Növbəti təxribat…

Müdafiə Nazirliyininmətbuat xidmətindən verilən məlumata görə, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir. Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.

Aprel 2, 2016 5:20

Döyüş təcrübəsində əldə edilən biliklərin mübadiləsi

Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı, general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirib. İki ölkənin hərbi sahədə əlaqələrinə toxunan general-polkovnik Zakir Həsənov ölkələrimizin müvafiq qurumları arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib. General-mayor Əhməd İbrahim Məhəmməd İbrahimi Misirin dostluq münasibətlərində olduğu Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirmək istəyini, bunun üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb. Görüşdə Azərbaycan ilə Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlərin genişləndirilməsinin vacibliyi, eləcə də terrorizmə qarşı birgə mübarizə, döyüş təcrübəsi sahəsində əldə edilən biliklərin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.  

Mart 31, 2016 1:06

Uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi

Azərbaycan prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdən əvvəl dövlət katibiCon Kerri və prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər-kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışıb. Dövlət başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edilib, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirilib, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb. Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirib. Dövlət başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sistemenin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulanıb.

Mart 31, 2016 11:07

İpək yolunda Sinergiya və 2030-cu ilin planı

Nyu-Yorkda BMT-nin  baş  qərərgahında   Beynəlxalq Türk Akademiyasının keçirdiyi  “ İpək yolunda Sinergiya və 2030-cu  ilin planı” adlı beynəlxalq Simpozium öz işinə başlayıb. Simpoziumun təntənəli açılışında Qazaxıstan Xarici İşlər Nazirlinın müavini Erjan Aşikbayev çıxış edərək,  prezident Nursultan Nazarbayevin təbrikini çatdırıb. Məktubda qeyd edilib ki,  BMT-nin qəbul etdiyi “Dayanıqlı inkişaf 2030 proqramı ”  bütün dünyanın hədəfidir. Bu insanlığın inkişafına, ətraf mühit, eləcə də kasıblığın aradan qaldırılmasının həll olunmasına yönəlmiş  məsələdir. İnanıram ki, Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi bu möhtəşəm görüşdə   BMT-nin məsuliyyətli üzvləri iştirak edir. Bu görüş sivilizasiyalar və xalqlar arasında  həmrəyliyin və  inamın möhkəmlənməsində mühüm rol oynayacaq.” Simpoziumun keçirilməsinə TİKA  Agentliyi və Türkiyə  Baş Nazirliyi nəzdində  Xaricdə yaşayan dünya türkləri və qohum xalqlar İdarəsi dəstək  verib. Görüşdə  Beynəlxalq Millətlər təşkilatının və dünyanın beynəlxlq təşkilatlarının rəhbərləri, diplomatlar və tanınmış alimlər iştirak ediblər. İki hissədən barət olan simpozimda “İpək yolu üzərində  və onun xaricində  sülh və təhlükəsizlik: transmilli təhlükəzsizlik və ekstremizmlə mübarizə” və “Mədəniyyətlərin yaxınlaşması ilə sabit inkişaf nəticəsində İpək yolunun inkişafı ” adlı  müzakirələr də marağa səbə olub. Müzakirələrdə  Nyu-Yorkda UNESKO -nun rəhbəri Mari Pol Rudil və Nyu York Beynəlxalq  Bazarların yaranması Akademiyasının prezidenti Vladimir Kvint çıxış edərək İpək Yolunun bərpasının əhəmiyyətindən və sivilizasiyalar arası mədəniyyətin insanlığa və xalqlara verə biləcəyi dəyərlərdən danışıblar. Beynəlxalq Türk Akademiyasının prezidenti darxan Xıdıralı  Nobel mükafatı laureatı Aziz Sancari və  tanınmış alimlər Kamal Kapat və Edvard Oluortanı Akademiyanın Qızıl medalları ilə təltif edib. 92 yaşlı Kamal Karpat məşhur  tarixçi türkoloqdur. Bu gün də Amerikada yaşayıb işləyən  alimin türklər və türk dünyası ilə bağlı 16 kitabı 130 elmi məqaləsi çap olunub. Edvard Oluort  uzun müddət  sabiq sovetlər ittifaqında Mərkəzi Asiyanı Araşdırma Mərkəzinin rəhbəri işləyib. Mərkəzi Asiya haqqında dəyərli kitabların müəllifidir. BMT-nin Baş qərargahında simpozium öz işini iki gün davam etdirəcək.  

Mart 30, 2016 11:26

Şəffaf və səmərəli idarəetmə sistemi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq, mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılsın. Sərəncama uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin aşağıdakı regional idarələri yaradılır: - Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi; - Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi; - İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi; - Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi; - Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi; - Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi; - Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi; - Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi; - Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi; - Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi; - Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi; - Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi; - Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi; - Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi; - Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi. Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin abidə mühafizəçiləri ştatları Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir. Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək. Maliyyə Nazirliyi mədəniyyət sahəsinin 2017-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin etməlidir.  

Mart 29, 2016 3:45