Prezident İlham Əliyev: Bizim hərbi itkilərimiz çox deyil

Bizim hərbi itkilərimiz çox deyil. Əgər siz müharibənin miqyasına və bizim Ermənistanın 30 il ərzində tikdiyi istehkamları, bütün mövqeləri dağıtmalı olduğumuza baxsanız, bizim itkilərimiz minimaldır.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu barədə “BBC News”a müsahibəsində Azərbaycanın hərbi itkiləri və dronların rolu ilə bağlı suala cavabında bildirib.Azərbaycanın itkilərinin Ermənistanla müqayisədə xeyli az olduğunu bildirən dövlətimizin başçısı bunun səbəbini belə izah edib: “Çünki bizim hərbi imkanlarımız daha yaxşıdır və bizim minimum itki verməyə imkan yaradan müasir silahlarımız var, xüsusilə həmin dronlar. Çünki həmin dronlar olmasaydı, bütün o tanklar və toplar çox sayda adamı öldürərdi”.Prezident qeyd edib ki, itkilərin açıqlanmamasının səbəbi ictimaiyyətin dəstəyi məsələsi ilə bağlı deyil. Əksinə, yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər: “Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb”, - deyə dövlətimizin başçısı əlavə edib.xeber100.com

Noyabr 9, 2020 6:56

9 Noyabr – Dövlət Bayrağı Günü və Vətən müharibəsinə dəstək olmaq məqsədilə…

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib.Azertac xəbər verir ki, aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə 1-ci binasında - “Lotte World Tower” göydələnində asılıb. Hündürlüyü 541 metr olan 123 mərtəbəli binanın yuxarı hissəsində yerləşən “Səma körpüsü”ndən Azərbaycan bayrağı asılıb.Bayraq aksiyası koreyalılar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, 2017-ci ildən istifadəyə verilmiş göydələndə ilk dəfə olaraq məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanıb. “Lotte World Tower”in idarəçiləri Azərbaycan bayrağının məhz bu göydələndə dalğalandırılmasına görə tədbirin təşkilatçılarına təşəkkür edib, Azərbaycanın bu nümunəvi layihəsindən faydalanaraq sözügedən binada tezliklə Koreya Respublikasının bayrağının da dalğalandırılması layihəsini həyata keçirəcəklərini söyləyiblər.xeber100.com

Noyabr 9, 2020 6:52

Azərbaycan prezidenti: 8 noyabr 2020-ci il Azərbaycan tarixində əbədi qalacaqdır

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.Azərtac xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə bildirib.Dövlətimizin başçısı deyib: “Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.xeber100.com

Noyabr 8, 2020 2:02

Azərbaycan bayrağı Şuşada dalğalanır, Şuşada yenə də azan səsi eşidiləcək

Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.Azərtac xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə qeyd edib.“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”, - deyə dövlətimizin başçısı bildirib.xeber100.com

Noyabr 8, 2020 1:58

“The Daily Tribune-News of Bahrain” qəzeti yazır…

“The Daily Tribune-News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin “Ermənistanın tarixi əsassız saxtalaşdırmaq cəhdləri” sərlövhəli məqaləsi dərc olunub.Azərtac xəbər verir ki, bir çoxlarının Dağlıq Qarabağ münaqişəsi haqqında yanlış təsəvvürləri olduğunu, bəzilərinin bu problemə qərəzli yanaşması, digərlərinin isə məlumatsız olması səbəbindən yanlış fikirlər yürüdüldüyünü qeyd edən müəllif bir neçə ölkədə öz vətəndaşları arasında ermənipərəst dairələrin Azərbaycan əleyhinə mövqe formalaşdırdığını yazır. Bu cür halların beynəlxalq mediada da mövcudluğunu diqqətə çatdıran səfir əlavə edir ki, sözügedən sindromun əsas səbəbi tarixi faktların saxtalaşdırılmasıdır.Ermənilərin XIX əsrin əvvəllərində İran və Osmanlı imperiyasından Dağlıq Qarabağa köçürüldüyünü diqqətə çatdıran səfir əlavə edir ki, bu faktı onlar özləri də etiraf edirlər. Belə ki, ermənilər Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar Azərbaycanın Ağdərə rayonunun Marağa kəndində “Marağa-150” abidəsi də ucaldıblar. 1836-cı ildə isə Rus çarının fərmanı ilə qədim alban kilsələri ermənilərin ixtiyarına verilib.Məqalədə azərbaycanlıların hazırda Ermənistan adlanan ərazidən zorla köçürülməsi, ermənilərin 1905-1920, 1948-1953 və 1988-1992-ci illərdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparması da qeyd olunur. Diqqətə çatdırılır ki, Çar Rusiyasının siyasətini davam etdirən bolşeviklər Qarabağı iki yerə bölərək onun dağlıq hissəsində erməni muxtar vilayəti yaradıblar. Bundan başqa, Azərbaycanla Türkiyə arasında əlaqəni kəsmək məqsədilə 1920-ci ildə Zəngəzur, 1929-cu ildə isə Mehri əraziləri Ermənistanın tərkibinə verilib.Müəllif Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məqsədilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətindən, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı hərbi əməliyyatlardan, döyüş meydanında ağır məğlubiyyətə düçar olan Ermənistanın dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətlərindən də bəhs edir. Vurğulayır ki, atəşkəsə nail olmağın yeganə yolu Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi, öz qoşunlarını işğal altında qalan ərazilərdən çıxarmasıdır.xeber100.com

Noyabr 7, 2020 8:02