Bakı Dövlət Universitetinin məlumatı…

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) baş katibinin müavini Ömer Kocamanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. BDU-nun mətbuat və informasiya şöbəsindən Azərtac-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən universitetin beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan danışıb. Ömer Kocaman təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək Şuranın məqsəd və vəzifələri sırasında elm, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, BDU və Türk Şurası çərçivəsində fəaliyyət göstərən Türk Universitetlər Birliyinin birgə layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Görüşdə Türk Universitetlər Birliyi ilə BDU-nun əməkdaşlıq əlaqələri, təhsil və elmlə bağlı bir sıra layihələrin icrası qərara alınıb. Nümayəndə heyəti prorektor, xarici tələbələrlə iş üzrə dekan və beynəlxalq layihələr şöbəsinin müdiri ilə də görüşüb. Görüşdə Türk Universitetlər Birliyi nəzdindəki Orhun Süreci proqramının BDU-da reallaşdırılması məsələləri, həmçinin universitetdə Bolonya prosesinin tətbiqi, Erasmus Mundos, Mövlanə Mübadilə proqramları kimi layihələrin icrası müzakirə edilib.xeber100.com

Sentyabr 23, 2016 3:28

“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək

Sentyabrın 19-da “Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə yolu ilə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Eyni zamanda, müəllimləri tədris prosesində informasiya–kommunikasiya texnologiyalarından (İKT) fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdir. Üç istiqamət (müəllim, şagird və məktəb ) olmaqla, altı nominasiya üzrə keçiriləcək müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqənin qaliblərinə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.xeber100.com

Sentyabr 16, 2016 3:30