Azərbaycan Milli Elmlər Akademiyasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bu yaxınlarda Rəyasət Heyətinin iclasında AMEA-nın və respublikamızın digər elmi-tədqiqat müəssisə və təşkilatlarında 2022-ci ilin elmi-tədqiqat işləri üzrə hesabatlarının hazırlanması ilə bağlı bir sıra məsələlər müzakirə olunduğunu və müvafiq vəzifələrin müəyyən edildiyini söyləyib. Bu məqsədlə verilən tapşırıqların icra vəziyyəti barədə söz açan İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində və elmi təşkilatlarda illik hesabatların hazırlanması üçün bir sıra yeniliklərin tətbiq ediləcəyini diqqətə çatdırib.Akademik bildirib ki, əvvəlki illərdən fərqli olaraq Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışları əhatə edə biləcək yeni qaydalar hazırlanmalı, hesabat iclaslarının keçirilməsi və ümumi hesabatların təqdim olunması mərhələsində bu yeniliklər mütləq nəzərə alınmalıdır. Yekun elmi hesabatların cəmiyyətə dolğun və əhatəli şəkildə çatdırılmasının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli ilkin olaraq şöbə və laboratoriyalarda aparılan müzakirələrdə institut rəhbərlərinin, elmi-tədqiqat müəssisələrinin elmi şuralarında isə müvafiq bölmələrin əvvəlcədən müəyyən edilmiş üzvünün, bölmələrin ümumi hesabat iclaslarında AMEA rəhbərliyinin iştirakının vacibliyini vurğulayıb. Qeyd edilib ki, hazırlanacaq hesabatlarda ənənədən müasirliyə keçilməsi, mövcud reallıqları özündə əks etdirə biləcək yeni qaydalara ciddi əməl olunması, elmi işlərə istinadların və yüksək indeksli jurnallarda çap olunmuş məlumatların təşviq edilməsi, elmi müəssisələrin və ayrı-ayrılıqda alimlərin müəyyən yaş kateqoriyaları üzrə elmi reytinqinin aparılması zəruri məsələlər sırasındadır.İclasda Milli Elmi İstinad Mərkəzinin yaradılması haqqında fikir mübadiləsi aparılıb. Müzakirələrdə akademiklər Arif Həşimov, Rasim Əliquliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva və Fəxrəddin Qədirov çıxış edərək məsələlər ətrafında öz fikir və mülahizələrini bildiriblər.İclasda doktorantura və magistraturaya qəbulla əlaqədar məsələlər də müzakirə edilib.xeber100.com

Noyabr 12, 2022 2:05

“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışı keçirilib

Noyabrın 12-də “Heydər Əliyev və Azərbaycan tarixi” VIII ümumrespublika bilik yarışı keçirilib.Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 8-ci dəfə keçirilən yarışda ölkə üzrə 49 ali təhsil müəssisəsinin tələbələri iştirak edib.Diqqətə çatdırılıb ki, artıq ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar. Komandalar hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparıblar.Yarışda hər ali təhsil müəssisəsini 6 nəfərdən ibarət bir komanda təmsil edib. Üç turun sonunda ümumrespublika bilik yarışının qalibləri seçilib. Qaydalara əsasən, münsiflər heyəti hər düzgün cavabı bir xalla qiymətləndirir. Ümumi xallar üzrə qalib komanda müəyyənləşir.Bilik yarışında Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası birinci, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası ikinci, Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandası üçüncü yerə layiq görülüb.Yarışda I, II və III yerləri tutan komandalar mükafatlandırılıb, komandaların hər bir üzvünə iştirakçı sertifikatları təqdim edilib.Yarışla bağlı təəssüratlarını bölüşən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı İlkin Ələkbərov deyib: “VIII ümumrespublika bilik yarışına bizə təqdim olunan mövzular üzrə 1 ay müddətində hazırlaşdıq. Ulu Öndərin irsi, Qarabağın dirçəlişi, Azərbaycanın Vətən müharibəsindəki zəfər və digər mövzular ətrafında bizə verilən proqram çərçivəsində yarışmaya çox ciddi hazırlaşmışdıq. Birincilik uğrunda mübarizə aparsaq da ancaq ikinci yerə nail olduq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllim-professor heyətini, kursantlarımızı və komandamızın üzvlərini təbrik edirəm”.Dövlət Sərhəd Xidmətinin Akademiyasının komandasının kapitanı Amal Rəhmətov ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin çox qürurverici olduğunu deyib: “Komandamız iki il “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışmasında 1-ci yerin qalibi olub. Dövlət Sərhəd Xidmətinin Akademiyasında Heydər Əliyev irsi daim öyrənilir və bu yarışmaya bizim komandamız da çox ciddi hazırlaşmışdı. İnanıram ki, növbəti illərdəki bilik yarışmalarında da uğur qazanaraq, istədiyimiz nəticəyə nail olacağıq”.xeber100.com

