BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.Azərtac xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin məmnunluq doğurduğunu ifadə ediblər.Nazirlər bölgədə sülh, təhlükəsizlik və dayanıqlı inkişafa ciddi hədə təşkil edən həlli uzadılmış münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Nazir David Zalkaliani Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya bölgələrindəki münaqişənin həlli üzrə aparılan danışıqlardakı vəziyyət barəsində məlumat verib. Öz növbəsində nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Xarici İşlər nazirləri arasında keçirilən görüş barədə həmkarını məlumatlandırıb. Tərəflər münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bir daha vurğulayıblar.Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət Komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi aparıblar və dövlət sərhədinin delimitasiyasının qısa müddətdə yekunlaşmasında maraqlarını ifadə ediblər.xeber100.com  

Sentyabr 26, 2019 2:24

Genişmiqyaslı əməliyyat-taktiki təlimləri sentyabrın 20-də başa çatıb

Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin cəlb olunduğu genişmiqyaslı əməliyyat-taktiki təlimləri sentyabrın 20-də başa çatıb.Azərtac xəbər verir ki, sentyabrın 16-da başlayan təlimdə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmən qruplaşmasının darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və azad edilmiş ərazilərdə əlverişli hədlərin tutulması üzrə fəaliyyətlər həyata keçirilib.Təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətin təşkili üzrə tapşırıqlar icra edilib.Təlimdə əsas diqqət qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsinə, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə yönəldilib.Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.xeber100.com

Sentyabr 20, 2019 9:57