Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dekabrın 8-də xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.XİN-in Mətbuat xidməti idarəsindən Azərtac-a bildirilib ki, Ceyhun Bayramov cari ilin 19-21 fevral tarixlərində Prezident İlham Əliyevin İtaliya Respublikasına tarixi dövlət səfərini xatırladaraq, səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə tərəflərin bir-birlərini strateji tərəfdaş kimi qəbul etdiklərini söyləyib.Nazir Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi barədə qarşı tərəfə ətraflı məlumat verib. O, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, xüsusilə Cənub Qaz Dəhlizi layihəsində iştirakı ilə bağlı fikir mübadiləsi aparıblar.Dövlət katibi Manlio Di Stefano regionda baş verən hadisələrlə bağlı yerində məlumat alınmasının daha faydalı olduğunu, bu səbəbdən Azərbaycana səfər etdiyini söyləyib.Görüş zamanı tərəflər, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.xeber100.com

Dekabr 9, 2020 10:18

“The Canberra Times” qəzeti Azərbaycanın tarixi Qələbəsindən yazır

Avstraliyanın “The Canberra Times” qəzetində “Ermənistanda etirazçılar baş nazir Paşinyanın istefasını tələb edir” adlı məqalə dərc edilib.Azərtac-ın xüsusi müxbiri xəbər verir ki, məqalədə on minlərlə müxalifət tərəfdarının Yerevan şəhərində keçirilən mitinqində Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatan hərbi əməliyyatlara görə baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi qeyd olunur. Bildirilir ki, altı həftə davam edən müharibə Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da imzalanmış üçtərəfli sənədə əsasən Ermənistanın məğlubiyyəti ilə başa çatıb. Azərbaycan Ermənistan ordusunun təqribən 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı torpaqları azad edib.Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən də bəhs olunur. Qeyd edilir ki, ötən əsrin 90-cı illərində Ermənistanın əsassız ərazi iddiaları nəticəsində başlanan döyüşlər Azərbaycanın Dağlıq Qarabağ regionunun və yeddi rayonunun işğal edilməsi ilə başa çatmışdı.Son olaraq cari il sentyabrın 27-də Ermənistan ordusunun mülki əhaliyə qarşı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığı qeyd edilir. Cəmi 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi böyük uğur nəticəsində Ermənistanın məğlubiyyətlə bağlı sənədi imzalamağa məcbur edildiyi vurğulanır.xeber100.com

Dekabr 7, 2020 2:50

“The New York Times” qəzeti yazır…

“The New York Times” qəzetində nəşrin İstanbul bürosunun rəhbəri Karlotta Qollun Azərbaycanın Ağdam rayonunun Çıraqlı kəndində müharibədən sonrakı vəziyyətə həsr olunan “Mən nə hiss edirəm? Ən əsası odur ki, biz salamatıq” adlı məqaləsi dərc edilib.Azərtac xəbər verir ki, məqalədə qoşunların əvvəlki təmas xəttində yerləşən kəndin 20 ildən artıq müddətdən sonra yenidən bütün dünya üçün açıq olmasından bəhs edilir.Qoll yazır ki, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs nəticəsində müharibə dayandırılandan sonra dünya sanki Çıraqlı kəndinin sakinlərinin taleyini unutmuşdu. Lakin münaqişə bu kəndin sakinləri üçün başa çatmadı. Atəşkəs nəticəsində iki ordu cəbhə xətti boyunca üzbəüz qaldı, onların arasındakı məsafə cəmi bir neçə yüz metr idi. İndi, altı həftəlik müharibədən sonra bərqərar olan sülh şəraitində kənd camaatı evlərinə qayıdır, mərmi qəlpələrini təmizləyir, gözəl gələcəyə böyük ümidlə evlərini bərpa edirlər.Ağdam rayonunun Azərbaycana qaytarılması dövründə Çıraqlı kəndində olan müəllif yazır ki, Çıraqlı sakinlərinin öz kəndlərini bərpa etdikləri bir zamanda uzaqda qara tüstü görünür, orada ermənilər öz əşyalarını toplayaraq tərk etdikləri evləri yandırırlar. Ermənistan atəşkəs barədə bəyanata uyğun olaraq qoşunların çıxarılması öhdəliyini üzərinə götürüb. Qoll kənd sakinləri ilə söhbət edib, onlar deyiblər ki, əvvəllər evlərin damına yaxud əkin sahələrinə çıxmaq mümkün deyildi, çünki erməni qoşunları ilə aralarındakı məsafə çox az idi. Erməni qoşunları mütəmadi olaraq kəndi atəşə tuturdular.Müəllif atışma və erməni hərbçiləri tərəfindən təcavüz aktları nəticəsində doğmalarını itirən kənd sakinlərinin faciəli talelərindən söhbət açır.Qoll yazır ki, 1994-cü ildə atəşkəslə başa çatan Birinci Qarabağ müharibəsində erməni qüvvələri hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmişdilər. İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu Dağlıq Qarabağa əsas zərbəni cənub istiqamətində endirdi.Kənd sakinlərinin əksəriyyəti fermerlərdir və onlar erməni qüvvələrinin çıxarılmasına çox sevinirlər. Çünki indiyədək ermənilərin atəşi altında olan öz əkin sahələrinə bundan sonra ayaq basa biləcəklər.xeber100.com

