Viza tələbinin aradan qaldırılması haqqında saziş imzalanıb

Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib.Trend-ə XİN-dən verilən məlumata əsasən, xarici işlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın Xarici işlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb.Görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb. Həmçinin kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq, gələcəkdə bu istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının yaradılması barəsində razılığa gəlinib, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.Paraqvaylı nazir iki ölkə arasında məsafə uzaqlığına baxmayaraq, artıq yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu, Azərbaycan xarici işlər nazirinin Paraqvaya ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini qeyd edib.Daha sonra Elmar Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Nazir Kastiqlioni bu dəvəti dəyərləndirəcəyini diqqətə çatdırıb.Sonda “Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb.xeber100.com

Mart 24, 2019 2:41