı, “Yeni şəfəq”, “Sabah” və digər qəzetlər dövlətimizin başçısının cəbhə bölgəsinə səfərinin əhəmiyyəti barədə Türkiyə ictimaiyyətinə ətraflı məlumat verib. Xüsusilə qardaş ölkə mətbuatı Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəşlər nəticəsində yaralanan mülki şəxslərə baş çəkməsinə geniş yer ayırıb. Yazılarda erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ağdam və Tərtər rayonlarına əlavə vəsait ayrılması məsələsi də öz əksini tapıb. Həmçinin təcavüzkar Ermənistan ordusunun Azərbaycan tərəfinə vurduğu maddi zərər və dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər barədə rəsmi statistika da açıqlanır.xeber100.com  

May 3, 2016 11:10

Ermənilərin yalan təbliğatı ifşa olunub

İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda (Instituto Affari Internazionali) Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornellin iştirakı ilə “Changing Patterns of Conflict and Geopolitical Alignments in the Caucasus: Implications for Europe” adlı seminar keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyindən apa-ya verilən məlumata görə, S.Kornell çıxışında regiondakı münaqişələrə toxunub, Qərbin və Rusiyanın regiondakı siyasətindən bəhs edib. Sonra S. Kornell Qərbin Cənubi Qafqaza, həmçinin münaqişələrə münasibətdə siyasətində dini amilin rol oynayıb-oynamadığı barədə sualı cavablandırıb: “Din nəyə görə amil olmalıdır?! Cənubi Qafqaz ölkələrindən ən çox dini tolerantlığın mövcud olduğu ölkə Azərbaycandır. Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycanda hər hansı dinə mənsub olan şəxslərə qarşı ayrı-seçkilik aparılmır”. Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev isə Ermənistan-Azərbaycan münaqişəsinin din amili ilə heç bir bağlılığının olmadığını, lakin Ermənistan hökumətinin, o cümlədən Ermənistanın İtaliyadakı səfirinin münaqişənin dini xarakter daşıdığına dair təbliğat apardığını bildirin. O, münaqişənin əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon olmaqla, ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü vurğulayıb. Ermənistan səfirliyinin əməkdaşı isə cavab olaraq ölkəsinin heç vaxt münaqişənin dini xarakter daşıdığını bəyan etmədiyini bildirib. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon  Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı  BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası,  AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com  

May 2, 2016 2:50