Milli Məclis Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib

Azərbaycan Respublikasının Milli Məclisi noyabrın 26-da keçirilən iclasında Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib.Azərtac həmin bəyanatı təqdim edir. Azərbaycan Respublikası Milli Məclisinin B Ə Y A N A T I Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir: • Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “Dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur; • Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir; • Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır; • Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun “Şərq Tərəfdaşlığı” proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır; • Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur; • Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir; • Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə Silahlı Qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir; • Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur; • Ermənistan silahlı qüvvələri 1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər; • Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin “nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir; • Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir; • 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır; • Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir: 1. Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin; 2. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın; 3. Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək lazımi tədbirlər görülsün.xeber100.com

Noyabr 26, 2020 1:17

Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu, Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb

Qarabağdakı 30 illik ədalətsizliyə son qoyuldu. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan torpağı olan Qarabağda erməni işğalı sona çatıb, uzunmüddətli sülhə ümidlər ilk dəfə olaraq artıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb.Azərtac xəbər verir ki, bu fikirləri hakim Ədalət və İnkişaf Partiyasının sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında ifadə edib.Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli barədə mövqeyinin dəyişməz olduğunu, bu məsələ ilə bağlı həyata keçirilən tədbirlərdən, bu istiqamətdə dövlət başçıları ilə davamlı təmaslarından bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan təəssüflə bildirib ki, Minsk qrupunun bəzi həmsədr ölkələri açıq şəkildə Ermənistanın işğalçılıq siyasətinə dəstək verib. Qazanılan hərbi zəfər sayəsində artıq Kəlbəcər rayonunun da Azərbaycana qaytarıldığını vurğulayan dövlət başçısı bildirib ki, azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına dönməsi ədalətin bərpasıdır.Türkiyə Prezidenti çıxışında gündəlikdəki digər məsələlər, o cümlədən ölkədə həyata keçirilən islahatlar, koronavirus pandemiyası ilə mübarizə tədbirləri, infeksiyaya qarşı yerli istehsal olan peyvəndin hazırlanması işləri barədə geniş məlumat verib.xeber100.com

Noyabr 25, 2020 2:43

Kəlbəcərin işğaldan azad olunması avtoyürüşlə qeyd edilib

Noyabrın 25-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması müjdəsini verdikdən sonra Bakı şəhərində avtomobil yürüşü keçirilib. Heydər Əliyev Mərkəzindən start götürən yürüşün iştirakçıları paytaxtın küçə və prospektlərindən keçərək Şəhidlər xiyabanına doğru hərəkət ediblər.Əllərində Azərbaycan, Türkiyə və Rusiya bayraqları tutan yürüş iştirakçıları “Kəlbəcər azaddır”, “Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər.Yürüş iştirakçılarından bir neçəsi sevinc hisslərini Azərtac-la bölüşüb.Paytaxt sakini Reyman Ağrılı deyib: “Bu gün Azərbaycanımızın qələbəsini qeyd edirik. Qarabağın dilbər guşələrindən biri olan Kəlbəcər artıq azaddır. Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi, qətiyyəti, rəşadətli Ordumuzun şücaəti, xalqın öz Prezidentinin ətrafında yumruq kimi birləşməsi Qələbəmizi təmin etdi. Ordumuz qısa zaman ərzində mənfur düşməni diz çökdürtdü. Dünya Azərbaycan Ordusunun gücünü bir daha gördü”.Digər müsahibimiz Kənan Əsgərov qüdrətli Azərbaycan dövləti və ordusu ilə fəxr etdiyini bildirib. O, işğal altındakı ərazilərimizin azad edilməsinin tarixi hadisə olduğunu vurğulayaraq deyib: “Müzəffər Ali Baş Komandanımız və Ordumuz müasir Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdılar. Əsgər və zabitlərimiz yeni qəhrəmanlıq dastanına imza atdılar. Bu gün hər kəs dövlətimiz və ordumuzla qürur duyur. Yaşasın, Azərbaycan”.Digər yürüş iştirakçıları da Kəlbəcərin azad olunmasını daha bir şanlı zəfər kimi qiymətləndirib, xalqımıza qələbə sevinci, qürur hissləri yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.xeber100.com

Noyabr 25, 2020 2:41

İlham Əliyev: Heç kim bizim işimizə qarışmasın, işimizə burunlarını soxmasınlar

Bax, bu məsciddə vəhşi düşmən inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Zəngilan məscidində, azad edilmiş məsciddə donuz saxlayıb. Cəbrayıl məscidində donuz saxlayıb. Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada.Azərtac xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə Ağdam məscidinin qarşısında çıxış edərkən deyib.“Burada bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri olub. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə narahatlıq yaratmayıb bu, bəzi Qərb liderlərində? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin də cavabını vermişik və verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.xeber100.com

