Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib

İyulun 26-da Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Azərbaycan-Qırğızıstan biznes forumu keçirilib. biznes forumda Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə müvafiq dövlət strukturlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələrindən ibarət Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib. Biznes forumda çıxış edən Ə.Əhmədov bildirib ki, son qarşılıqlı səfərlər zamanı iki ölkənin prezidentləri tərəfindən qarşıya qoyulmuş vəzifələr və müəyyən edilmiş istiqamətlər Azərbaycan və Qırğızıstan sahibkarları üçün mühüm siqnaldır. Azərbaycanın iqtisadi göstəricilərindən danışan Baş nazirin müavini vurğulayıb ki, 2022-ci ildə ölkə iqtisadiyyatı 4,6 faiz artaraq rekord göstəriciyə – təxminən 80 milyard dollara çatıb. Biznes forumun iştirakçıları dövlət tərəfindən Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də Ələt Azad İqtisadi Zonasının işi haqqında ətraflı məlumatlandırılıblar. Qırğızıstanın biznes dairələrinin nümayəndələri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün əlverişli şəraiti daha diqqətlə nəzərdən keçirməyə dəvət olunublar. Öz növbəsində biznes forumda təmsil olunmuş Azərbaycan şirkətlərinin əməkdaşlığın inkişafı üzrə konkret təklifləri müzakirə etməyə hazır olduqları ifadə edilib. Biznes forum çərçivəsində Azərbaycan Respublikasının və Qırğızıstan Respublikasının investisiya imkanları ilə bağlı təqdimatlar, eləcə də iki ölkənin sahibkarları və investorları arasında bir sıra görüşlər keçirilib.xeber100.com

İyul 26, 2023 2:38

İyulun 22-23-də Şuşada Qlobal Media Forumu keçiriləcək

İyulun 22-23-də Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Media Forumu keçiriləcək. Prezident İlham Əliyev Şuşada Forumun iştirakçıları ilə görüşəcək. Tədbirə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılacaq. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edəcək. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələləri müzakirə edəcəklər. Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü də irəli sürüləcək.xeber100.com  

İyul 21, 2023 1:33

Hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

İyulun 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib. Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.xeber100.com

İyul 13, 2023 2:31

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası başlayır

Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, AŞPA-nın yay sessiyasında Türkiyədə parlament və prezident seçkilərinin müşahidəsinin nəticələri, transmilli repressiyanın qanunun aliliyinə və insan hüquqlarına təhdidi, səhiyyədə sağlamlığa vahid yanaşma, miqrantların və qaçqınların sosial inteqrasiyası, rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi və digər məsələlərə baxılacaq. Tədbirdə Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlar, Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Yığıncaqda, habelə Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək. Səfər iyunun 25-də başa çatacaq.xeber100.com

İyun 17, 2023 11:34

Milli Məclisin 2023-cü ildə növbədənkənar sessiyasında ilk iclası keçirilir

İyunun 6-da Milli Məclisin 2023-cü ildə növbədənkənar sessiyasında ilk iclası keçirilir. Milli Məclisin sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra parlamentin sədri gündəliyə 14 məsələnin daxil edildiyini bildirib. 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 4. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş). 5. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş); 8. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş); 9. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş); 11. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş); 12. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş); 13. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş); 14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).xeber100.com

İyun 6, 2023 3:03