“Tədqiqat metodları”na dair təlim başa çatıb

Təhsil Nazirliyi və “ADA” Universitetinin birgə təşkil etdiyi “Tədqiqat metodları”na dair təlim başa çatıb. Bakı Dövlət Universitetindən (BDU) Azərtac-a bildiriblər ki, 4 ay davam edən təlim zamanı yeni tədris metodları və tədqiqat üsulları tədris olunub. Təlimə BDU, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Bakı Slavyan universitetlərindən və digər ali təhsil müəssisələrindən 40 müəllim, elmi işçi və doktorant cəlb edilib. İki mərhələdə təşkil edilən təlimdə BDU-nun tarix, jurnalistika, filologiya, sosial elmlər və psixologiya fakültələrindən 12 əməkdaş iştirak edib. İlk üç ayda tədqiqat metodları, strukturu, akademik yazı və sosial tədqiqatların aparılma qaydaları, elmi materialların axtarışı və digər mövzularda təlimlər keçirilib. Yekun imtahan ilə təlimin birinci mərhələsi başa çatıb. İkinci mərhələdə yüksək nəticə göstərən 20 nəfərdən ibarət işçi qrup seçilib. Qrupa on gündə yeni təlim metodları və “Tədqiqat üsulları” fənninə dair fənn proqramının hazırlanması barədə əlavə təlim keçirilib. Bunun üçün iştirakçılar ixtisaslar üzrə işçi qruplara bölünüb. Müxtəlif ali məktəblərdən olan mütəxəssislər tərəfindən tarix, dilçilik, jurnalistika, iqtisadiyyat, sosial elmlər, kimya, musiqişünaslıq ixtisaslarının tədqiqat metodlarına dair fənn proqramları hazırlanıb. BDU-nun əməkdaşları bu təlim kursunu uğurla başa vurublar. Yekun tədbirdə Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov, “ADA” Universitetinin dekanı Vəfa Kazdal, bu ali məktəbin tədris işləri üzrə prorektor müavini Anar Vəliyev, proqram rəhbəri Səidə Nəbiyevə kursun əhəmiyyəti, prosesin gözlənilən nəticələri barədə çıxış ediblər. Sonda iştirakçılara sertifikatlar verilib. “Tədqiqat üsulları” fənninin bütün ali məktəblərin magistratura pilləsində tədrisi nəzərdə tutulur.xeber100.com

İyul 20, 2016 10:39

BANM-in tələbələri istehsalat təcrübəsi keçəcək

Bakı Ali Neft Məktəbində (BANM) Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcək 26 tələbə və onların valideynləri ilə görüş keçirilib. BANM-dən Azərtac-a bildiriblər ki, bu ali təhsil müəssisəsinin rektoru Elmar Qasımov “Petkim” şirkətində istehsalat təcrübəsi keçmək imkanı qazanan tələbələri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rektor tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il ali məktəbin tələbələrinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bütün idarə və istehsalat müəssisələrinə, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsi keçmək üçün göndərildiklərini qeyd edib. Bu nəhəng şirkətdə təcrübə keçmək imkanı qazanan tələbələrin şanslı olduğunu vurğulayan E.Qasımov diqqətə çatdırıb ki, onlar iş prosesini yaxından izləmək, istismarda olan hər bir qurğunu, avadanlığı, texnoloji prosesləri və reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini öyrənmək və peşəkar mütəxəssislərlə birgə işləmək kimi imkanlar qazanacaqlar. Sonda fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb. Qeyd edək ki, BANM və “Petkim” şirkəti arasında əldə olunan razılaşmaya əsasən, bu ali məktəbin tələbələri iyulun 18-dən avqustun 29-dək bir ay müddətində bu şirkətdə istehsalat təcrübəsi keçəcəklər.xeber100.com

İyul 20, 2016 10:26

“Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçiriləcək

Təhsil naziri M.Cabbarov “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universitetinin keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən Apa-ya verilən xəbərə görə, əmrə əsasən 24 iyul – 7 avqust tarixlərində Bakı və Quba şəhərlərində “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” adlı yay universiteti keçiriləcək. Elm, ali və orta ixtisas təhsili şöbəsinə tapşırılıb ki, Bakı Slavyan Universiteti və digər ali təhsil müəssisələrindən Azərbaycan reallıqlarının yay universiteti iştirakçılarına çatdırılması üçün zəngin multikultural dəyərlər barədə məlumat vermək məqsədilə mühazirəçiləri cəlb etsin, Beynəlxalq əməkdaşlıq şöbəsi yay universitetinin yüksək səviyyədə keçirilməsi məqsədilə təşkilati məsələləri, Maliyyə şöbəsi təqdim olunmuş sənədlər əsasında yay universitetinin təşkili ilə bağlı müvafiq xərclərin ödənilməsi ilə əlaqədar tədbirlərin görülməsini, İctimaiyyətlə əlaqələr sektoru yay universitetinin gedişatının kütləvi-informasiya vasitələrində işıqlandırılmasını təmin etsin. Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.xeber100.com