Noyabr 12, 2022 1:59

Bakı Dövlət Universiteti: 2023-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

2023-cü ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, 2023-cü ilin 1-ci Günəş tutulması aprelin 20-də qeydə alınacaq.BDU-dan bildirilib ki, bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır. Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır.Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.2023-cü ilin 2-ci Günəş tutulması oktyabrın 14-də baş verəcək. Tutulma halqavari Günəş tutulmasıdır. Ay Yerdən uzaq məsafədə olduqda bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə tutulma zamanı Günəşin səthini tam bağlamır və Ayın ətrafında parlaq halqa yaranır.Tutulma hadisəsi oktyabrın 14-də Bakı vaxtı ilə saat 19:03:45-də başlayacaq və oktyabrın 15-də saat 00:55:11-də sona çatacaq. Tutulmanın maksimumu saat 21:59:27-də olacaq. Tutulma hadisəsi 5 saat 51 dəqiqə 26 saniyə davam edəcək. Mərkəzi tutulma hadisəsi isə saat 20:10:09-da başlayacaq və 23:48:56-da qurtaracaq. Mərkəzi tutulma prosesi 3 saat 38 dəqiqə 47 saniyə davam edəcək. Bu tutulma hadisəsi Qərbi Afrika, Şimali Amerika, Cənubi Amerika, Sakit okean, Atlantik okean və Arktikada müşahidə olunacaq. Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.2023-cü ilin 1-ci Ay tutulması mayın 5-də olacaq. Bu, yarımkölgəli Ay tutulmasıdır. Tutulma hadisəsi Bakı vaxtı ilə saat 19:14:08-də başlayacaq və saat 23:31:40-da sona çatacaq. Tutulmanın maksimumu 21:22:55-də olacaq.Yarımkölgəli Ay tutulmasını Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik və Hind okeanları, Antarktidada görmək mümkün olacaq. Tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda 19:38:00-dan etibarən müşahidə olunacaq. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.Gələn ilin 2-ci Ay tutulması oktyabrın 28-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır.Bakı vaxtı ilə saat 22:01:44-də yarımkölgəli, saat 23:35:18-də qismən tutulma başlayacaq. Tutulmanın maksimumu oktyabrın 29-u saat 00:14:00-da baş verəcək. Saat 00:52:37-də qismən tutulma, saat 02:26:19-da yarımkölgəli tutulma sona çatacaq.2023-cü ilin 2-ci qismən Ay tutulmasını Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik və Hind okeanları, Arktika və Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsi Azərbaycan ərazisində də müşahidə olunacaq.

Oktyabr 26, 2022 2:55

Bakı Dövlət Universitetində “Şuşa İli”nə həsr olunan tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Şuşa İli”nə həsr olunan “Zəfərə doğru addım-addım” adlı tədbir keçirilib.Bu barədə BDU-dan məlumat verilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb. Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını vurğulayıb. “Şuşa İli” çərçivəsində keçirilən tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edən F.Kərimli bildirib ki, tariximizin qürur doğuran bu qəhrəmanlıq səhifələri dərindən öyrənilməli və təbliğ olunmalıdır. Tədbirdə Vətən müharibəsi iştirakçıları - Daxili Qoşunların ehtiyatda olan zabiti İsmayıl Hacıyev, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Elşən Cəbrayılov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Cavid Həsənov, baş çavuşu Fərid Bağırlı, Şərqşünaslıq fakültəsinin məzunu Fərid Mirzəyev, Kimya fakültəsinin məzunları Yusif Fərəcov və Şahin İbrahimov keçdikləri döyüş yolu barədə xatirələrini söyləyib, gənclərlə maraqlı müzakirələr aparıblar. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməyimiz, böyük Qələbə qazanmağımız bizim vətənpərvər, qəhrəman bir xalq olduğumuzu dünyaya göstərdi.xeber100.com

Oktyabr 14, 2022 10:43