Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gedən döyüş toqquşmaları ilə bağlı tədbir keçirilib

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aprelin 2-dən 5-dək gedən döyüş toqquşmaları ilə bağlı tədbir keçirilib. Apa-nın məlumatına görə, Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, Ermənistan atəşkəs rejiminə əməl etmir və işğalçı mövqeyini davam etdirir. O, Azərbaycan ordusunun düşmən təxribatının qarşısını qəhrəmanlıqla aldığını vurğulayıb: "İşğalçılar Azərbaycanın mövqelərini iriçaplı silahlardan atəşə tutub, təxribat törədiblər. Ancaq ordumuzun sayıqlığı nəticəsində düşmənin təxribatının qarşısı alındı və bu 4 günlük müharibədə bir sıra strateji yüksəkliklər ələ keçirildi. Biz bu döyüşlərdə ordumuzun düşmən üzərində həm fiziki həm də mənəvi baxımından qalib olduğunun şahidi olduq. Bu onu göstərir ki, ordumuzda müstəqillik dövründə vətənə məhəbbət hissində formalaşıb və döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Aprelin əvvəlindəki hərbi əməliyyatlar bir daha onu sübut etdi ki, ordumuz Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə qadirdir. Artıq bütün dünyanın diqqəti Azərbaycanda və Dağlıq Qarabağdadır". Sonra Azərbaycan ordusunun hərbi əməliyyatlarından bəhs edən video-çarx nümayiş etdirilib. Milli Məclisin deputatı Elmira Axundova çıxışında qeyd edib ki, böyük dövlətlərin müdaxiləsi olmasaydı, Azərbaycan Dağlıq Qarabağ müharibəsində heç vaxt məğlub olmazdı, torpaqlarını itirməzdi. O bildirib ki, sonuncu döyüşlərdə də şəhid olan hərbçilərimizin xatirəsi əbədiləşdirilməlidir. Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və hərbi təhsil baş idarəsinin əməkdaşı, polkovnik Nizami Əliyev isə çıxışında sonuncu hərbi əməliyyatlarda Azərbaycan əsgərlərinin böyük şücaət və mərdlik göstərdiyini vurğulayıb: "Hərbi uğurlarımızdan sonra xalqımızda vətənpərvərlik ruhu daha da yüksəlib. Bizim döyüşümüz onu göstərdi ki, Ali Baş Komandanın əmri olan kimi, ordumuz işğal olunmuş torpaqlarını azad etməyə qadirdir". Sonda tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin "Mahnı və rəqs ansamblı"nın çıxışı olub.xeber100.com  

Aprel 27, 2016 3:12

Moskvada Qarabağ problemi müzakirə olunub

Moskvada Ermənistan müdafiə naziri Sehran Ohanyanın İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehqanla görüşü keçirilib. “news.am” məlumat verir ki, Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş zamanı Dağlıq Qarabağda qoşunların təmas xəttində gərginliyin artmasından narahatlıq ifadə olunub, gərginliyin azaldılmasının zəruriliyi qeyd edilib. Söhbət zamanı vurğulanıb ki, aprelin əvvəlində təmas xəttində baş vermiş 4 günlük müharibənin nəticələrinin münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bir daha sübut edib.  Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA. ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.xeber100.com  

Aprel 27, 2016 1:52