“Elm haqqında” qanun layihəsi qəbul edilib

İyunun 14-də Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir. Bildirilib ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir. Komitə sədri qeyd edib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər. Qanun layihəsinə əsasən Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm yaradılacaq. Layihənin 34-cü maddəsinin 11-ci bəndinə əsasən, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”. Bildirilib ki, qanun layihəsində dövlət büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri də əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.xeber100.com

İyun 14, 2016 3:51

Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan elmi-praktik konfrans keçirilib. Azərtac xəbər verir ki, Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə təşkil olunan tədbirdə akademiyanın kollektivi, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. DİA-nın rektoru, akademik Urxan Ələkbərov müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimizin, müstəqilliyimizin tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu söyləyib. Ümummilli lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən bəhs edən rektor bildirib ki, xalqımızın xilaskar kimi Ulu Öndərə üz tutması düzgün tarixi seçimdir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışan U.Ələkbərov diqqətə çatdırıb ki, son illərdə ölkəmizin əldə etdiyi uğurlar dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və iqtisadi potensialı gündən-günə artmaqdadır. Milli Məclisin deputatları - DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov, akademiyanın dövlət quruculuğu və kadr siyasəti kafedrasının dosenti Aydın Mirzəzadə məruzələrində Ulu Öndərin xilaskarlıq missiyasından danışıb, Ümummilli Liderin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.xeber100.com

İyun 14, 2016 12:24

Abituriyentlərə və tələbələrə dəstək layihəsinin icrasına başlanılır

VTB (Azərbaycan) “Rossotrudniçestvo” agentliyinin ölkəmizdəki nümayəndəliyi ilə birlikdə Rusiya ali məktəblərində təhsil almaq istəyən abituriyentlərə və tələbələrə dəstək layihəsinin icrasına başlayır. Azərtac xəbər verir ki, iyunun 9-da saat 12:00-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində layihənin təqdimatı olub. VTB (Azərbaycan) Bankının nümayəndələri bildiriblər ki, yeni layihəyə əsasən, bank Rusiya təhsil müəssisələrində oxumaq istəyən və ya artıq təhsil alan şəxslər üçün əlverişli şərtlərlə təhsil krediti təklif edir. Layihə Rusiyanın istənilən ali və orta ixtisas təhsil müəssisəsində təhsil haqqını ödəmək üçün kredit verilməsini nəzərdə tutur. Kredit əlavə təhsilə, ixtisasartırmaya və təkrar peşə hazırlığına yönəldilə bilər. Layihə şərtlərinə görə, kredit həm təhsil alan şəxsin, həm də onun yaxın qohumunun adına verilə bilər. Pul vəsaiti 6 aydan 60 ayadək müddətdə Azərbaycan manatı, yaxud Rusiya rublu ilə əldə edilə bilər. Özü də borcalandan ilkin ödəniş tələb olunmur. Əlaçı tələbələr üçün faiz dərəcəsinin 1 faiz azaldılması nəzərdə tutulur. VTB (Azərbaycan) Bankının İdarə Heyətinin sədri Yuri Yakovlev layihə ilə bağlı deyib: “Təhsil layihəsinin əsas məqsədi keyfiyyətli təhsil almaq istəyən, amma təhsil haqqını ödəmək imkanı olmayan insanlara kömək etməkdir. Bu proqram bir çox gənclərə öz təhsilini təxirə salmamaq imkanı verəcək. Biz fəxr edirik ki, Azərbaycan gənclərinin uğurlu gələcəyinin təşəkkülündə bilavasitə iştirak edəcəyik”. VTB (Azərbaycan) Bankı ASC korporativ və kiçik biznes müştərilərinə və özəl müştərilərə xidmətlər göstərir. Hazırda bank 15 filialla, o cümlədən baş ofis nəzdində Müştərilərə Xidmət İdarəsi ilə təmsil olunub.xeber100.com

İyun 9, 2016 3:58

Buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi tam yerinə yetirilib

2015/2016-cı tədris ili üzrə ümumtəhsil məktəblərinin 197.063 nəfər buraxılış sinif şagirdindən 196.391-i barədə məlumat şəxsiyyəti təsdiqləyən sənəd əsasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Şagird-məzun” elektron məlumat sisteminə daxil edilib. Naxçıvan Muxtar Respublikası, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Göyçay, Naftalan, Qax, Saatlı, Tovuz, Ucar, Xızı, Xocalı rayon və şəhərlərində buraxılış sinif şagirdləri haqqında məlumatların sistemə daxil edilməsi tam yerinə yetirilib. TQDK-dan Azərtac-a bildiriblər ki, şəxsiyyəti təsdiqləyən sənədlərin operativ təqdim edilməsində Daxili İşlər Nazirliyi, “ASAN” Xidmət və Dövlət Miqrasiya Xidməti mühüm rol oynayıb. Hazırda IX sinif üzrə 540, XI sinif üzrə isə 132 nəfərin məlumatları şəxsiyyəti təsdiqləyən sənədi olmadığından sistemə daxil edilməyib. Bu siyahıda ölkə üzrə ən aşağı göstəricilər Bakının Sabunçu rayonuna (60 nəfər), Suraxanı rayonuna (76 nəfər) və Xəzər rayonuna (58 nəfər) aiddir. TQDK məlumatları sistemə hələ də daxil olunmayan buraxılış sinif şagirdlərinin valideynlərindən xahiş edir ki, övladlarının buraxılış imtahanlarında iştirak edə bilmələri üçün onları şəxsiyyəti təsdiqləyən sənədlə təmin etsinlər.xeber100.com

