20 mindən artıq tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı 20 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.Qərar yalnız ali təhsil müəssisələrində təhsil alanları deyil, orta ixtisas və peşə təhsili üzrə əyani təhsil alan tələbələri də əhatə edir. Təkrar ali və orta ixtisas təhsili alan tələbələrə isə şamil edilmir.Bu barədə Azərtac-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qaydalara əsasən, bütövlükdə həssas qrupdan olan tələbələr üçün tam olaraq illik təhsil haqqı xərci dövlət tərəfindən ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.Qeyd edək ki, bu qrupa aid olunan tələbələr təhsil aldıqları müəssisəyə müraciət edərək müvafiq məlumatları təqdim etməlidirlər. Tələbələrin müraciətindən sonra təhsil müəssisələrindəki məsul şəxslər tərəfindən həmin məlumatlar “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil ediləcək. Sonrakı mərhələdə tələbələrin statusu müəyyənləşdiriləcək və təhsil müəssisələrinə tələbələrin təhsil haqlarının ödənişləri həyata keçiriləcək.xeber100.com

Aprel 14, 2020 6:13

Bakı Dövlət Universitetində təhsil onlayn formada həyata keçirilir

Ölkədə koronavirusla (COVID-19) bağlı əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Bakı Dövlət Universitetində (BDU) təhsil onlayn (məsafədən) formada həyata keçirilir.BDU-dan Azərtac-a bildirilib ki, tədrisin məsafədən təşkilinin məqsədi yaranmış fasilə zamanı tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsinə şəraitin yaradılması, bu müddət ərzində onların vaxtlarının səmərəli təşkil olunmasıdır.Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib. BDU-da həmin gündən başlayaraq onlayn tədris prosesinin təşkili, müəllim və tələbə heyətinin “Microsoft Teams” platformasına inteqrasiyası təmin edilib. Universitetin bu platformaya daxil edilən 20 mindən çox istifadəçi hesabı, 1500-dən artıq qrup və qrup birləşməsi yaradılıb. Dərslər martın 31-dək “Zoom” platforması və videodərslər vasitəsi ilə tənzimlənib. Mart 29-31-də “Microsoft Teams” platformasında sınaq dərslər keçiriləndən sonra, aprelin 1-dən başlayaraq tədris aktiv dərslərlə davam etdirilir.Vurğulanıb ki, hazırda BDU-da dərs prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə uğurla həyata keçirilməkdədir. BDU-nun 15 mindən çox aktiv istifadəçisinin yararlandığı platformada bu günədək 8 minə yaxın dərs keçirilib. Gündəlik dərslərin sayı orta hesabla min, istifadəçilərin sayı isə 10 mindir. Platforma BDU tələbələrinin 80 faizini əhatə edir.xeber100.com  

Aprel 10, 2020 7:19

Milli Elmlər Akademiyası distant tədris təşkil edəcək

Azərbaycan ərazisində yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasında tədris prosesi müvəqqəti olaraq dayandırılıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb.Akademiyadan Azərtac-a bildirilib ki, sərəncama əsasən AMEA-nın magistraturasında təhsil alan tələbələr üçün distant (məsafədən) təhsilin təşkil edilməsi nəzərdə tutulub. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyətinə öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında həyata keçirmələri tövsiyə olunub. Həmçinin magistrantların distant tədris zamanı müvafiq fənlərin öyrənilməsində əldə etdikləri bilik və bacarıqlarının qiymətləndirilməsi, sərbəst işlər və kollokviumların onlayn rejimdə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.Sərəncamın icrasına nəzarət AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova həvalə edilib.xeber100.com

Mart 30, 2020 6:50