Azərbaycan Dövlət Musiqili Teatrında bu həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, bunlar 5, 6, 7 fevral tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq “Qafqazlı qardaşqızı” (R. Hacıyev), Anar Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “www.ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), “Düyməcik” (H.K. Andersen) və “Ər və arvad” (Ü. Hacıbəyli) tamaşalarıdır.
Dövlət Musiqili Teatrı bu həftə də həm rusdilli, həm də balaca tamaşaçılarını unutmayıb. Belə ki, 5 fevral saat 19.00-da SSRİ Xalq artisti R. Hacıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər üçün, 7 fevral saat 12.00-da isə H.K. Andersenin “Düyməcik” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.
Balacalar həmçinin 6 fevral saat 12.00-da Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsərini Azərbaycan dilində izləyə biləcəklər.
Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Səidə Şərifəliyeva, Novruz Qartal, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, Emma Məlikova, aktyorlar Emil Heydərov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Yuliya Heydərova, Möylə Mirzəliyev, Rauf Babayev, Gülcahan Salamova, Elçin İmanov, Marina Litvinenko, Fərid Rzayev, Cəlalə Novruzlu, Ağaxan Şərifov, Nadejda Povelitsına, Əliməmməd Novruzov, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Gülnarə Əzizova, Elxan İsmayılov, Nicat Həbibov və başqalarının ifalarını izləyə biləcəklər. Azərbaycan Dövlət Musiqili Teatrı ayın ilk həftəsini xoş ovqatla başa vurmaq istəyən hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə etmək olar.