BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib. XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Q.İsakzai etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib. E.Məmmədyarov Q.İsakzaini yeni təyinatı münasibətilə təbrik edərək, onun Azərbaycanla BMT arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Nazir ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyini qeyd edib. BMT rəsmisi təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. O, həmçinin Azərbaycanın ANAMA və "ASAN Xidmət" kimi qurumlarının təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib. E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində son dövrlər atılan addımlar barədə danışıb. Q.İsakzai BMT-nin bu dəhlizlərin reallaşması üçün texniki dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.xeber100.com                

Aprel 12, 2016 12:01

“Tibbi sığorta haqqında” model qanun layihəsinə baxılacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Azərbaycanın bir qrup deputatı aprelin 13-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qurumun Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək. O bu komissiyanın sədri qismində iclası açaraq, gündəlikdəki məsələlər barədə məlumat verəcək. A.Rəhimzadə, eyni zamanda MDB-nin 2016-2020-ci illər üzrə perspektiv model qanunvericilik planına təkliflər barədə və MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının təşəbbüsü ilə qurum tərəfindən qəbul olunmuş model qanunvericilik aktlarından istifadə edilməsi ilə bağlı məruzələrlə çıxış edəcək. Tədbirdə həmçinin, "Tibbi sığorta haqqında" model qanun layihəsinə baxılacaq. Deputatlar Rüstəm Xəlilov və Malik Həsənov İqtisadiyyat və maliyyə məsələləri daimi komissiyasının yığıncağında iştirak edəcəklər. Tədbirdə "Publik-fərdi tərəfdaşlıq haqqında", "Xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında", "Qiymətqoymanın dövlət tərəfindən tənzimlənməsi barədə" model qanunların, Kosmik məkanın dinc məqsədlərlə öyrənilməsi və istifadə edilməsi sahəsində əməkdaşlığa dair MDB Konvensiyasının layihələri müzakirə olunacaq. Millət vəkili Bəxtiyar Əliyev qurumun Elm və təhsil üzrə daimi komissiyasının iclasına qatılacaq. İclasın gündəliyinə "Böyüklərin təhsili haqqında", "Ekspertiza və ekspert fəaliyyəti barədə", "İnnovasiya məhsullarının hazırlanması, istehsalı üzrə birgə araşdırmalar və əməkdaşlıqla bağlı" model qanun layihələri və digər məsələlər daxil edilib. Səfər aprelin 15-də başa çatacaq.xeber100.com      

Aprel 12, 2016 11:56

Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə ümid edir

  Ermənistan və Azərbaycan dörd günlük müharibədən sonra atəşkəs elan etdi. Lakin bu döyüşlər sübut etdi ki, post-sovet məkanındakı dondurulmuş münaqişələr əslində dondurulmuş deyil. Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Blumberq” nəşrinin təhlilində deyilir. Nəşr qeyd edir ki, Dağlıq Qarabağda müharibə istənilən an alovlana bilər: “1988-ci ildə başlanan münaqişə 1994-cü ildə atəşkəslə dayandı. Bu müddət ərzində Ermənistan Rusiya qoşunlarının köməyi ilə qalib gəldi və bir milyona qədər azərbaycanlı öz evlərindən qovuldu. Atəşkəs ara-sıra toqquşmalarla 20 ildən artıq davam etdi və bir şənbə günü münaqişə qəfil alovlandı. Burada Azərbaycanın cəsarəti xüsusilə diqqət çəkir”. “Blumberq” qeyd edir ki, Türkiyə bu gün Azərbaycana bütün dəstəyi verir: “Ərdoğan “sona kimi Azərbaycanın yanındayıq” sözünü verdi və bu təkcə sözlə bitmir. Ermənistan isə Rusiyanın yaxın müttəfiqidir. Amma çox maraqlıdır ki, Putin Ərdoğan kimi danışmadı və Ermənistanı açıq dəstəkləmədi. Əksinə, o, atəşi dayandırmaqla bağlı çağırış etdi. Azərbaycan üstünlüyü ələ alsa da, atəşin dayandırılmasına razı oldu. Bakının Moskva ilə iqtisadi əlaqələri zəifləyib, o daha çox ABŞ və Avropa Birliyinin aparıcı ölkələri ilə ticarət edir. Amma Rusiya Azərbaycan üçün hər zaman acıqlı düşmən ola bilər. Hazırda rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə ümid edir və inanır ki, Ermənistan geri çəkilməyə məcbur ediləcək. Ümumi proses hazırda Azərbaycanın əlinin daha güclü olduğunu da göstərir”.  

Aprel 7, 2016 2:30

Ölkə başçısı: “Heç kimə imkan verməyəcəyik ki, torpağımızda hökmranlıq etsin”

“Əsgərlərimiz sübut ediblər ki, Azərbaycanın dəyərli vətəndaşlarıdırlar". Apa-nın məlumatına görə, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bu cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib.  Dövlət başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: “Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bu gün onlara və sizə öz təşəkkürümü bildirmək üçün gəlmişəm ”. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur”.  

Aprel 5, 2016 2:45