İtaliyanın “La Stampa” qəzeti yazır…

İtaliyanın nüfuzlu “La Stampa” qəzetinin jurnalisti Cordano Stabile sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü barədə “Dağlıq Qarabağ, dronlar və muzdlular ilə səciyyələnən münaqişə yenidən alovlanır. Azərbaycan səfiri deyir ki, əcnəbi döyüşçülərdən istifadə edən Ermənistandır” sərlövhəli məqaləsində Azərtac-ın məlumatına görə, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibəsindəki fikirlərə geniş yer verib.Azərtac xəbər verir ki, məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüz törətməsi fonunda təmas xəttində gərgin döyüşlərin getdiyi, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü və ən müasir hərbi texniki vasitələr ilə təxribatlara cavab verdiyi, bu təxribatların davam edəcəyi təqdirdə erməni tərəfinin davamlı şəkildə hərbi texnika və canlı qüvvə itkisinə məruz qalacağı qeyd olunur.Jurnalistin Azərbaycanın dialoq üçün şərtlərinin nə olduğu sualına cavabında səfir Məmməd Əhmədzadə qeyd edir: “Dialoqa apara bilən yeganə yol 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasıdır. Otuz ildən çoxdur ki, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon da daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistanın hərbi işğalı altındadır. Bir milyondan çox vətəndaşımız öz doğma yurdundan zorla qovularaq qaçqın və məcburi köçünə çevrilib. Təxminən otuz ildir davam edən danışıqlar heç bir nəticə verməyib”. Cordano Stabile məqaləsində böyük maliyyə imkanlarına malik Azərbaycanın son illər öz silahlı qüvvələrinin potensialını artırmaq üçün müasir silahlar aldığını bildirib. Jurnalistin Azərbaycanın bu silahları necə əldə etməsinə dair sualına cavab verən diplomat bildirib: “Biz müdafiə qabiliyyətimizi daha da gücləndirmək üçün bütün mümkün təchizatçılardan bazar qiymətinə silah alırıq və bunu həmişə açıq bəyan edirik. Soruşmaq lazımdır ki, Ermənistan kimi kasıb, maliyyə resursları olmayan və borc içində boğulan bir ölkə bu qədər silahı necə alır? Sirr deyil ki, 12 iyul hadisələrindən sonra Ermənistana müxtəlif istiqamətlərdən min tondan çox hərbi yük idxal edilib”. Məqalədə M.Əhmədzadənin fikirlərinə istinadən qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı qəfil hücum etmək üçün yeni müharibəyə hazırlaşmış və sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar və ağır artilleriya qurğularından atəşə məruz qoymaqla növbəti təxribata başladı. “Azərbaycanın digər ölkələrin ərazisində heç bir hərbi məqsədi yoxdur. Sual olunmalıdır, Ermənistan qoşunları bizim torpaqlarda nə edir?”, - deyə M.Əhmədzadə bildirir.Eyni zamanda, jurnalistin sualına cavab olaraq guya Azərbaycan Ordusunun tərkibində Yaxın Şərqdən gətirilən muzdluların döyüşməsi barədə Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə ortaya atılmış dezinformasiyaya da münasibət bildirən diplomat deyib: “Azərbaycan Ordusu öz ərazilərinin və xalqının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. Azərbaycanın lazımi təlim görmüş ordusu və səfərbər olunmaq üçün potensial ehtiyat qüvvəsi var. İki milyon əhalisi olan Ermənistanla müqayisədə 10 milyon nəfər əhaliyə malik ölkəmizin insan resurslarına ehtiyac yoxdur”.xeber100.com  

Oktyabr 5, 2020 3:15

İlham Əliyev: Cəbrayıl şəhəri azad edildi, Cəbrayıl bizimdir!

Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!Azərtac xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.Müraciətdə deyilir: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.xeber100.com

Oktyabr 4, 2020 7:08

İlham Əliyev: 30 il daha gözləməyə vaxtımız yoxdur, münaqişə indi həll olunmalıdır!

Biz, xüsusilə region ölkələrinin münaqişədən kənar durması, heç bir halda münaqişəyə müdaxilə etməməsi üçün Ermənistana xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalı dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat sahələrində regional layihələrə inteqrasiya edəcəksiniz.Azərtac xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.“Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və sair və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”, - deyə dövlətimizin başçısı telekanala müsahibəsində vurğulayıb.xeber100.com

