Ali Baş Komandan İlham Əliyev: Düşmən hərbi cinayət törədib

Düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bütün bu dövr ərzində düşmən, sadəcə olaraq, bizi, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir.Azərtac xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə səsləndirib.Dövlətimizin başçısı deyib ki, işğaldan azad edilmiş torpaqların mənzərəsi düşmənin Azərbaycan xalqına nifrət hissi ilə yaşadığını göstərir: “Əks-təqdirdə bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.xeber100.com

Noyabr 11, 2020 2:56

BMT-nin Baş katibi atəşkəs haqqında razılaşmanı alqışlayıb

BMT-nin Baş katibi Antonio Quterreş Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının 10 noyabr 2020-ci il tarixdən tamamilə dayandırılması barədə xəbəri rəğbətlə qarşılayıb. Tərəflər müvafiq razılaşmaya Rusiyanın vasitəçiliyi ilə nail olublar, bu barədə Rusiya Prezidenti Vladimir Putin rəsmi elan edib.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın mətbuat katibi Stefan Düjarrik deyib: “Baş katib döyüş əməliyyatlarının dayandırılması barədə razılaşma əldə olunması faktını rəğbətlə qarşılayıb. Biz Rusiyanın hakimiyyət orqanlarına bu məsələdə oynadıqları müsbət rola görə çox minnətdarıq. Dinc əhalinin iztirabının başa çatacağına ümidlər rahatlıq hissləri əmələ gətirir.Mülki əhali, humanitar əlçatanlığın təmin edilməsi və insan həyatının xilası məsələləri daim bizim diqqət mərkəzimizdə olub”.S.Düjarrik bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri öz mandatına uyğun olaraq, razılaşmanın şərtlərinin yerinə yetirilməsində tərəflərə kömək edəcəklər. Hazırda bu məsələ üzrə danışıqlar aparılır.KİV-lərin yaydığı məlumata görə, əldə olunan razılaşmaya əsasən qaçqınlar və məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qayıtmalıdır.xeber100.com

Noyabr 11, 2020 2:37

Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin yaradılması bölgədə iş birliyinin yeni formatıdır

Bu gün əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla söhbət əsnasında, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu da çox önəmli addımdır. Bu, bölgədə iş birliyinin yeni formatıdır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu barədə noyabrın 10-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən deyib.“Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər. Beləliklə, bu mərkəzin qısa bir zaman içərisində yaradılmasında çox böyük fayda var. Bir daha xoş gəlmisiniz, öz doğma evinizə xoş gəlmisiniz”, - deyə dövlətimizin başçısı qeyd edib.xeber100.com

Noyabr 10, 2020 8:27

Noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa zəfərindən dərhal sonra xalqımıza yeni böyük müjdə verdi. Belə ki, noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub.Azərtac xəbər verir ki, dövlətimizin başçısı rəsmi “Twitter” hesabında Azərbaycan Ordusunun Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etdiyini bildirib.Bu gün Prezident İlham Əliyev, həmçinin Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərinin işğaldan azad olunduğunu elan edib.xeber100.com

Noyabr 9, 2020 7:06