20 Yanvar – Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış faciə…

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif növ silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olundu. Bunu təkcə bir faktdan aydın görmək olar ki, fövqəladə vəziyyətin tətbiqi elan olunana qədər 82 dinc sakin amansızcasına qətlə yetirilmiş, 20 nəfər ölümcül yaralanmışdı. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin tibb işçiləri də vardı. Ümumiyyətlə, yanvar hadisələri zamanı paytaxt Bakıda, eləcə də Neftçalada və Lənkəranda 150 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdı. Sovet ordusunun törətdiyi cinayət və cəza tədbirləri xalqımızın iradəsini sarsıda bilmədi. 20 Yanvar şəhidlərinin dəfn edildiyi gün bunun bariz nümunəsidir. Fövqəladə vəziyyət rejiminin qüvvədə olmasına baxmayaraq, yanvarın 22-də Azadlıq meydanına toplaşan iki milyon insan şəhid tabutlarını dağüstü parka (indiki Şəhidlər xiyabanı) çiyinlərində apardı. 20 Yanvarın tariximizdə tutduğu yeri indi – 33 il keçdikdən sonra daha aydın görürük. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı müstəqillik yolunda ilk şəhidlərini verdi. Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 1990-cı ildən başlanan məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu, Qarabağ Zəfəri ilə ən yüksək zirvəyə çatdı. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olundu. 1990-cı illərdə Şəhidlər xiyabanına gəlib, şəhid məzarlarını ziyarət edən uşaqlar illər keçdikdən sonra özləri qəhrəmanlıq dastanı yazdılar, düşməni Vətən torpaqlarından qovub çıxardılar. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Şəhidlər xiyabanı müqəddəs ziyarətgaha çevrilib. Bakının ən hündür nöqtələrinin birində yerləşən bu məkan həm ümummilli kədər və iztirabın, həm də xalqımızın mübarizliyinin, yenilməz iradəsinin təcəssümüdür. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını azaltmır, əksinə, daha da artırır. Çünki qəhrəman şəhidlərimizin fədakarlığı nəticəsində xalqımız azadlıq arzusuna qovuşub. Qarabağımız məhz şəhidlərimizin canı-qanı bahasına işğaldan azad edilib.xeber100.com

Yanvar 20, 2023 7:07

Azərbaycan Prezidenti İlham Əliyevin doğulduğu gündür

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür, 61 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini icra edərək, Qarabağ və ətraf rayonları qısa zamanda yağılardan təmizlədi. Bütün bunlar isə İlham Əliyevin uzaqgörən siyasətinin, sərkərdəlik qabiliyyətinin, ölkəmizdə həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatların, uğurlu xarici siyasətin nəticəsidir.

Dekabr 24, 2022 10:40

Azərbaycan Respublikasının Milli Məclisinin gündəliyinə 4 məsələ daxil edilib

Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilir. İclasın gündəliyinə birinci oxunuşda olan 4 məsələ daxil edilib. 1. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 3. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş); 4. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).xeber100.com

Dekabr 7, 2022 11:16