Şəkidə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair Azərbaycan dili və riyaziyyat fənləri üzrə seminarlar keçirib. TQDK-dan Azərtac-a bildiriblər ki, tədbirdə Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Mingəçevir və Oğuz rayonlarının ümumtəhsil müəssisələrinin müvafiq fənn müəllimləri iştirak ediblər. Azərbaycan dili fənni üzrə keçirilən seminarda TQDK-nın şöbə müdiri Afiqə Batıyeva, riyaziyyat fənni üzrə təşkil edilən seminarda isə komissiyanın sektor müdiri Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Daha sonra Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Türk liseyinin müəllimi Saməddin İbrahimov Azərbaycan dili fənni, bu ali təhsil ocağının dosenti İmran Abdullayev isə riyaziyyat fənni üzrə buraxılış imtahanının proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları barədə məlumat veriblər. Sonda aparılan müzakirələr zamanı müəllimlər gündəlik məsələlərlə bağlı fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər.xeber100.com