Həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb

İyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Nəsimi Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Nəsimi rayonundan olan çağırışçı gənclərin “Vətənin müdafiəsinə hazıram!” devizi altında təntənəli yolasalma mərasimi keçirilib.Azərtac xəbər verir ki, rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin şəxsi heyətinin, Respublika Əfqanıstan Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai birliklərinin, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranları və çağırışçıların valideynlərinin iştirakı ilə Nizami Kino Mərkəzində keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri dərin ehtiramla anılıb, dövlət himni səsləndirilib.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev həqiqi hərbi xidmətə yola düşəcək gəncləri təbrik edib, onlara nümunəvi xidmət keçməyi arzulayıb. Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən danışıb. Çağırışçıların valideynləri adından çıxış edən Seyran Xalıqov gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə edib.Hərbi xidmətə yollanan gənclərin adından çıxış edən Teymur Aslanov Vətəni qorumaq kimi müqəddəs vəzifələri yerinə yetirəcəklərindən qürur hissi duyduqlarını bildirib.Tədbirin bədii hissəsində mədəniyyət xadimləri vətənpərvərlik mövzusunda mahnılar oxuyublar.Sonra gənclər Azərbaycan bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.xeber100.com

İyul 1, 2019 3:30

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində

İyunun 25-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün dövlət qulluqçularının tam hazırlanması mövzusundakı seminarın sessiyalarından biri “Strateji inkişaf hədəflərinin həyata keçirilməsi üçün dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə və potensialın artırılmasına kömək edən strategiya, bilik və amillər” mövzusuna həsr edilib.Azərtac xəbər verir ki, sessiyanın moderatoru Birləşmiş Biznes İnstitutlarının dekanı professor Munira Aminova mövzunun aktuallığı barədə danışıb.BMT-nin İctimai əlaqələr komitəsinin eksperti Lamiya Mobayed təmsil etdiyi beynəlxalq təşkilatın mövzu ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, dövlət qurumlarının qüsursuz fəaliyyət göstərməsi üçün əməkdaşlıq və inklüziv fəaliyyət önəmlidir.BMT-nin proqram rəhbəri Adriana Alberti vurğulayıb ki, dövlət qurumları ilə cəmiyyət əməkdaşlıq şəraitində çalışmalıdır.Beynəlxalq ekspert Stefan Mergenhaler bildirib ki, son dövrlərdə yeni texnologiya sayəsində dövlət qurumları müsbət dəyişikliklər edə bilər. Müasir dünyada dəyişikliklər sürətlə gedir. Dünyada fəaliyyət göstərən beyin institutlarının hazırladığı layihələrdə prosesin dayanmadan inkişaf etdiyini deyən Stefan Mergenhaler əlavə edib ki, bu, sosial və iqtisadi sahələri daha çox əhatə edir.İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadi idarəetmə ofisinin rəhbəri Faysal Naru bildirib ki, idarəetmə sistemində bir prinsip var ki, iqtisadçılar əldə olan vəsaiti hesablamalıdırlar. Siyasətçilər isə iqtisadçıların təqdim etdikləri rəqəmlərin düzgün idarəsini həyata keçirməlidirlər. Bu vəsait düzgün sərf edildikdə dövlət və cəmiyyət ortaq qazanc əldə etməlidir.Avstraliyanın Kvinslend Universitetinin professoru Adil Xan qeyd edib ki, dövlət qulluğunda çalışarkən əsas məqsəd cəmiyyətə düzgün xidmət olmalıdır. Əməkdaşlıq şəraitində çalışdıqda problemlərin qarşısını almaq asan olur.Finlandiyanın Sosial Təlim və İnkişaf Mərkəzinin direktoru Palvi Hirvola rəhbərlik etdiyi qurumun mövzu ilə bağlı reallaşdırdığı layihələr barədə məlumat verib. O bildirib ki, ölkəsində dayanıqlı inkişafla bağlı məsələlərin təbliği işi məktəblərdə aparılır. Bu məsələnin cəmiyyətdə tam yerini tutması üçün gələcək nəsillə iş aparılmalıdır.xeber100.com  

İyun 25, 2019 9:15