İxtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu və ixtisaslar üzrə yerləşdirilmə prosesi başa çatıb. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bu qurum ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi avqustun 11-dən 26-dək pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılıb. Dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılıb. “ASAN peşə” layihəsi üzrə 4 min 66 nəfər müraciət edib. Onlardan 3 min 245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər aşağıda göstərilən sənədləri avqustun 27-dən sentyabrın 1-dək (şənbə və bazar günləri daxil olmaqla) qəbul olunduqları ilk peşə-ixtisas təhsili müəssisəsinə təqdim etməlidirlər: təhsil haqqında sənədin əsli; tibbi arayış; şəxsiyyət vəsiqəsi (surəti); 3x4 sm. ölçüdə dörd ədəd fotoşəkil; hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər). Boş qalan yerlərə əlavə ixtisas seçimi sentyabrın 1-dən 6-dək Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılacaq. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslərin siyahısı Təhsil Nazirliyinin internet saytında yerləşdirilib.xeber100.com

Avqust 27, 2016 8:20

London İqtisadiyyat Məktəbinə qəbul davam edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin reytinq sıyahılarında ilk sıralarda yer alan London Universiteti/London İqtisadiyyat Məktəbi (LSE) ilə ikili diplom proqramını həyata keçirir. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramı uğurla başa vuran tələbələr UNEC-in və London Universitetinin vahid nümunəli bakalavr diplomunu əldə edirlər. UNEC-dən Azərtac-a bildirilib ki, 2015/2016-cı tədris ilində ilk qəbulu həyata keçirilən proqram hazırda uğurla icra olunur. Tamamilə ingilis dilində olan tədris prosesinə əsasən, LSE-dən göndərilən professorlar cəlb edilir və tələbələrin biliyinin qiymətləndirilməsi Londonda həyata keçirilir. Son bir ildə uğurla reallaşdırılan bu proqram LSE-nin tədris modelinin ölkəmizə gətirilməsi, Azərbaycanda ali təhsilin məzmununun müasir dünya standartlarına uyğunlaşdırılması, eləcə də milli təhsilimizin beynəlxalq imicinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda UNEC London Universiteti/London İqtisadiyyat Məktəbinə qəbul davam etməkdədir. Qəbul “Mühasibat və Maliyyə” (BSc in Accounting and Finance) və “Biznes və Menecment” (BSc in Business and Management) ixtisasları üzrə bakalavr dərəcə proqramı üzrə aparılır. Proqram London Universiteti/London İqtisadiyyat Məktəbinin (London School of Economics – LSE) tədris planı əsasında ingilis dilində həyata keçirilir. Proqrama birinci kursu bitirən, ümumi orta müvəffəqiyyət göstəricisi 80 baldan çox olan və ingilis dili tələblərinə cavab verən (PTE Academic – 57, TOEFL – 87, IELTS – 6.0) tələbələr müraciət edə bilərlər. Sənəd qəbulu bu il sentyabrın 15-dək davam edəcək.xeber100.com

Avqust 20, 2016 8:36

Rus İqtisadiyyat Məktəbi yaradılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbinin (RİM) yaradılması Rusiya və digər MDB ölkələrinin təhsil məkanına inteqrasiya prosesini sürətləndirəcək. Bu barədə məlumat verən məktəbin direktoru Mənsur Bərxudarov Azərtac-a bildirib ki, yeni tədris ili başlayanadək RİM-in səmərəli idarəetmə mexanizmi işə salınacaq. Məktəbin maddi-texniki bazası formalaşdırılacaq. Məktəbə xaricdən, xüsusilə də Rusiyadan nüfuzlu alimlər cəlb olunacaq. Burada təhsil alan tələbələrə Rusiyanın iri korporativ biznes strukturlarında istehsalat təcrübəsi keçməsinə şərait yaradılacaq. RİM-də ixtisas üzrə kadr hazırlığı barədə məlumat verən M.Bərxudarov deyib ki, regionun iqtisadyönümlü ən böyük ali təhsil ocağı olan UNEC-də 21 ixtisas üzrə mütəxəssis hazırlanır. İqtisadyönümlü bütün ixtisasların rus bölmələri RİM-də toplaşacaq. Beləliklə, məktəbdə 11 profil – maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, sənayenin təşkili və idarəedilməsi, ekologiya, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, marketinq, kommersiya, menecment və biznesin idarəedilməsi ixtisasları üzrə ən yüksək səviyyədə kadr hazırlığı həyata keçiriləcək. Məktəbdə ancaq bakalavr pilləsində əyani təhsil alan tələbələr oxuyacaqlar. Rus bölməsinin vahid mərkəzdən idarə edilməsi tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək.xeber100.com

Avqust 19, 2016 1:52

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni layihə həyata keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş şəxslər haqqında məlumatların toplanılması üçün yeni layihə həyata keçirəcək. TQDK-dan Azərtac-a bildiriblər ki, komissiya layihə çərçivəsində abiturient.az saytının yeni bölməsində indiyədək keçirilən qəbul imtahanlarında yüksək bal toplamış, eləcə də 1999-cu ildən çap olunan “Abituriyent” jurnalının müvafiq saylarında bilik yarışının öncülləri sırasında adları dərc edilən şəxslər haqqında məlumatlar yerləşdirəcək. Layihənin məqsədi yüksək bal toplamış gənclərin sonrakı həyat yolu haqqında informasiyanın vahid mərkəzdə toplanmasıdır. Yeni yaradılacaq bölmədə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclər özləri haqqında ilkin məlumatlarla tanış ola biləcəklər. Onlara sonrakı təhsilləri, iş yerləri, məqsədləri, tövsiyələri və s. barədə daha geniş məlumat vermək üçün imkan yaradılacaq və razılıqları olduğu təqdirdə bu məlumatlar ictimaiyyətə açıq olacaq. Yüksək bal toplamış gənclərin təbliği, uğurlu həyat yolu, təcrübələrinin öyrənilməsi, onların nailiyyətlərinin nümunə olaraq təqdim edilməsi ictimaiyyət tərəfindən maraqla qarşılanacaq. Layihə haqqında abiturient.az və tqdk.gov.az saytları vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.xeber100.com

Avqust 17, 2016 2:39