Noyabr 24, 2020 2:17

“Associated Press News” agentliyi yazır…

“Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə yayıb.Azərtac xəbər verir ki, “Müharibə səbəbindən köçkün düşən azərbaycanlılar evlərinə geri qayıtmaq istəyirlər, əgər belə bir ev qalıbsa” sərlövhəli reportajda əvvəlcə Azərbaycanın Qarabağda altı həftə davam edən uğurlu hərbi əməliyyatlarından bəhs olunur.Bildirilir ki, 1990-cı illərdə müharibə zamanı azərbaycanlılar Qarabağdan və ətraf ərazilərdən çıxarılıblar. Altı həftəlik hərbi əməliyyatlardan sonra noyabrın 10-da Azərbaycan həmin ərazilərə nəzarəti bərpa etdi. Hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən qalan ərazilər də Azərbaycana qaytarılır. Azərbaycan hərbçiləri sülh yolu ilə qaytarılan ərazilərdən birincisi olan Ağdama girdikdə isə şəhərin tam bir xarabalığa çevrildiyini gördülər.1992-ci ildə köçkün düşmüş Adil Şərifov adlı şəxs deyir ki, onun doğma Cəbrayıl rayonunda da eyni vəziyyətdir. Lakin buna baxmayaraq o, Cəbrayıla geri qayıdacağı günün həyatının ən xoşbəxt günü olacağını qeyd edir.Müəllif yazır Cəbrayıl hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən geri qaytarılıb. Rayon azad ediləndən sonra Adilin qohumlarından biri oraya gedib və şəhərin, eləcə də bir vaxtlar yaşadıqları evin dağıdıldığını bildirib. Uzun illər ərzində Cəbrayıldan aldıqları pis xəbərlərə baxmayaraq, Adilin anası evlərinin açarlarını hələ də saxlayıb. Adil orada daha yaxşı ev tikdirəcəyini deyir. Adil Şərifov bildirir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına əməl etsələr, özlərini sakit aparsalar onlarla sülh içində yaşaya biləcəyik. Bizim də istədiyimiz sülhdür.Məqalədə qeyd edilir ki, Şuşadan olan 50 yaşlı Ülviyyə Cumayeva isə ən azı daha yaxşı vəziyyətdə olan şəhərə qayıda biləcək. Döyüşlərdə iştirak edən qardaşı Nəsimi ona zəng edib bir vaxtlar yaşadıqları evin salamat qaldığını deyib.Müəllif xatırladır ki, Şuşanı da Azərbaycan Ordusu geri qaytarıb. Ülviyyə Cumayeva deyir ki, onlar evlərini tərk edəndən sonra ermənilər gəlib orada yaşayıblar və bütün əşyaları aparıblar. O, Bakıda evlərinin olmasına baxmayaraq, hər zaman Şuşaya qayıtmaq ümidi ilə yaşadıqlarını bildirib. Ülviyyə Cumayeva onun məktəb yoldaşları arasında ermənilərin də olduğunu xatırlayaraq deyib ki, o, onlara qarşı heç vaxt pis münasibətdə olmayıb. Müharibəni başladıb, qırğınlar törədən Ermənistanın cinayətkar liderləridir. O, ermənilərin bir vaxtlar qeyri-qanuni məskunlaşdıqları rayonları bu günlərdə əldə edilmiş razılaşmaya əsasən tərk edərkən azərbaycanlılara məxsus evləri yandırmalarından çox hiddətləndiyini də qeyd edir.xeber100.com

Noyabr 22, 2020 2:02

İlham Əliyev yeni tarix yazır, yeni tarix yaradır

Noyabrın 20-də Ağdam rayonun erməni işğalından azad olunması xalqımız tərəfindən böyük sevinclə qarşılandı. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə Ermənistanın məğlubiyyəti ilə nəticələndi. Döyüş meydanında məğlub olan işğalçı Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək üçtərəfli bəyanatı imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da xalqa müraciətində qeyd etdi ki, Ağdamın dinc yolla işğaldan azad olunması üçtərəfli Bəyanatın nəticəsidir.Bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır, yeni tarix yaradır. Bu, zəfər, qələbə tarixidir.Deputatın sözlərinə görə, Ağdamın işğalı rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub, çoxlu şəhidlər veriblər. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, mineralogiya elmləri doktoru Xudu Məmmədov kimi onlarca görkəmli şəxsiyyət bəxş edib.Eyni zamanda, Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənət abidələri var. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb və tapılmış artefaktlar Ermənistana daşınıb. Ağdamda olan evləri dağıtmaqla yanaşı, onun daşlarını da söküb aparıblar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilib, Çörək muzeyi, Tarix-ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun Xatirə muzeyi və Ağdam Şəkil Qalereyası, 1314-cü ildə Xaçındərbənd kəndindəki tikilmiş Qutlu Sarı Musa oğlu günbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və daş abidələr, Papravənd kəndində XVIII əsrə aid günbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılıb. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub. Bu vəhşilik “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.S.Fətəliyeva qeyd edib ki, Azərbaycan bu vandalizmi törədən ermənilərin cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var.xeber100.com  

Noyabr 21, 2020 3:51