İqtisad Universitetində 2015/2016-cı tədris ili üçün iclas keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi şuranın 2015/2016-cı tədris ili üçün sonuncu iclası keçirilib. Əvvəlcə elmi şuranın iki yeni üzvü – UNEC-də yeni seçilən tələbə rektor Şahin Həsənov və tələbə elmi cəmiyyətinin (TEC) sədri Əvəzağa Məlikov iclas iştirakçılarına təqdim edilib. UNEC-dən Azərtac-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradov tələbə rektorun işinin strukturunu reallaşdırmaq üçün tədbirlər həyata keçirməyə ehtiyac olduğunu bildirib. TEC-in gələcəyindən söz açan rektor qeyd edib ki, iqtisad elmi üzrə intellektual yarışların özəyi UNEC olmalıdır. Ə.Muradov yeni tədris ilindən bu sahədə respublika olimpiadasına hazırlıqların başlanmasına dair göstəriş verib. UNEC-in təcrübə və işədüzəltmə şöbəsinin müdiri Fuad Əliyev “Ali təhsilin bakalavr pilləsi üzrə IV kurs əyani və V kurs qiyabi şöbədə təhsil alan tələbələrin diplomqabağı təcrübəsinin yekunları və III kurs əyani şöbə tələbələrinin yay istehsalat təcrübəsi haqqında” məruzə ilə çıxış edib. Yay istehsalat təcrübəsinin təşkilindən söz açan şöbə müdiri bu tədris ilində 28 ixtisas kafedrası üzrə 3126 tələbənin təcrübəyə göndəriləcəyini bildirib. Onların istehsalat təcrübəsinin daha mütəşəkkil və keyfiyyətli təşkili, qarşıya çıxacaq problemləri operativ həll olunması məqsədilə yay istehsalat təcrübəsi üzrə “Qaynar xətt”in (146-1-3) açılmasını təklif edib. Rektor müvafiq quruma təklifin icrası ilə bağlı göstəriş verib.xeber100.com

İyul 27, 2016 12:57

Qəbulla bağlı müraciətlərin qeydə alınması artıq başa çatıb

Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbulla bağlı müraciətlərin qeydə alınması artıq başa çatıb. Apa-nın xəbərinə görə, qəbul imtahanında 500 və daha çox bal toplayan 303 tələbə 4 ixtisas üzrə 160 yer uğrunda mübarizə aparacaq. UFAZ-a qeydiyyat 18-23 iyul tarixlərində həyata keçirilib. Qeydiyyatdan keçən abituriyentlər 25-26 iyulda sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) götürə bilərlər. Qeydiyyata alınmış abituriyentlər 27 iyul saat 10.00-da ADNSU-da keçiriləcək imtahanda iştirak edəcəklər. Qeyd edək ki, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Fransanın Strasburq Universitetinin birgə hazırladığı 4 ixtisas üzrə tədris başlanacaq. Tədris tamamilə qeyd olunan fransız proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq iki diplomla təmin olunacaqlar. Bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq. Tədrisin tamamilə ADNSU-da aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələrin Fransada yay məktəblərində və bir mübadilə semestrində iştirak etməsi mümkündür. 2016-2017-ci tədris ili üçün UFAZ-da hər bir ixtisası üzrə 30 dövlət sifarişli və 10 ödənişli olmaqla 160 tələbənin təhsil alması nəzərdə tutulur.xeber100.com

İyul 25, 2016 12:03

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatı…

Azərbaycanda ali məktəblərə II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Apa-ya verilən məlumata görə, imtahan respublikanın11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 55 binada aparılıb.İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıblar. Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. İyulun 24-dən etibarən komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.xeber100.com

İyul 23, 2016 11:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə…

Xəbər verdiyimiz kimi, iyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. Azərtac xəbər verir ki, Xaçmaz şəhərində keçiriləcək qəbul imtahanlarında şimal bölgəsindən olan 1006 məzunun iştirakı nəzərdə tutulub. İmtahanlar iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunacaq. TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 97 nəzarətçi müəllim, o cümlədən 4 imtahan rəhbəri cəlb ediləcək. Hər iki mərkəzdə imtahanların keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda, ümumilikdə, 55 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni götürməlidirlər. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.xeber100.com

İyul 22, 2016 3:45