İyun 9, 2016 3:51

Məzun günü keçirilib…

Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə Fakültəsində və Bakı Atatürk Liseyində məzun günü keçirilib. Azərtac xəbər verir ki, Türk Dünyası İşlətmə Fakültəsi tələbələrinin məzun günündə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Fakültənin dekanı Ferrux Tuzcuoğlu əldə edilən uğurlardan danışıb. O, qeyd edib ki, bizim yüksək biliyə və təcrübəyə malik pedaqoji kadrlarımız var. Bu heyət sayəsində biz bu gün savadlı, təcrübəli məzunlar yola salırıq. Sonra TDAV rəhbəri Közhan Yazqan, Milli Məclisin deputatı Qənirə Paşayeva və türk iş adamları çıxış edərək məzunları təbrik edib, onlara uğurlu karyera arzulayıblar. Bakı Atatürk Liseyinin 11-ci sinif şagirdlərinin Gənc Tamaşaçılar Teatrında keçirilən məzun günü isə Türk dünyasının öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Çıxış edən TDAV rəhbəri Közhan Yazqan, liseyin müdiri Ali Devrim və başqaları məzunları təbrik edib, onlara Türk dünyasının birlik və bərabərliyi, inkişafı istiqamətində yorulmaz və uğurlu fəaliyyət arzulayıblar. Sonra Bakı Atatürk Liseyinə verdikləri dəstəyə görə TİKA Bakı təmsilçisi Mustafa Haşim Polata, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinova, həmçinin liseyin bir qrup jurnalist-valideyninə TDAV tərəfindən təşəkkürnamə təqdim edilib. Mərasim məzunların hazırladıqları bədii proqram, liseyin 8-ci sinif şagirdi, bir sıra beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədlinin pianoda ifa etdiyi musiqi və Türkiyənin Dövlət Sənətçisi Bünyamin Aksungurun gözəl ifaları ilə davam edib.xeber100.com

İyun 7, 2016 3:21

2015-2016-cı tədris ilinin yaz imtahan sessiyasının monitorinqi aparılıb

İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2015-2016-cı tədris ilinin yaz imtahan sessiyasının monitorinqi aparılıb. Azərtac xəbər verir ki, ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov təhsil naziri Mikayıl Cabbarovun bu il mayın 20-də “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzaladığını diqqətə çatdırıb, universitetdə imtahanların təşkili barədə məlumat verib. Qeyd olunub ki, yaz semestri üzrə imtahan sessiyasının Təhsil Nazirliyinin hüquqi-normativ aktlarına uyğun şəffaf, obyektiv və müvəffəqiyyətlə keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri, eləcə də ADPU-ya qoşulmuş Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müvafiq struktur bölmələri qarşısında konkret vəzifələr qoyulub. İmtahan sessiyasının gedişində yarana biləcək münaqişə və şikayətləri həll etmək üçün universitetdə tanınmış və təcrübəli pedaqoq-alimlərdən ibarət imtahan qərargahı yaradılıb. Test sualları vaxtında hazırlanaraq “İnformasiya-kommunikasiya texnologiyaları, monitorinq və qiymətləndirmə Mərkəzi”nə təqdim edilib və universitetin internet saytında yerləşdirilib. İmtahan cədvəlləri həmin mərkəz tərəfindən tərtib olunaraq təsdiqlənib. Test sualları təkmilləşdirilib, onların keyfiyyəti xeyli yaxşılaşdırılıb. Qeyd olunub ki, yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun internet saytında yerləşdirilir. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımı şəraitin yaradıldığını bildiriblər.xeber100.com

İyun 7, 2016 3:18

“Cisco” şəbəkə akademiyasının açılışı olub

Azərbaycan Texniki Universitetində (AzTU) “Cisco” şəbəkə akademiyasının açılışı olub. AzTU-dan Azərtac-a bildiriblər ki, açılış mərasimində bu ali məktəbin rektoru, professor Havar Məmmədov müasir dövrdə informasiya texnologiyalarının əhəmiyyətindən danışıb. Rektor universitetdə tələbələrin və əməkdaşların informasiya-kommunikasiya texnologiyalarından (İKT) yüksək səviyyədə istifadəsi üçün hər cür şəraitin yaradıldığını söyləyib. Qeyd edilib ki, hazırda bütün sahələrdə İKT-dən geniş istifadə olunur. Ona görə də müasir zamanın tələbinə uyğun olaraq, hər kəs, xüsusilə texniki sahə ilə məşğul olanlar informasiya texnologiyalarından yüksək səviyyədə istifadə bacarığına yiyələnməlidirlər. Bunun üçün universitetin maddi-texniki bazası və kadr potensialı daim gücləndirilir. Şəbəkə və Audio-vizual Texnologiyalar Şirkətinin (AzNEXT) direktoru və “Cisco” şəbəkə akademiyasının Azərbaycan üzrə rəhbəri Səməd Abasov akademiya barədə məlumat verib. Bildirilib ki, akademiyanın yaradılmasının əsas məqsədi şəbəkə texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasıdır. Sonra iştirakçılar “Cisco” şəbəkə akademiyası üçün hazırlanan otaqla tanış olublar. Qeyd edək ki, şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən “Cisco”nun təhsil müəssisələri ilə birgə layihəsi olan “Cisco” şəbəkə akademiyasında 15 istiqamət üzrə kurslar təşkil edilir. Kursu bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin gənclər karyerada üstünlük əldə edirlər.xeber100.com

İyun 6, 2016 3:44