Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcək

Strasburqda aprelin 24-dən 28-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada iştirak edəcəklər. AŞPA-nın Strasburqda keçiriləcək yaz sessiyasında təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılması üzrə siyasi strategiyalar müzakirə olunacaq. Assambleya üzvləri, həmçinin 2023-cü il mayın 16-da və 17-də Reykyavikdə keçiriləcək Avropa Şurasının dördüncü Sammitinə dair müzakirələr aparacaqlar. Avropalı parlamentarilər İslandiya Prezidenti Qudni Yohannessonun çıxışını dinləyəcəklər. Sessiya çərçivəsində İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gylfadottir tərəfindən ölkəsinin sədrlik etdiyi Nazirlər Komitəsinin kommünikesi təqdim olunacaq. Yaz sessiyasında planlaşdırılmış müzakirələrin siyahısına ictimai səhiyyə ilə bağlı fövqəladə hallar zamanı çoxtərəfliliyə və səhiyyəyə vahid yanaşmanın zəruriliyinə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının, habelə İnsan Hüquqları üzrə Avropa Konvensiyası və milli konstitusiyaların icrasına dair mövzular da daxildir. Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç 2022-ci il üçün fəaliyyət hesabatını təqdim edəcək, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç parlamentarilərin suallarını cavablandıracaq. Müzakirələr arasında gənclər və media, eləcə də beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunmasına dair mövzular da yer alır. Assambleya demokratiya statusu üçün tərəfdaşlığının fəaliyyətini qiymətləndirəcək və San-Marinonun Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsini nəzərdən keçirəcək. Avropa Sarayının müzakirələr palatasında aparılan təmir işləri ilə əlaqədar AŞPA-nın bu plenar iclası Avropa Parlamentinin müzakirələr palatasında keçiriləcək.xeber100.com

Mart 27, 2023 3:05

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə məlumat yayıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən daxil olan məlumatda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən, Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib. Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə martın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar var. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub. “Bu kimi təcavüz aktı və təxribatlar Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir. Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir. Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.xeber100.com

Mart 5, 2023 7:05

Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq, təşkilatın gündəliyində duran aktual məsələlər və gələcək planlar müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycan ilə İƏT arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, təhsil və digər istiqamətlərdə faydalı və səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Baş katibin ölkəmizə səfəri zamanı və BMT Baş Assambleyası çərçivəsində keçirilmiş görüşlərdə aparılmış müzakirələr məmnuniyyətlə xatırlanıb. Tərəflər ötən il ərzində keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, 2023-cü ildə də keçirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən cari ilin mart ayında Mavritaniyada baş tutacaq İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Zirvə toplantısına hazırlıq işləri barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən mədəniyyətlərarası, dinlərarası dialoqa təhdid törədən İslamofobiya və terrorçuluq meyilləri, yoxsulluq ilə mübarizədə İƏT-ə üzv dövlətlərin həmrəyliyinin, habelə birgə səylərinin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi də aparılıb.xeber100.com

Yanvar 25, 2023 2:00

Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. Sessiyada Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edir. Sessiyanın ilk günündə parlamentarilər Assambleyanın sədr və onun müavinlərini seçəcəklər və Komitə üzvlərini təyin edəcəklər. Qış sessiyası cari məsələlərin müzakirəsi və təcili prosedur müzakirələrlə işini davam etdirəcək. Təcili prosedur müzakirələri çərçivəsində “Rusiya Federasiyasının Ukraynaya təcavüzü ilə bağlı hüquqi məsələlər və insan hüquqlarının pozulması”, “Dövlət xidməti nümayəndələrinə qarşı hücumlar” mövzuları, cari məsələlər çərçivəsində isə "Priştina və Belqrad arasında son gərginlik" və “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinə reaksiya” mövzuları müzakirə olunacaq. Parlamentarilər günün birinci yarısında sessiyanın gündəliyini və Daimi Komitənin protokolunu təsdiqləyəcəklər. Günün ikinci yarısında Büro və Daimi Komitənin ötən müddət ərzində fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlərə dair məruzə müzakirə olunacaq.xeber100.com

Yanvar 23, 2023 3:17