Azərbaycan Texniki Universitetinin Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib.AzTU-dan Azərtac-a bildirilib ki, iclasda rektor Vilayət Vəliyev ötən həftə Türkiyənin Qazi Universiteti ilə imzalanmış ikili diplom proqramı haqqında müqavilənin müddəaları barədə şura üzvlərinə məlumat verib. Rektor may ayında Ukraynaya etdiyi işgüzar səfər və bu ölkənin aparıcı ali təhsil müəssisələri ilə imzalanan müqavilələr haqqında məlumatı da iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, əməkdaşlıq və ikili diplom proqramı haqqında müqavilələrə əsasən, AzTU-da Qazi Universitetinin və Ukrayna ali təhsil müəssisələrinin təcrübələrindən istifadə olunacaq.İclasın gündəliyinə uyğun olaraq 2020-2021-ci il yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı məlumat, həmçinin Xüsusi texnika və texnologiya fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Bundan başqa, Vətən müharibəsində iştirak etmiş tələbələrə yekun dövlət attestasiyasında güzəşt edilməsi ilə bağlı qərar da yekdilliklə qəbul edilib.Elmi şuranın iclasında AzTU-nun da tərəfdaş olduğu “Erasmus+KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində universitetdə İnnovativ Texnologiyalar Mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunub ki, UniClaD layihəsi 2020-2023-cü illəri əhatə edir. Məqsəd 9 ölkənin partnyor universitetlərinin Avropanın klaster təcrübəsini öyrənməsi, eyni zamanda, universitet-sənaye işbirliyinin gücləndirilməsidir.xeber100.com

İyun 2, 2021 7:31

2020-2021-ci tədris ilinin imtahan sessiyası distant formada keçiriləcək

Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrdə qeyd olunur ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunmalıdır.Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.xeber100.com

May 17, 2021 1:32

İqtisad Universitetində Elmi şuranın növbəti iclası keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.Bu barədə Azərtac-a UNEC-dən məlumat verilib.Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov UNEC-də 2020-ci ildə yerinə yetirilən elmi-tədqiqat işləri və qarşıda duran vəzifələr haqqında çıxış edib. Beynəlxalq indeksləşmiş jurnallarda çap olunma tempinin yüksəldiyini bildirən prorektor fakültə və kafedralar üzrə “Web of Science”, “Scopus” elmmetrik bazalardakı nəşrlərin sayını açıqlayıb. Hesabatda UNEC Kitabxana-İnformasiya Mərkəzinə 7000-ə yaxın yerli və xarici nəşrlərin daxil olduğu, müəllim və tələbələrə “IPR Books”, EBSCO, “Web of Science” və bir sıra digər beynəlxalq elektron resurslara çıxış imkanının yaradıldığı qeyd olunub. Sonda UNEC-in tədqiqat universiteti statusu alması istiqamətində təkliflər səsləndirilib.Sonra UNEC İmtahan Mərkəzinin direktoru, dosent Söhrab İsayev 2020/2021-ci tədris ilinin yaz semestri üzrə III modul imtahanlarının təşkili və keçirilməsi ilə bağlı görülmüş işlər barədə çıxış edib. O, yaz semestrinin III modulu üzrə əyani bakalavriat və magistratura imtahanlarının keçirilmə müddətinin aprelin 8-dən 23-dək müəyyən edildiyini, texniki və texnoloji ixtisaslar üzrə xüsusi qabiliyyət tələb edən fənlər istisna olmaqla, qalan fənlər üzrə imtahanların distant formada proktorinq tətbiq edilməklə test üsulu ilə keçiriləcəyini bildirib. S.İsayev distant imtahanların təşkili və keçirilməsi ilə bağlı təkliflər verib.Şurada çıxış edən rektor, professor Ədalət Muradov modul sisteminə keçidlə bağlı dərslərin keyfiyyətli təşkil olunduğunu, müəllimlərin dərslərin tədrisini, eləcə də imtahanların təşkilini layiqincə yerinə yetirdiklərini bildirib. Rektor UNEC-in elmi tədqiqat yönümlü universitetə çevrilməsi istiqamətində görüləcək işlərdən, eləcə də kitabxana ilə bağlı hədəflərdən danışıb. O, UNEC-də rəqəmsal iqtisadiyyat və IV Sənaye İnqilabı sahəsində yüksək səviyyədə kitabxana qurulmasının nəzərdə tutulduğunu deyib.  

Aprel 8, 2021 3:10