İqor Korotçenko: Azərbaycan ordusu dünyanın ən yaxşı 50 ordusu sırasındadır

Cəbhədə vəziyyət, ən azı indiki vaxtda, Azərbaycanın xeyrinədir. Bu, onu göstərir ki, Bakının orduya, müdafiəyə çəkdiyi xərclər əbəs deyildi.Azərtac xəbər verir ki, bu barədə “Pravda.ru” nəşrinə hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko söhbət açıb.O, birinci Qarabağ müharibəsindən danışaraq xatırladıb ki, o vaxt Azərbaycanda hakimiyyətə Xalq Cəbhəsi gəlmişdi. Ekspert deyib: “Əlbəttə, sərt mərkəzləşdirilmiş hakimiyyətin yoxluğu şəraitində o dövr üçün səfərbərlik və döyüş əməliyyatlarının düzgün idarə edilməsini həyata keçirmək mümkün olmadı. Ermənistan isə bizdə Müdafiə naziri vəzifəsinə Pavel Qraçov təyin olunduqdan sonra ciddi dəstək qazandı. Qraçov Ermənistana rəğbət bəsləyirdi, qəbul edilən müəyyən qərarlara müvafiq olaraq, Ermənistan öz ərazisində yerləşən hərbi hissələrdəki texnikanın bir hissəsinə sahib oldu, digər hissəni isə anbarları çapıb talayaraq öz əlinə keçirdi”.İ.Korotçenkonun fikrincə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vəziyyət düzəldi. Rusiyalı ekspert deyib: “Heydər Əliyev tanınmış sovet dövlət xadimi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, vaxtilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, yüksək hazırlıqlı, iradəli, sərt və sözübütöv siyasətçi idi. Prezident Heydər Əliyev Azərbaycan ordusunu bərpa etməyə, faktiki olaraq sıfırdan yaratmağa başladı. Çünki Xalq Cəbhəsi özündən sonra çox acınacaqlı miras qoymuşdu. Artıq İlham Əliyev hakimiyyətə gələndə o, iri infrastruktur neft-qaz layihələrini həyata keçirməyi bacardı, bu layihələr əhəmiyyətli həcmdə valyuta gəlirləri gətirməyə başladı. Bu vəsaitlər hesabına bütün Azərbaycan inkişaf edirdi, lakin böyük təxsisatlar məhz orduya yönəldilirdi. Ona görə də bugünkü Azərbaycan ordusu yaxşı təchiz olunub, o – layiqli rəqib və regionda ən yaxşı ordudur, dünyanın ən yaxşı 50 ordusu sırasındadır”.xeber100.com

Oktyabr 27, 2020 3:25

Ukraynanın Fəxri konsulunun təyin edilməsi üzrə mərasim baş tutub

Oktyabrın 27-də Ukraynanın Azərbaycandakı Səfirliyinin binasında Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun təyin edilməsi üzrə mərasim baş tutub.Konsulluqdan Azərtac-a bildirilib ki, mərasimdə Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi Şamaxı şəhərində Ukraynanın yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib. Tərəflər Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında sazişi imzalayıblar.Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.Ukraynanın Azərbaycandakı fəxri konsulu vəzifəsinə təyin olunan M.Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakültəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur “SAP” və “DeGolyer & MacNaughton Corporation” şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Şamaxı şəhərində Ukraynanın Fəxri konsulunun konsulluq dairəsi Azərbaycanın Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.xeber100.com

Oktyabr 27, 2020 3:17