Tələbə Kredit Fondu fəaliyyətə başlayır

İyunun 6-da Təhsil Nazirliyində Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlaması və bu qurumun saytının istifadəyə verilməsi ilə bağlı media-brifinq keçirilib. Azərtac xəbər verir ki, media-brifinqdə Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini, KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov, elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud fondun strukturu, missiyası və əhəmiyyətindən danışıblar. Bildirilib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kreditlər üçün müraciət edənlər müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr (bakalavrlar) müraciət edə bilərlər. Tədbirdə fondun yenicə istifadəyə verilmiş rəsmi veb səhifəsi barədə məlumat verilib. Qeyd edilib ki, portalda fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri barədə ətraflı məlumat yerləşdirilib. Bundan əlavə, portalda elektron (online) müraciət pəncərəsi yaradılıb. Bu da kreditlər üçün müraciət prosesində şəffaflığın və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən tapmaq mümkündür.xeber100.com

İyun 6, 2016 3:39

Milli Elmlər Akademiyasının magistraturasına qəbul imtahanının ikinci mərhələsi keçirilib

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində aparılıb. Saat 13.00-da başlanan imtahan saat 14.30-da başa çatıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verirlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9 min 61 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.xeber100.com

İyun 5, 2016 2:55

Texniki Universitetdə Respublika Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib. Universitetdən Azərtac-a bildiriblər ki, tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən AzTU-nun rektoru, professor Havar Məmmədov bu günün tarixindən danışıb. Bildirilib ki, XX əsr Azərbaycan xalqının həyatında azadlıq və istiqlaliyyət uğrunda böyük mübarizələr əsri olub. Ötən əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süqut etsə də, onun baniləri bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanırlar. 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz müstəqilliyin bu mübarizənin məntiqi nəticəsi kimi tarixə düşdüyünü diqqətə çatdıran rektor vurğulayıb ki, həmin vaxt respublikamız müstəqilliyini bərpa etsə də, müstəqil siyasət apara bilməyib. 1993-cü ilin iyununda Azərbaycan parçalanma, dağılma ərəfəsində ikən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsəydi, bu gün biz müstəqilliyimizdən danışa bilməzdik. Mili Məclisin deputatları - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi araşdırmalar institutu”nun direktoru Elman Nəsirli və AzTU-nun professoru Astan Şahverdiyev Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulayıblar.xeber100.com

May 27, 2016 12:11

BDU-da 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirilib

Mayın 26-da Bakı Dövlət Universitetində 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm, ictimaiyyət xadimləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təmsilçiləri, KİV rəhbərləri, universitetin professor-müəllim və tələbələri heyəti iştirak ediblər. Azərtac xəbər verib ki, tədbirdən əvvəl jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik jurnalistika fakültəsi studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrinə yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan fakültənin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilir. Studiya əsaslı təmir olunub, texniki imkanları genişlənib, ötən ay isə əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər. Sonra tədbir universitetin əsas binasında davam etdirilib. Akademik Abel Məhərrəmov 28 May - Respublika Günü münasibətilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük yadigarları olduğunu xatırladan akademik Abel Məhərrəmov bildirib ki, onlardan biri də Bakı Dövlət Universitetidir. Rektor qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir vaxtda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma təhlükəsindən qurtardı. Ümummilli Liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atdı və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov Azərbaycan Xalq Cümhuriyyəti haqqında məruzə ilə çıxış edib. Professor Ə.Həsənov məruzəsində Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni, intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə milli iradəsini ortaya qoydu, yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa etdi və BMT-nin üzvü olan müstəqil dövlətlər sırasına qoşuldu. Bu hadisə Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti hesab olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır. Çıxışlardan sonra “M.Teatr Production”un ifasında Üzeyir Hacıbəylinin əsərləri əsasında hazırlanmış “Məsəl, ya...” tamaşası nümayiş etdirilib. Sonda tədbir iştirakçılarına professor Əli Həsənovun “Azərbaycanın geosiyasəti” kitabı paylanılıb.xeber100.com

