Dövlət İmtahan Mərkəzi: Qabiliyyət imtahanları keçiriləcək

Bu gündən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq üçün qabiliyyət imtahanları keçiriləcək.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, ali təhsil müəssisələrinin 21 xüsusi qabiliyyət tələb edən ixtisasına qəbul üçün qabiliyyət imtahanları mərkəzləşdirilmiş qaydada təşkil olunacaq.İmtahanlar Bakı və Naxçıvan şəhərlərində 8 binada keçiriləcək. Xüsusi qabiliyyət imtahanları təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti və memarlıq istiqamətləri üzrə keçiriləcək.Abituriyentlərin (subbakalavrların) tapşırıqlarını qiymətləndirmək üçün 34 Qabiliyyət İmtahanı Komissiyası (QİK) təşkil ediləcək. QİK-lərə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının üzvləri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq strukturlarının, digər təşkilat, komitə və birliklərin nümayəndələri və DİM-in əməkdaşları daxil edilirlər.Avqustun 24-dən başlayaraq abituriyentlər (subbakalavrlar) bəzi komissiyalar üzrə qabiliyyət imtahanına buraxılış vərəqələrini çap edə bilirlər. Digər komissiyalar üzrə buraxılış vərəqələri avqustun 28-dən başlayaraq Mərkəzin saytına yerləşdiriləcək.Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə xüsusi qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər buraxılış vərəqələrini çap edərkən ixtisaslarına uyğun proqram formalarını da çap etməlidirlər. Abituriyent ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.53-cü komissiyanı (xoreoqrafiya sənəti) seçən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına gələrkən komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağciyərləri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və özləri ilə rəqs paltarı gətirməlidirlər.xeber100.com

Avqust 27, 2020 11:23

Avropa İttifaqının Təlim Mərkəzi qurulacaq

Avropa İttifaqının “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən innovativ təlim mərkəzi” (ITACA) Bakı Ali Neft Məktəbində (BANM) qurulacaq. ITACA qrant layihəsi çərçivəsində tərəfdaş universitetlər arasından bütün meyarlara uyğun gəldiyi üçün təşkilatçılar tərəfindən İnnovativ Təlim Mərkəzinin BANM-də yaradılmasına qərar verilib.Bu barədə Azərtac-a Bakı Ali Neft Məktəbindən məlumat verilib. Bildirilib ki, Təlim Mərkəzi sənaye ilə akademik qurumlar arasındakı əməkdaşlıq vasitəsilə magistraturadan sonra birillik kursların layihəsini hazırlayıb inkişaf etdirəcək.Azərbaycanda mövcud ali təhsil sistemində PhD kurslarından fərqli olan magistraturadan sonrakı dövrü əhatə edən birillik tədris mövcud deyil, halbuki Avropa İttifaqında, xüsusilə ekologiya və ətraf mühit elmləri, mühəndislik sahəsində bu cür təhsilin uğurlu olduğu sübut edilib. Universitetlər və sənaye sahələri arasında körpü rolu oynayan bu yeni təhsil növü tədrisin keyfiyyətinə, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yaranan problemlərin həllinə kömək edə bilər. Mərkəzdə Avropa universitetlərinin təcrübəsinə əsaslanaraq yerli ali təhsil sisteminin modernləşməsinə imkan verən innovativ tədris metodologiyası, ətraf mühitin bərpası və tullantıların idarə olunması sahəsində yeni qabaqcıl texnologiyalar tətbiq ediləcək.Qeyd edilib ki, ITACA layihəsi Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların reabilitasiyası ilə məşğul olan xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, eyni zamanda, bu sahədə analiz aparan və çirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni Təlim Mərkəzinin yaradılmasını nəzərdə tutur.xeber100.com    

Avqust 19, 2020 1:43