Hərbi-tibbi təlim toplantısı keçirilib

"N" saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib. Toplantıda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də geniş əhatə edib. Müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilərək istifadəyə verilib. Müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laborator kabinələr, yaralıların təxliyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb. "Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bu işlər daha uğurla davam etdirilir. Maddi-texniki baza təkmilləşdirilir, tibbi-hərbi hissə və müəssisələr müasir tibbi avadanlıqla təmin edilir. Beynəlxalq əlaqələrimiz də genişləndirilir. Həkimlərimiz Türkiyədə, Almaniyada, ABŞ-da və digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edirlər", - deyə N.Əliyev əlavə edib. Bildirilib ki, Silahlı Qüvvələrin Tibb Baş İdarəsinin Respublika Səhiyyə Nazirliyinin nəzdində olan səhiyyə müəssisələri ilə sıx əməkdaşlığı nəticəsində son günlər ölkəmizə qarşı düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçularımıza yüksək tibbi xidmətin göstərilməsində nazirliyin mütəxəssislərinin xidmətləri də əvəzsizdir. Göstərilən yardıma görə Səhiyyə Nazirliyinin rəhbərliyinə, eləcə də bütün həkim kollektivlərinə minnətdarlıq ifadə edilib.Sonra tibb xidməti polkovniki Famil Babayev, tibb xidməti polkovnik-leytenantı Vüsal Rəcəbli, tibb xidməti kapitanı Xalidə Abbasova müasir tibb elminin nailiyyətləri, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnərək onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunmasının vacibliyi və digər mövzularda məruzələrlə çıxış ediblər. Toplantıda Gəncə, Mingəçevir, Naftalan, şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Yevlax rayonlarının və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər. Sonda toplantı iştirakçıları mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.xeber100.com  

Aprel 20, 2016 1:36

Dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan sessiya başlayıb

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyası keçirilir. Apa-nın məlumatına görə, Azərbaycanı bu tədbirdə baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Aprelin 19-da başlayan üç günlük sessiya narkomafiya ilə uzun illər mübarizə aparan Kolumbiya, Meksika və Qvatemalanın təşəbbüsü ilə keçirilir. Xüsusi tədbirdə bir sıra ölkələrin dövlət başçıları, administrasiya rəhbərləri, narkomanlığa qarşı mübarizə qurumlarının rəhbərləri və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Sessiyanın açılışında bir neçə gün öncə Ekvadorda baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ə. Həsənov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra BMT-nin hər üç müvafiq konvensiyasına qoşulduğunu, ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. Azərbaycan müvafiq sahədə BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi ilə sıx əməkdaşlıq edir. Ə. Həsənov bildirib ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır, çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir. Sonra Ə. Həsənov Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolundan danışıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu qeyd edən baş nazirin müavini ölkənin 10 milyon əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb: “Təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometri Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələr əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir. Bu problemlə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi durur və bununla əlaqədar, Azərbaycan dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır”. Ə. Həsənov bundan sonra da Azərbaycanın narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəyini vurğulayıb.xeber100.com  

Aprel 20, 2016 11:25

NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr

Aprelin 19-da Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun mənzil-qərargahında Azərbaycanla NATO arasında 2016-cı il "Planlaşdırma və Analiz Prosesi" (PAP) sənədi çərçivəsində tərəfdaşlıq məqsədlərinin müzakirəsi üzrə NATO-nun Şimali Atlantika Şurasının "28+1" formatında görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, eləcə də NATO yanında Azərbaycan Daimi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər. Tədbirdə regiondakı təhlükəsizlik məsələləri, müdafiə sahəsində aparılan islahatlar, PAP üzrə məqsədlərin yerinə yetirilməsi, o cümlədən NATO ilə hərbi uzlaşmanın genişləndirilməsinin perspektivləri üzrə müzakirələr aparılıb. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov NATO üzv dövlətlərinin nümayəndələrinə aprel ayının ilk günlərində qoşunların təmas xəttində yerləşən Azərbaycanın yaşayış məntəqələrinə və vətəndaşlarına qarşı erməni bölmələrinin həyata keçirdiyi təxribat fəaliyyətləri, onların qarşısının alınması, o cümlədən mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində keçirilən cavab tədbirləri barədə geniş məlumat verilib.xeber100.com  

Aprel 19, 2016 4:20

Avropa Şurası Parlament Assambleyasinın yaz sessiyası başlayır

Aprelin 18-dən 22-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasinın (AŞPA) yaz sessiyası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindənapa-ya verilən məlumata görə, sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər. Sessiya çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatlar dinləniləcək, Avropada antisemitizmə qarşı mübarizə, Suriyalı qaçqın böhranı, Miqrant və qaçqın hüquqları – Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Tədbirdə AŞPA-nın Sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək, bununla bağlı müzakirələr aparılacaq. Sessiyada Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş son hadisələrin müzakirə olunması da gözlənilir. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.xeber100.com

Aprel 17, 2016 5:33

Türkiyə Ali Məhkəməsinin sədri Azərbaycanda…

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmail Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Apa-nın məluamatına görə, prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İstanbulda keçirilən 13-cü Sammitində iştirakını məmnunluqla xatırladıb. Dövlət başçısı bu tədbirdə İslam ölkələrinin yüksək səviyyədə təmsil olunmasını Türkiyəyə olan münasibətin təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşlərinin də səmərəli olduğunu diqqətə çatdırıb. Türkiyə Ali Məhkəməsinin sədri İ. R. Cirit qardaş və dost ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini, türk xalqının bundan məmnun olduğunu söyləyib, xalqımızın Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən “bir millət, iki dövlət” sözlərinin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin səviyyəsini göstərdiyini vurğulayıb. İ. R. Cirit bir müddət öncə Dağlıq Qarabağda qoşunların təmas xəttində baş vermiş hadisələr zamanı Azərbaycan hərbçilərinin şəhid olması ilə əlaqədar başsağlığı verib, yaralananlara şəfa diləyib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirib. Görüşdə ölkələrimizin məhkəmə sistemləri arasındakı uğurlu əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da genişlənməsi işinə töhfə verdiyi qeyd olunub.xeber100.com

Aprel 17, 2016 5:17

Azərbaycan nümayəndə heyəti Strasburqa səfər edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə bir qrup deputat Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir. Sessiya çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatlar dinləniləcək, Avropada antisemitizmə qarşı mübarizə, suriyalı qaçqın böhranı, miqrant və qaçqın hüquqları – Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə AŞPA-nın Sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək, bununla bağlı müzakirələr aparılacaq. Sessiyada Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş son hadisələrin müzakirəsi də gözlənilir. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər. xeber100.com

Aprel 16, 2016 12:47

“Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik…

Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların razılıq olmadan yayılması qadağan olunur. Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. Komitə sədri Rafael Hüseynov layihəni təqdim edib. O deyib ki, qanuna təklif olunan dəyişikliklər Azərbaycanda insan hüquqlarına hörmətin çərçivəsinin daha da artırılmasına xidmət edəcək.  Deputat bildirib ki, dəyişikliklərdə məqsəd mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır. “Bu isə bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil”. Qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək. Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: “yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: “Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Aprel 12, 2016 10:08