“Gələcəyin işgüzar səfirləri” təlim proqramı keçirilib

Paris Sorbon Universiteti (Əbu-Dabi) və Fransanın Azərbaycandakı səfirliyinin birgə layihəsi çərçivəsində Avropa Azərbaycan Məktəbinin və Bakı şəhər məktəblərinin VI-X sinif şagirdləri üçün “Gələcəyin işgüzar səfirləri” adlı 5 günlük təlim proqramı keçirilib. Layihənin əsas məqsədi şagirdlərin məktəbdə və təhsil ocağını bitirdikdən sonra ictimai-sosial, eləcə də işgüzar həyatda fəal vətəndaş olaraq biznes və menecment sahələrində işgüzar iş adamları kimi yetişməsinə dəstək verməkdir. Həmçinin layihə məktəblinin aktiv şagird, fəal vətəndaş, sosial düşüncəyə sahib menecer, məsul və zamanı düzgün dəyərləndirən rəhbər, səlis işgüzar yazışmaları həyata keçirən şəxs və çoxmədəniyyətli mühitdə çalışmağı bacaran şəxsiyyət kimi yetişməsinə dəstək vermək məqsədi daşıyır. Proqramın tədris dili ingilis dili olub və bu, şagirdlərə gələcəkdə ingilis dili bacarıqlarını inkişaf etdirmək, eyni zamanda, beynəlxalq səviyyədə tanınmış universitet heyətindən bilik əldə etmək imkanı verib. Proqrama Sorbon Universitetinin professoru Florent Pratlonq rəhbərlik edib və təlim 5 modul üzrə keçirilib: Beynəlxalq iqtisadi əlaqələr, strateji planlaşdırma və sosial təsir; Məktəb portfoliosunun hazırlanması və universitet həyatı, təqaüd imkanları, ərizələrin doldurulması və yazışma üslubları; Sosial iqtisadi proqramlar, fərdi İKT bacarıqlarının inkişaf etdirilməsi, müştəri münasibətlərində idarəetmə, vaxtın idarə edilməsi; Özünüqiymətləndirmə və özünəinam bacarığı, təqdimatların və çıxışların hazırlanması; Komanda fəaliyyəti, çoxmədəniyyətli iş mühiti, tolerantlıq, layihəyə rəhbərlik. Proqramda Avropa Azərbaycan Məktəbinin 31 şagirdi, eləcə də Bakı İstedadlar Təhsil Kompleksinin, Z.Əliyeva adına Liseyin, Bakı Avropa Liseyinin və N.Tusi adına Gimnaziyanın 16 şagirdi də iştirak edib. Proqramın sonunda Avropa Azərbaycan Məktəbinin Badamdardakı orta təhsil binasında bütün iştirakçılara Fransanın Azərbaycandakı səfirliyi tərəfindən Paris Sorbon Universitetinin (Əbu-Dabi) sertifikatları təqdim olunub. Tədbirdə Avropa Azərbaycan Məktəbinin rəhbərliyi, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şiterer və Paris Sorbon Universitetinin (Əbu-Dabi) MDB və Türkiyə üzrə məsləhətçisi İmran Muxtarov da iştirak ediblər.xeber100.com

İyun 28, 2016 9:44

Buraxılış imtahanları iyunun 21-də keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 21-də Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərindəki orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi Lisey və C.Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. TQDK-dan Azərtac-a bildiriblər ki, həmin gün ümumilikdə 47 min 260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26 min 72, XI sinif üzrə 21 min 188). İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 7-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır. Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiqləyən sənədin əslini gətirməlidirlər. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər. 16 yaşı bu il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışla imtahana buraxılacaqlar (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 26 min 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə 66 imtahan mərkəzi ayrılıb. Bu imtahanda isə 21 min 188 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir. İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2 min 273 nəzarətçi-müəllim ayrılıb.xeber100.com

İyun 18, 2016 5:22