Bakı Dövlət Universitetində (BDU) 2021-2022-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə yeni ixtisaslar açılıb.BDU-dan Azərtac-a bildiriblər ki, yeni açılan filologiya (ingilis dili və ədəbiyyatı); biznesin idarə edilməsi, maliyyə; informasiya təhlükəsizliyi; bitki mühafizəsi ixtisasları əmək bazarında bu sahələrə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. BDU-nun bakalavriat səviyyəsinin yeni ixtisaslarını seçəcək abituriyentlərə məlumat üçün bildirilir:
Filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasında təhsil alan tələbələr ixtisas dili üzrə filoloji dünyagörüşü və ixtisaslaşmanı təmin etmək, eyni zamanda, ixtisas üzrə filologiya fənlərini yüksək keyfiyyətlə mənimsətmək, tənqidi mühakimə qabiliyyətini formalaşdırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək bacarıqlarına yiyələnəcəklər. Filologiya ixtisası dilçilik və ədəbiyyatşünaslıqda ixtisas dilinin dil və ədəbi prosesləri, o cümlədən bu iki sahədə gedən ümumi inkişaf meyillərini əhatə edir. Burada filologiyanın xüsusiyyətləri, onun elmi problemləri, dünya filologiya fikri ilə əlaqəsi öz əksini tapır.
Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alan tələbələr kommersiya təşkilatlarında maliyyə, marketinq, insan resurslarının idarə edilməsi, strateji planların hazırlanması, beynəlxalq biznes əlaqələrinin qurulması və həyata keçirilməsi məsələlərini öyrənəcəklər. İxtisas, həmçinin bakalavrın praktiki, idarəetmə, ünsiyyət bacarıqları və qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Biznesin idarə edilməsi ixtisası almış bakalavrlar müəssisənin strateji idarə edilməsi və biznes konsepsiyasının hazırlanması, rəqabətli bazarda marketinq tədqiqatlarının aparılması və satış kanallarının müəyyən edilməsi, beynəlxalq biznes əlaqələrinin qurulması, biznes-planın tərtib edilməsi və həyata keçirilməsi kimi bilik və bacarıqlara sahib olacaqlar.
Maliyyə ixtisasında müəssisənin (banklar, özəl şirkətlər, dövlət strukturları və s.) maliyyə əməliyyatlarını həyata keçirmək üçün lazım olan nəzəri və təcrübi bilik və bacarıqlar öyrədiləcək. Maliyyə əməliyyatları dedikdə müəssisənin pul vəsaitlərinin əmələ gəlməsi, bölüşdürülməsi və ona nəzarət, gəlirlərini idarə etmək, ona nəzarəti həyata keçirmək, maliyyə itkilərinin riskini azaltmaq nəzərdə tutulur. Maliyyə ixtisasını əldə etmiş mütəxəssislər dövlət büdcəsinin formalaşması və istifadəsi mexanizmini, beynəlxalq valyuta-maliyyə və kredit münasibətləri, bank sistemi və bankların fəaliyyət mexanizmi, müəssisələrdə pul vəsaitlərinin əmələ gəlməsi, istifadəsi və bu proseslərə nəzarət edilməsi, vergi sistemi və vergiqoymanın ümumi məsələləri, sığortanın iqtisadi mahiyyəti, sığortanın təşkili və sığorta təşkilatlarının fəaliyyət mexanizminin həyata keçirilməsi kimi sahələrdə mütəxəssislər hazırlayacaq.
İnformasiya təhlükəsizliyi ixtisası ölkənin müxtəlif sahələrində informasiya təhlükəsizliyi və informasiyanın mühafizəsi üçün kadr hazırlığını həyata keçirəcək. İnformasiya təhlükəsizliyi ixtisasına yiyələnənlər dövlət və qeyri-dövlət müəssisələrinin işində informasiya resurslarının və texnologiyalarının rolunun hər gün daha çox artması ilə həmin müəssisələrdə informasiya təhlükəsizliyi məsələlərini həll edə biləcəklər. Ölkədə informasiya sistemlərinin təhlükəsizliyini, sistemə bağlı informasiya ehtiyatlarının qorunmasını həyata keçirə bilən və kibercinayətlərə qarşı mübarizə aparacaq ixtisaslı mütəxəssislərə geniş tələbat yaranıb. Tədris yüksəkixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçiriləcək.
Bitki mühafizəsi ixtisası üzrə məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə biləcəklər. Bitkilərin zərərli orqanizmlərinin inteqrir idarəetmə tədbirlərinin hazırlanması, tətbiqi və yeni bioloji, kimyəvi vasitələrin sınağı, texniki bitkilərin yeni məhsuldar sortlarını yaratmaq və toxumçuluq işinin təşkili, torpağın münbitliyini yaxşılaşdıran, məhsuldarlığı artıran texnologiyaların işlənib hazırlanması istiqamətlərində biliklər tədris ediləcək. Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Burada zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılacaq.xeber100.com