İyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Nəsimi rayonundan olan çağırışçı gənclərin “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib.Azərtac xəbər verir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni səsləndirilib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev həqiqi hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xalıqov gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduqlarını bildirib.Tədbirin bədii hissəsində mədəniyyət xadimləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.Sonra gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.xeber100.com