Bakı Dövlət Universitetində “Şuşa İli”nə həsr olunan tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Şuşa İli”nə həsr olunan “Zəfərə doğru addım-addım” adlı tədbir keçirilib.Bu barədə BDU-dan məlumat verilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb. Kimya fakültəsinin dekanı Fuad Kərimli Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin tariximizin qəhrəmanlıq səhifəsinə yazıldığını vurğulayıb. “Şuşa İli” çərçivəsində keçirilən tədbirin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edən F.Kərimli bildirib ki, tariximizin qürur doğuran bu qəhrəmanlıq səhifələri dərindən öyrənilməli və təbliğ olunmalıdır. Tədbirdə Vətən müharibəsi iştirakçıları - Daxili Qoşunların ehtiyatda olan zabiti İsmayıl Hacıyev, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Elşən Cəbrayılov, Xüsusi Təyinatlı Qüvvələrin giziri Cavid Həsənov, baş çavuşu Fərid Bağırlı, Şərqşünaslıq fakültəsinin məzunu Fərid Mirzəyev, Kimya fakültəsinin məzunları Yusif Fərəcov və Şahin İbrahimov keçdikləri döyüş yolu barədə xatirələrini söyləyib, gənclərlə maraqlı müzakirələr aparıblar. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etməyimiz, böyük Qələbə qazanmağımız bizim vətənpərvər, qəhrəman bir xalq olduğumuzu dünyaya göstərdi.xeber100.com

Oktyabr 14, 2022 10:43

Bakı Dövlət Universiteti daha iki universiteti ilə əməkdaşlığa başlayıb

Bakı Dövlət Universiteti (BDU) Özbəkistanın daha iki ali məktəbi - Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığa başlayıb.Bu barədə BDU-dan məlumat verilib. Qeyd olunub ki, BDU beynəlxalq əlaqələrində türkdilli ölkələrin ali təhsil müəssisələri ilə münasibətlərin qurulmasına xüsusi önəm verir.BDU-da Özbəkistan nümayəndə heyəti ilə keçirilən görüşdə universitetin rektoru Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm, təhsil müəssisələri xüsusi rola malikdir. Rektor Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. O, BDU-nun Özbəkistanın ali məktəbləri ilə əməkdaşlığının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə və qısa müddətdə real nəticələri olacağına əminliyini bildirib.Sonra BDU ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.Memoranduma əsasən, tərəflər tədris proqramlarının hazırlanması və mübadiləsi, inzibati və professor-müəllim heyətinin qısamüddətli və uzunmüddətli mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər. Akademik mübadilə proqramlarının hazırlanması, elmi tədqiqatlar sahəsində birgə əməkdaşlıq, elmi informasiya və materialların mübadiləsi də sənəddə əks olunub.Görüşdə həm də BDU ilə Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Müqavilədə humanitar və təbiət elmləri sahəsində ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması nəzərdə tutulur.xeber100.com

Sentyabr 30, 2022 3:48

Milli Elmlər Akademiyasının Nizamnamə layihəsinin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnamə Komissiyasının iclasında yeni hazırlanmış Nizamnamə layihəsinin müzakirəsi keçirilib.AMEA-dan bildirilib ki, iclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanının icrası ilə əlaqədar olaraq akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində akademiyanın strukturu, vəzifələri və hüquqları, akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrinin, regional elmi mərkəzlərinin, elmi müəssisələrinin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer alıb.AMEA-nın yeni Nizamnamə layihəsinin müzakirəsində Nizamnamə Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktorları Habil Qurbanov, Nazim Cəfərov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.Akademiyanın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri yekunlaşdırıb.İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra akademiyanın Ümumi yığıncağına təqdim olunacaq.Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.xeber100.com

Sentyabr 22, 2022 1:18