May 26, 2016 1:41

Bilik Evinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəmkirdəki Heydər Əliyev Mərkəzi arasında imzalanmış niyyət protokolu çərçivəsində mayın 23-də mərkəzin inzibati binasında Bilik Evinin açılış mərasimi keçirilib. Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayacaq Bilik Evinin açılış mərasimində fondun icraçı direktoru Oqtay Səmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, Milli Məclisin deputatı Sona Əliyeva, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Rus İcmasının sədri Valeriya İvanova, müxtəlif dini icma, yerli təhsil şöbəsi, mərkəzi xəstəxana, mədəniyyət şöbəsi, polis şöbəsi, tarix və diyarşünaslıq muzeyi, Gənclər və İdman İdarəsi, Gənc Müəllimlər Birliyi, Gənc Həkimlər Birliyi, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi, “Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi, Bakı Oksford Məktəbinin Şəmkir filialı, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi, “Kids Academy” uşaq bağçasının rəhbərləri və nümayəndələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər. Bilik Fondundan Azərtac-a bildiriblər ki, açılış mərasimindən əvvəl qonaqlar mərkəzlə yaxından tanış olub, Heydər Əliyev irsinin qorunması, tədqiqi, təbliği istiqamətində və gənclərin maarifləndirilməsi sahəsində mərkəzin gördüyü işlər, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barədə qonaqlara geniş məlumat verilib. Şəmkir Bilik Evinin açılış mərasimində Milli Məclisin deputatı Sona Əliyeva rəhbərlik etdiyi mərkəzin və Bilik Fondunun birgə təşkilatçılığı ilə Bilik Evinin yaradılmasının əhəmiyyətindən danışıb, bu qurumun həm Şəmkir rayonunda, həm də ətraf bölgələrdə böyük uğurlara imza atacağına əminliyini bildirib. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov bir neçə bölgədə Bilik Evinin açıldığını xatırladıb, onların fəaliyyətindən söz açıb. İcraçı direktor deyib ki, fondun bütün bölgələr üzrə təyin olunan nümayəndələri bilik evləri ilə birgə mütəmadi tədbirlər keçirir və qarşılıqlı dəstəyin nəticəsində böyük nailiyyətlərə imza atılır. O.Səmədov həm Nardaranda, həm də Şəmkirdə Bilik Evinə Milli Məclisin deputatlarının rəhbərlik etdiyini vurğulayaraq, bu hadisəni fondun uğuru kimi dəyərləndirib: "Ev” deyəndə adamın düşüncəsinə isti ocaq, rahatlıq, səmimiyyət, doğmalıq kimi gözəl hisslər hakim kəsilir. Əminik ki, Bilik Evi də doğma ocağınız qədər isti ocağa çevriləcək”. Şəmkir Rayon İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bilikləndirmə missiyası daşıyanlara Şəmkir rayonunun bütün sakinlərinin dəstək verməyə hazır olduğunu deyib. İcra başçısı bildirib ki, Bilik Evinin rayonun hərtərəfli və sürətli inkişafına güclü təkan olacağına inanır: “Bütün şəmkirlilər Bilik Evinə məbəd kimi baxmalıdırlar. Bilik Evi məbəd içərisində məbəddir. Şəmkir Heydər Əliyev Mərkəzi böyük həvəslə öz qapılarını Bilik Fondunun Bilik Evinə açdı. Biz buna çox sevinirik və bu hadisəyə görə hamınızı təbrik edirəm”. Şəmkir rayon Rus İcmasının sədri Valeriya İvanovna əsrlərdir multikultural dəyərlərini qoruyan və tətbiq edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyduğunu söyləyib, Şəmkirdə yaşayan bütün xalqların nümayəndələrinin ölkənin inkişafına yönəlmiş işlərdə yaxından iştirak etdiklərini vurğulayıb. V.İvanova Bilik Evinin layihələrinə məmnuniyyətlə qoşulmağa hazır olduqlarını bildirib. Digər çıxış edənlər də Şəmkir Bilik Evinin fəaliyyətinə uğurlar arzulayıb, bu ocağın ixtisaslı, bacarıqlı kadrların yetişməsində baza rolu oynayacağına əminliklərini bildiriblər. Daha sonra Bilik Evinin ilk “dəyirmi masa”sı keçirilib. Bilik Fondunun nümayəndələri Şəmkirdə fəaliyyət göstərən Gənc müəllimlər və Gənc Həkimlər birliklərinin üzvləri ilə “Sağlam bədən, sağlam ruh, sağlam düşüncə” mövzusunda müzakirələr aparıblar. Hazırda Qax və Oğuz rayonlarında, Nardaran qəsəbəsində Bilik Fondunun Bilik Evi fəaliyyət göstərir. Astara və İsmayıllı rayonlarında da Bilik Evinin açılması planlaşdırılır.xeber100.com

May 24, 2016 11:32

“Qloballaşan dünya və Azərbaycan” mövzusunda konfrans keçirilib

Mayın 23-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Qloballaşan dünya və Azərbaycan” mövzusunda birinci respublika tələbə elmi konfransı keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin universitetdəki büstü önünə tər güllər düzüblər. BSU-nun rektoru, professor Asif Hacıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş universitetin regionda tutduğu unikal mövqedən, Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində BSU-da görülən işlərdən danışıb. Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu dövlətçilik siyasəti nəticəsində dinamik inkişaf edən Azərbaycan həqiqətlərinin, ölkədəki multikultural və tolerant mühitin dünyaya çatdırılması üçün BSU-da silsilə tədbirlər keçirilir. A.Hacıyev BSU-nun əməkdaşlıq etdiyi universitetlərdə fəaliyyət göstərən mərkəzlərdə ölkəmiz haqqında obyektiv məlumatın, Qarabağ həqiqətlərinin təbliği yönündə aparılan işlərdən, həyata keçirilən müştərək elmi layihələrdən də danışıb. Bugünkü konfransın da bu yöndə atılan addımlardan biri olduğu qeyd edilib. Rektor gənclərin qlobal mövzuya həsr olunan tədbirdə iştirakını yüksək dəyərləndirib, konfransın işinə uğurlar arzulayıb. Sonra konfrans işini “Heydər Əliyev və müasirlik”, “Azərbaycanın xarici siyasəti və beynəlxalq münasibətlərin aktual problemləri”, “Azərbaycan multikulturalizmi”, “Azərbaycan tarixi, mədəniyyəti və təhsilin aktual problemləri”, “Tərcümənin aktual problemləri” və “Filologiyanın aktual problemləri” bölmələrində iclaslarla davam etdirib. Elmi-praktik konfransa ümumilikdə 139 tezis daxil olub. Mərasimdə BSU-nun tələbələri ilə yanaşı, bir sıra digər ali təhsil müəssisələrinin tələbələri, magistrləri, doktorantları, dissertantları, Polşa və Ukraynadan olan tələbələr iştirak edirlər. Sonda iştirakçılara sertifikat və konfrans materiallarının toplusu təqdim olunub.xeber100.com

May 23, 2016 3:28