Oktyabr 3, 2020 7:12

Ukrayna Ermənistanın işğalçılıq siyasətini pisləyib

Ukraynanın İctimai Televiziyasında Ermənistanın saxta təbliğatı ifşa olunub və işğalçılıq siyasəti pislənilib.Azərtac xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu telekanala müsahibəsində Ermənistanın yaydığı feyk xəbərlərə toxunaraq, Ermənistanın bu ölkədəki səfiri Tiqran Seyranyanın yalanlarını üzə çıxarıb.Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizəyə başladığını deyən E.Axundova qeyd edib: “Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə, təhqirinə, təxribatına 30 il dözdü. Daha dözmək fikrimiz yoxdur, Azərbaycan əsgəri öz torpaqlarının bütövlüyü uğrunda vuruşur, şəhid olur. Azərbaycan Ordusunun guya Ermənistan ərazisini vurması barədə yayılan xəbərlər tamamilə yanlışdır. Bizim başqa ölkənin ərazisində gözümüz yoxdur, Azərbaycan mübarizəsini işğal altında olan ərazilərində aparır”.Guya Türkiyənin “F-16” təyyarəsinin Ermənistanın “Su-25” təyyarəsini vurması barədə erməni səfirinin iddialarını təkzib edən Elmira Axundova bildirib ki, müasir texnika dövründə “F-16”ların səmada uçuş aparmasını aşkarlamaq çox asandır.“Əgər bununla bağlı fakt yoxdursa, necə yalan söyləmək olar? Ermənistan pilotları gecə uçuşları həyata keçirə bilmirlər. “Su-25” təyyarəsi duman şəraitində öz dağlarına çırpılaraq qəzaya uğrayıb. Türkiyənin Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştirakına dair heç bir dəlil və ya fakt yoxdur. Əgər varsa, göstərsinlər. Ancaq Azərbaycan Livan terrorçularının işğal olunmuş ərazilərdə döyüşməsinə dair kifayət qədər fakt ortaya çıxarıb”, - deyə səfir vurğulayıb.xeber100.com  

Oktyabr 3, 2020 7:06

Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün qarşısının alınması və təmas xətti boyunca sıx məskunlaşmış mülki vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi cavab tədbirləri çərçivəsində Ermənistan öz silahlı qüvvələrinin məruz qaldığı ciddi itkiləri kompensasiya etmək niyyəti ilə xarici ölkələrdə yaşayan erməni mənşəli diaspora üzvlərini müvəqqəti işğal altındakı Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrinə cəlb etmək üçün addımlar atır.Azərtac xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.Açıqlamada deyilir: “Azərbaycan tərəfində olan məlumatlara, o cümlədən açıq informasiya mənbələrində yer alan xəbərlərə görə Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin vətəndaşları olan minlərlə erməni mənşəli şəxsin döyüşlərdə iştirak üçün işğal edilmiş ərazilərimizə gəldiyi və ya gəlməyə hazırlaşdığı bildirilir.Nazirlik xatırladır ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) 2178 (2014) saylı qətnaməsinə əsasən “yaşadıqları və ya vətəndaşlıq mənsubiyyəti olan ölkələri tərk edərək terror əməlləri törətmək, planlaşdırmaq, buna hazırlıq və ya həmin əməllərdə iştirak etmək və ya silahlı münaqişələrlə əlaqəli vəziyyətlər də daxil olmaqla terrorçuluq təlimi keçmək və ya almaq məqsədilə digər ölkə ərazisinə səfər edən şəxslər” “əcnəbi terrorçu döyüşçülər” olaraq müəyyən edilir.BMT Nizamnaməsinə əsasən, icrası məcburi xarakter daşıyan yuxarıda istinad edilən qətnamənin və BMT Təhlükəsizlik Şurasının 2396 (2017) saylı qətnaməsinin müvafiq operativ bəndlərinə görə, BMT-nin üzvü dövlətlər başqa ölkələrdə davam edən silahlı münaqişələrdə iştirak məqsədilə ərazilərini tərk edən vətəndaşlarına və ya ölkəsində qanuni əsasda yaşayan digər şəxslərin sərhədkeçmələrinin qarşısını almalı və onlara münasibətdə cinayət qanunvericiliyinə uyğun olaraq müvafiq cəza tədbirləri görməlidirlər.Azərbaycan tərəfi həm ikitərəfli, həm də müvafiq beynəlxalq mexanizmlər çərçivəsində hüquqlarından istifadə etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərində və özünün mülki əhalisinə qarşı terror fəaliyyətinin təşkili və maliyyələşdirilməsinin qarşısının alınması və günahkarların ədalət mühakiməsinə verilməsi üçün bütün addımlar atmaqda qətiyyətlidir”.xeber100.com

Oktyabr 3, 2020 7:00

Polşada yaşayan azərbaycanlılar bəyanatla çıxış ediblər

Polşada yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-si səhər saat 6-da Azərbaycan Ordusunun mövqelərini iriçaplı artilleriya qurğularından atəşə tutulması nəticəsində bölgədə vəziyyətin gərginləşməsi ilə əlaqədar bəyanatla çıxış ediblər.Diasporla İş üzrə Dövlət Komitəsindən Azərtac-a bildiriblər ki, Polşa Azərbaycan Evi və Polşa Azərbaycanlıları Assosiasiyası adından yayılan bəyanat bu ölkənin dövlət strukturlarına, beynəlxalq təşkilatlarının Varşavadakı nümayəndəliklərinə və yerli ictimaiyyətə ünvanlanıb. Bəyanatda deyilir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında cəbhəboyu yaşayış məntəqələrini atəşə tutması, uşaqlar da daxil olmaqla xeyli sayda dinc sakinin ölməsi və yaralanması, fərdi yaşayış evlərinin dağılması, inzibati binaların ciddi zərər görməsi ilə nəticələnib.Bəyanatda vurğulanır ki, Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarını yerinə yetirməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübuta yetirir.Bundan əlavə, qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” müvafiq qətnamələrinin qəbulundan təxminən 30 il ötməsinə baxmayaraq, bu sənədlər hələ də icra olunmayıb.Polşada yaşayan soydaşlarımız və Azərbaycanın diaspor təşkilatları dünya birliyini Ermənistan dövlətinə təcavüzkar siyasətini dayandırması və Azərbaycan işğal edilmiş ərazilərindən dərhal çıxması, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsi üçün təsir göstərməyə çağırıblar.xeber100.com

Oktyabr 3, 2020 6:57