Dekabr 5, 2020 9:08

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupları arasında görüş olub

Dekabrın 3-də Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında videokonfrans formatında görüş olub.Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Vüqar İsgəndərov, Müşfiq Cəfərov, Naqif Həmzəyev, Elman Nəsirov, Əminə Ağazadə, Cavid Osmanov, Anar Məmmədov, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrləri Valeriy Kolyux, Vladimir Kreydenko, Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski, ölkəmizin Ukraynadakı səfirliyinin nümayəndəsi Vüsal Süleymanov, Ukraynada Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov və digər şəxslər iştirak ediblər.Çıxış edən Valeriy Kolyux bildirib ki, Ukrayna parlamentində Azərbaycanla işçi qrupu ən böyük qruplardan biridir, 50-dən çox üzvü var. Qrup böyük olduğuna görə onun iki həmsədri var.Sonra Vladimir Kreydenko çıxış edərək diqqətə çatdırıb ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Hər iki həmsədr Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik ediblər. Həmsədrlər işğaldan azad edilmiş Azərbaycan ərazilərində tezliklə iqtisadi inkişafın və infrastrukturun qurulmasının təmin ediləcəyinə əminliklərini ifadə ediblər. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.Rüfət Quliyev Milli Məclisin rəhbərliyi adından ölkəmizin ərazi bütövlüyünün bərpasında birmənalı olaraq Azərbaycanı yüksək səviyyədə dəstəklədiyinə görə Ukrayna dövlətinə və xalqına təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, bu müharibədə beynəlxalq hüquq və ədalət bizim tərəfimizdə idi və biz qalib gəldik. Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir və prezidentlərimizin sayəsində bu münasibətlər yeni səviyyəyə yüksəlib. Hazırda Ukraynada 500 mindən artıq azərbaycanlı yaşayır. Çoxlu sayda azərbaycanlı gənc Ukraynanın müxtəlif ali məktəblərində təhsil alır.Sonra onlayn görüşdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birbaşa aviareyslərin bərpası, investisiyaların təşviqi, kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Dekabr 4, 2020 2:07

Müdafiə Nazirliyi: Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçularla bağlı məlumat yayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a daxil olan məlumatda qeyd edilib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına və şücaətlə döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib.Rəşadətli və qorxmaz əsgər və zabitlərimiz əksər strateji yüksəkliklərin, əlverişli döyüş mövqelərinin Ermənistan silahlı qüvvələrinin əlində olması, Ermənistanın çoxsaylı artilleriya, yaylım atəşli reaktiv sistemləri və minaatan qurğularından ibarət sıx atəş zərbələri altında və çətin coğrafi relyef və iqlim şəraitində döyüş apararaq Ermənistanı məğlub etməyə müvəffəq olub.Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biridir.Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Amma müharibə itkisiz olmur.Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.“Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.xeber100.com

Dekabr 3, 2020 2:28

Prezident Administrasiyasının məlumatı əsasında…

Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda Vətən müharibəsinə qalxmışdır. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazanmış, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.Bununla yanaşı, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu, adı türk dünyasının tarixinə qızıl hərflərlə həkk olunmuş böyük şəxsiyyət Mustafa Kamal Atatürkün anım günüdür. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”. Azərbaycanı ürəkdən sevən, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” deyən Mustafa Kamal Atatürk hər bir azərbaycanlının qəlbində özünə yer etmişdir, onun xatirəsi ölkəmizdə də böyük ehtiramla yad olunur.Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olmuşdur.Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir.xeber100.com  

Dekabr 3, 2020 12:34