İkitərəfli əməkdaşlığın inkişafı…

Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirlikdən  apa-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İran prezidentləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Vaezi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son gərginlik zamanı mülki Azərbaycan əhalisi və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verib. O, İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha vurğulayıb.Qonaq hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən birgə tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini söyləyib. M. Vaezi ölkəsinin regional sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olduğunu bildirərək, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik  orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Məmmədyarov isə Azərbaycan prezidentinin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu deyib. O, Mahmud Vaezini Azərbaycan prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Məmmədyarov aprelin 20-də Astara çayı üzərində təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, körpünün ölkələrin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb.xeber100.com

Aprel 23, 2016 11:37

Qələbənin 71-ci ildönümü ilə əlaqədar – SƏRƏNCAM

Azərbaycan Prezidenti  1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü ilə əlaqədar qərara alıram:11941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000,0 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə: Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9,0 (doqquz) milyon manat ayrılsın; Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.  

Aprel 21, 2016 3:58

Beynəlxalq ictimaiyyətə – Çağırış

“Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında davam edən hərbi münaqişə Azərbaycan ərazilərinin təqribən beşdə birinin işğalı və ölkə əhalisinin hər doqquz nəfərdən birinin məcburi köçkün və ya qaçqın olması ilə nəticələnib. Ermənistan Respublikası Azərbaycana qarşı müharibənin başladılması və gücdən istifadə etməklə onun torpaqlarının işğalı, eləcə də kütləvi etnik təmizləmənin həyata keçirilməsi və münaqişə dövründə digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Beynəlxalq ictimaiyyət sərt şəkildə Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini ardıcıl formada qınayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib. Beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə etinasızlıq və beynəlxalq hüququn kobud şəkildə pozulması şəraitində Ermənistan işğala əsaslanan hazırkı status-kvosunu qoruyub saxlamağa, işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu gücləndirməyə, ərazilərin demoqrafıq, mədəni və fiziki xarakterini dəyişməyə, zorla məcburi köçkün edilən yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmasının və bu ərazilərdəki mülkiyyətinə sahib olmasının qarşısını almağa xidmət edən cəhdlərini davam etdirir. Bununla yanaşı, davamlı şəkildə atəşkəsin pozulması, azərbaycanlı mülki əhalinin həlak olması və yaralanması ilə nəticələnən Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca və hər iki dövlətin sərhədində yerləşən Azərbaycan şəhərləri və kəndlərinə hücumlar son dövrlər daha intensiv və zorakı xarakter alıb. Azərbaycan Respublikası bu xüsusda öz qəti etirazını və ciddi narahatçılığını dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikası onu da dəfələrlə bəyan edib ki, onun ərazilərinin hərbi işğalı həll yolu deyildir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaqdır. 2 aprel 2016-cı il tarixində səhər tezdən Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə Azərbaycanın nəzarəti altında olan mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb. Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. Beləliklə, 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib. Bundan başqa, 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub. 2016-cı il 18 aprel tarixinə kimi Ermənistan silahlı qüvvələrinin hücumlarının nəticələrinə dair yenilənmiş məlumat əlavə edilir. Ermənistanın hücum xarakterli əməlləri həmçinin, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb oldu. 10 aprel 2016-cı il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflər arasında son gərginliyin ardınca həlak olmuş şəxslərin cəsədlərinin təhvil verilməsi məsələsinə köməklik göstərdi. Sonradan həyata keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının cəsədlərində ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınıb. Ermənistan qəsdən həyata keçirdiyi hücum fəaliyyəti ilə 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini sarsıdıb və münaqişənin sülh yolu ilə həlli perspektivlərini zərbə altına qoyub. 5 aprel 2016-cı il tarixində Rusiya Federasiyasının vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında atəşkəs barədə razılığa gəlindi. Buna baxmayaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və qoşunların təmas xətti boyunca yerləşən şəhər və kəndlərini iri-çaplı silahlar, minaatanlar, qumbaraatanlar və artilleriyadan atəşə tutmaqla o razılaşmanı pozmaqda davam edir. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insanı davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları, Mülki və siyasi hüquqlara dair beynəlxalq pakt, İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur. Ermənistan tərəfindən Azərbaycana qarşı başladılmış müharibənin səbəb və nəticələrinin hərtərəfli qiymətləndirilməsi nəticəsində tam şəkildə aydın olur ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın geniş yayılmış və sistematik xarakter daşıyan siyasətinin və zorakılıq təcrübəsinin tərkib hissəsidir. Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcək. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə Ermənistanı qınamağa və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan Respublikası münaqişənin siyasi yolla nizamlanmasına nail olunması və regionda sülh və ədalətin təmin olunması üçün səylərini əsirgəməyəcək”.xeber100.com  

Aprel 21, 2016 3:47