İyul 19, 2016 10:51

Yay düşərgəsi yekunlaşıb

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin məktəblilər üçün təşkil etdiyi yay düşərgəsi yekunlaşıb. ASC-nin mətbuat xidmətindən “Apa-Economics”ə verilən məlumata görə, iki həftə ərzində 80-dən çox şagird tullantıların idarə olunması, ətraf mühitin qorunması və digər mövzularda təlimlərdə, praktik məşğələlərdə və turlarda iştirak ediblər. ADA Universitetində təhsil müəssisəsinin və cəmiyyətin rəhbərliyindən nümayəndələrin iştirakı ilə yay düşərgəsinin yekunlarına dair tədbir keçirilib. İştirakçılar düşərgədə əldə etdikləri bilik, təcrübə və təəssüratları haqqında yekun qrup təqdimatları ediblər. Daha sonra yay düşərgəsində iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunub. Düşərgə 20 iyun -18 iyul tarixlərində hər birində 40-dan çox yeniyetmə olan ardıcıl 2 qrup halında təşkil olunub. Bu müddət ərzində iştirakçılar tullantılarla rəftar, ətraf mühitin qorunması, Bakıda tullantıların idarə olunması ilə bağlı təlimlərdə iştirak ediblər, "Təmiz Şəhər"in Balaxanı qəsəbəsindəki tullantıların çeşidlənməsi və tullantıların yandırılması zavodlarına baş çəkib iş prosesi ilə yerində tanış olublar. Həmçinin, yeniyetmələr üçün Qalada yerləşən "Tullantıdan sənətə" muzeyinə tur təşkil olunub. Burada iştirakçılara tullantı materiallarından istifadə edərək müxtəlif əşyaların hazırlanması öyrədilib. Məktəblilərə, həmçinin kommunikasiya, media, fotoqrafiya, kompüter proqram təminatı kimi sahələr üzrə ölkənin ən öndə gedən mütəxəssisləri dərslər keçiblər.xeber100.com

İyul 18, 2016 1:47

Ali Hərbi Məktəbə kursant qəbulu elan edilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edir. Müsabiqədə TQDK tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 300 və daha yüksək bal toplamış  abituriyentlər iştirak edə bilərlər. Belə ki, qəbul imtahanlarında 300-dən yuxarı bal toplamış 16 nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi və Hərbi İşbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər. Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 8 nəfər namizəd Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə təhsil almağa göndəriləcək. Təhsil müddəti 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 il təkmilləşmə kursuna cəlb olunacaq. Kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunur. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbini müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək. xeber100.com

İyul 18, 2016 10:08

Qəbul imtahanlarının ödənişli olması təklifinə münasibət…

Təhsil naziri Mikayıl Cabbarov Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin gələcəkdə qəbul imtahanlarının ödənişli əsaslarla aparılmasının mümkünlüyü barədə fikirlərinə münasibət bildirib. Apa-nın xəbərinə görə, təhsil naziri deyib ki, bu məsələ əvvəlcə müzakirə olunmalıdır. Burada bir neçə məsələnin olduğunu deyən M.Cabbarovun sözlərinə görə, DİM müstəqil və yeni yaradılan qurum, publik hüquqi şəxs olduğu üçün onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır: “Eyni zamanda, həmin mərkəzin göstərdiyi xidmətlərin maliyyələşdirilməsi məsələsi var. Başqa məsələ odur ki, təhsilalanlara xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir.Bu səbəbdəb göstərilən xidmətlərin ödənişinin necə həyata keçirilməsi dəqiqləşdirilməlidir. Nazirliyə bu barədə müraciət olduqdan sonra rəsmi mövqeyimizi bildirəcəyik”. Təhsil naziri qeyd edib ki, DİM-in fəaliyyətinin təmin edilməsi üçün zəruri imkanlar olmalıdır. O bildirib ki, burada təhsilə çıxış və əlçatanlıq məsələsinə nəzər yetirilməlidir: “Hesab edirəm ki, müvafiq qurumun buna dair müraciəti olduğu təqdirdə hökumətin qərarı olacaq. Lakin indi buna müzakirəsi başa çatıb qərar verilən məsələ kimi baxmamalıyıq. Əminəm ki, məsələnin həllini həmkarım Məlaykə Abbaszadə və digərləri ilə işləyərək birgə tapacağıq”.xeber100.com  

İyul 14, 2016 10:56