İkitərəfli münasibətlərin hazırkı durumu müzakirə edilib

Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb.XİN-dən Trend-ə verilən məlumata görə, nazir E.Məmmədyarov Buenos Ayres şəhərində keçirilən Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin yüksək səviyyəli konfransına uğurlu ev sahibliyinə görə həmkarına təbrikini çatdıraraq, Azərbaycanın bu platforma çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. E.Məmmədyarov inkişaf etməkdə olan ölkələrin analoji inkişaf problemləri ilə üzləşdiyini, bu səbəbdən bu platformanın milli inkişaf strategiyaları və prioritetlərinə dair ortaq baxışlar, təcrübə və metodların mübadiləsi və müzakirəsinə töhfə verdiyini qeyd edib.Görüşdə həmçinin Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, səhiyyə və turizm sahəsində əməkdaşlıq üçün geniş perspektivlər qeyd edilərək, bu sahələrdə konkret nəticələrin əldə edilməsi baxımından birgə səylərin gücləndirilməsinə ortaq niyyət ifadə edilib.Sonda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi sahədə əldə etdiyi nəzərəçarpan uğurları izlədiyini bildirən X.Fori Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd edib.xeber100.com

Mart 21, 2019 3:12