Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.DİM-dən Azərtac-a bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi–müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.İlkin məlumatlara əsasən, 4 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, iştirakçılara bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.İyunun 19-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.Doqquzuncu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olunacaq.On birinci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.xeber100.com

İyun 18, 2020 2:01

Dövlət İmtahan Mərkəzinin məlumatına görə…

Dövlət İmtahan Mərkəzində (DİM) iyunun 10-da və 11-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) imtahanın yazı işlərinin yoxlanılması prosesinə hazırlıq işləri görülür.DİM-dən Azərtac-a bildirilib ki, hər iki günün imtahanı üzrə bütün şagirdlərin cavab vərəqləri skan edilərək onların şifrələnmiş elektron faylları hazırlanıb. Bu zaman şagirdlərin cavab vərəqlərinin elektron təsvirlərindən onların bütün şəxsi məlumatları proqram tərəfindən avtomatik silinir. Bununla paralel olaraq imtahanda təqdim edilən yazı işi tapşırıqları üçün ekspertlər tərəfindən ilkin qiymətləndirmə meyarları hazırlanıb. Qarşıdakı dörd gün ərzində qrafikə uyğun olaraq yazı işlərinin elektron təsvirləri hər tapşırıq üzrə kəsilib ayrılacaq, yoxlama prosesi üçün bütün zəruri materiallar elektron bazaya daxil ediləcək, şagirdlərin yerinə yetirməkdən imtina etdikləri (boş saxladıqları) işlər müəyyən olunacaq. Eyni zamanda, kalibrləmə mərhələsi üçün etalon işlərin seçilməsi, qiymətləndirilməsi və ilkin meyarların təkmilləşdirilməsi mərhələləri həyata keçirilərək yoxlama prosesinə hazırlıq mərhələsi yekunlaşdırılacaq. Bundan sonra yazı işlərinin yoxlanılması prosesi onlayn (məsafədən) keçiriləcək və markerlər bu prosesdə öz evlərindən qoşulmaqla iştirak edəcəklər.xeber100.com

İyun 14, 2020 7:11

2019/2020-ci tədris ilinin imtahan sessiyası onlayn formada keçirilib

Bakı Dövlət Universitetində (BDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası onlayn formada keçirilib.BDU-dan Azərtac-a bildirilib ki, universitetdə bakalavriat səviyyəsinin I, II və III kurs tələbələri, I kurs magistrantlar, altqruplarda, həmçinin ləğv olunmuş fənlər üzrə yaradılmış əlavə qruplarda təhsil alan tələbələr və magistrantlar yaz imtahan sessiyasının ilk günündə onlayn qaydada şifahi formada imtahan veriblər.Universitetin rektoru Elçin Babayev onlayn imtahan prosesini izləyərək tələbələrə uğurlar arzulayıb, müəllimlərin obyektiv, şəffaf və ədalətli qiymətləndirmə aparacağına əminliyini ifadə edib. Rektor onlayn imtahanların Azərbaycan təhsili tarixində ilk dəfə keçirildiyini deyib. O, həmçinin imtahanların mövcud qaydalara uyğun həyata keçirilməsi və hər fənn üzrə tərtib olunmuş imtahan suallarının məzmun və əhatəlilik meyarlarının əsas götürülərək müvafiq qaydada azaldıldığını və sadələşdirildiyini vurğulayıb. Rektor mütəmadi olaraq imtahan prosesinə qatılacağını bildirib.Bakalavriat pilləsində təhsil alan 216 qrup üzrə 5072 (259 nəfəri “SABAH” qrupları olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 44 fənn üzrə 269 magistrant imtahan verib. İmtahanların gedişi dekanlar, kafedra müdirləri və prorektorlar tərəfindən izlənilib. Tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.xeber100.com

İyun 9, 2020 12:03

Dövlət İmtahan Mərkəzi sınaq imtahanları keçirib

Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.DİM-dən Azərtac-a bildirilib ki, üç seansda təşkil olunan imtahanlarda, ümumilikdə, 147 nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib. İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib. Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.Qeyd edək ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.Gələcəkdə yenidən keçirilməsi nəzərdə tutulan onlayn sınaq imtahanlarında iştirak etmək üçün istifadəçilər kompüterlərinə “ProctorDİM” proqramını yükləməlidirlər. Proqram təminatını imtahana qeydiyyat zamanı yükləmək mümkün olacaq.Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyat iyunun 4-də DİM-in saytı vasitəsilə aparılıb və iki saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.xeber100.com

İyun 6, 2020 9:04

Dövlət orqanında çalışmaq istəyənlərin nəzərinə!

İyunun 2-də 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan edilib.Dövlət İmtahan Mərkəzindən Azərtac-a bildirilib ki, elana çıxarılan vəzifələrin 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 22-si isə B növünə (inzibati icraçı) aiddir.Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri və Diasporla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təminat şöbəsi, Maliyyə-mühasibat sektoru, şöbə müdirinin müavini-sektor müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Turizm Agentliyi, Ümumi şöbə, İnformasiya texnologiyaları və texniki dəstək sektorunun müdiri, Dövlət Statistika Komitəsinin Saatlı Rayon Statistika İdarəsinin rəisi və Maliyyə Nazirliyinin Zəngilan rayonu üzrə Maliyyə Şöbəsinin rəisi vəzifələridir. Ümumilikdə isə Ali Attestasiya Komissiyasında 1, Diasporla İş üzrə Dövlət Komitəsində 2, Dövlət Statistika Komitəsində 7, Dövlət Turizm Agentliyində 4, Maliyyə Nazirliyində 4, Şirvan Kommersiya Məhkəməsində 1, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 8 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir. Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə iyulun 2-si saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.xeber100.com

İyun 2, 2020 12:52