Azərbaycan Dövlət İqtisad Universitetinə sənəd qəbulu davam edir

Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən 2020/2021-ci tədris ilində elan olunan müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.UNEC-dən Azərtac-a bildirilib ki, oktyabrın 15-dək davam edəcək sənəd qəbulu iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, statistika, menecment, dövlət və bələdiyyə idarəetməsi, informasiya texnologiyaları, biznesin idarə edilməsi, sənayenin təşkili və idarə olunması, marketinq, ekologiya, kommersiya, istehlak mallarının ekspertizası və marketinqi, qida məhsulları, dizayn, çoxişlənən malların texnologiyası, texnoloji maşın və avadanlıqlar, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasları üzrə aparılır.Təkrar ali təhsilə sənəd qəbulu elektron qaydada kabinet.unec.edu.az internet linki vasitəsilə həyata keçirilir. Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.xeber100.com

Sentyabr 19, 2020 6:16

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı əsasında…

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb.Bu barədə Azərtac-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb. Həmçinin ehtiyac olan ərazilərdə 6 yeni məktəb binası inşa olunub. Yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90 və 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılıb.Həmçinin 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib. Bundan əlavə, yeni dərs ili ilə əlaqədar ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Mövcud vəziyyətlə əlaqədar məktəblərdə dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.xeber100.com

Sentyabr 14, 2020 2:42

Dövlət İmtahan Mərkəzi: Attestasiya imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyun-iyul aylarında keçirilmiş yekun qiymətləndirmə (attestasiya) imtahanlarında iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün respublikanın 15 şəhər və rayonunda buraxılış imtahanları təşkil olunub.DİM-dən Azərtac-a bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi cəlb edilib.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan iştirakçılarının bədən hərarətləri normaya uyğun olub.Bir nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının, cavab kartları və vərəqlərinin emalına başlanılacaq.On birinci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.Doqquzuncu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olunacaq.

Sentyabr 10, 2020 3:24

Dövlət İmtahan Mərkəzi: Abituriyentlərin ixtisas seçimi davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) abituriyentlərin ixtisas seçimi davam edir.Dövlət İmtahan Mərkəzindən (DİM) Azərtac-a bildirilib ki, ixtisas seçimi sentyabrın 13-dək internet vasitəsilə həyata keçiriləcək. Bu gün saat 10:55-ə olan məlumata görə, 3735 abituriyent (Azərbaycan bölməsi - 3653; rus bölməsi -82) ixtisas seçimi edib.Xatırladaq ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlərin qabiliyyət imtahanlarından aldığı qiymətlər gün ərzində elektron məlumat bazasına daxil edilir və onlar günün sonunda ixtisas seçimi edə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.2020/2021-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.xeber100.com

Sentyabr 5, 2020 7:26